Məktəb direktoru həftədə neçə saat dərs deyə bilər? – AÇIQLAMA

10 İyul, 2026 - 10:03
Məktəb direktoru həftədə neçə saat dərs deyə bilər?

Ümumtəhsil müəssisələrinin direktorları idarəetmə fəaliyyəti ilə yanaşı, dərs aparmaq hüququna da malikdirlər. Bəs onların maksimum dərs yükü neçə saat ola bilər və bölgü zamanı onlara dərs saatının ayrılması hansı prinsiplərlə həyata keçirilir?

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən "Azərbaycan müəllimi"nin sorğusuna cavab olaraq bildirilib ki, Təhsil Nazirliyinin 26 yanvar 1999-cu il tarixli 59 nömrəli əmri ilə təsdiq edilmiş “Təhsil, təlim-tərbiyə müəssisələrinin rəhbər, inzibati-təsərrüfat, tədris-köməkçi və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında Normalar”ın 3-cü bəndinə əsasən, bütün tipdən olan ümumtəhsil məktəblərinin (internat məktəbləri daxil olmaqla), liseylərin, gimnaziyaların, peşə məktəbləri və peşə liseylərinin direktorları və onların müavinləri əsas iş üzrə tam vəzifə maaşı almaqla yanaşı, işlədikləri təhsil müəssisəsində ixtisaslarına uyğun olaraq dərs ilinin əvvəlində tarifləşmə siyahısına salınmaqla həftədə 12 saata (ildə 480 saata) qədər dərs apara bilərlər.

Agentliyin açıqlamasında qeyd olunub ki, müvafiq ixtisas fənni üzrə müəllim çatışmadıqda və ya digər zəruri ehtiyac yarandıqda təhsil müəssisəsinin tabe olduğu yuxarı təşkilatın razılığı əsasında əməkhaqqı saathesabı ödənilməklə həftədə daha 6 saata (tədris ili ərzində 240 saata) qədər dərs aparılması mümkündür.

Dərs bölgüsünün aparılması qaydalarına da aydınlıq gətirilib. Bildirilib ki, bir qayda olaraq, dərs bölgüsü müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi nəticələri nəzərə alınmaqla məktəbin Pedaqoji Şurasının müvafiq qərarı ilə tənzimlənir.
Həmçinin Nazirlər Kabinetinin təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında qərarına əsasən, bütün tipdən olan ümumtəhsil məktəblərində, gimnaziya və liseylərdə, eləcə də peşə təhsili müəssisələrində müəllimlərin bir stavka dərs yükü həftədə 18 saat müəyyən edilib. Bu zaman müəllimin həftəlik dərs yükü iki stavkanı aşmamalıdır.

Qeyd olunub ki, məktəb rəhbərliyinə dərs yükü yalnız müəllimlər müvafiq dərs yükü ilə təmin edildikdən sonra verilə bilər.