“Müəllimlik yalnız dərs keçmək deyil, insan yetişdirməkdir” - Region müəllimi

16 Mart, 2026 - 13:30
“Müəllimlik yalnız dərs keçmək deyil, insan yetişdirməkdir”

Ucqar dağ kəndində başlayan bir müəllim yolu bu gün region gənclərinin taleyində mühüm dönüş nöqtələrinə çevrilir. Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Astara rayon Pəlikəş kənd tam orta məktəbinin fiziki tərbiyə müəllimi, eyni zamanda Astara şəhər 5 nömrəli tam orta məktəbdə peşə təmayüllü siniflərin qrup rəhbəri olan Nahid Cəfərov belə nümunəvi müəllimlərdəndir. 

“Azərbaycan müəllimi” region məktəblərində həm fiziki tərbiyə sahəsində, həm də peşə təmayüllü təhsilin inkişafında nümunəvi fəaliyyəti ilə seçilən Nahid müəllimi oxuculara təqdim edir.

2018-ci ildən fiziki tərbiyə müəllimi kimi fəaliyyətə başlayan Nahid müəllim şagirdlərlə işlədikcə bir həqiqəti daha aydın görür: məktəb yalnız fiziki və ya nəzəri bilik verməklə kifayətlənməməlidir. 2020-ci ildə Elm və Təhsil Nazirliyinin dəstəyi ilə fəaliyyətə başlayan “Peşə təmayüllü siniflər” layihəsinə qoşulması da məhz bu düşüncədən qaynaqlanır.

Onun sözlərinə görə, müəllimin missiyası təkcə dərs keçmək deyil, şagirdin bacarığını üzə çıxarmaq, onu doğru istiqamətə yönləndirməkdir. Bu gün o, həm idman meydançasında sağlam həyat tərzini aşılayır, həm də sinif otağında gələcək peşə seçimlərinə işıq tutur. 

“Peşə təmayüllü siniflər region gəncləri üçün böyük bir fürsətdir”

Beş ildir peşə təmayüllü siniflərdə çalışan müəllim hesab edir ki, bu model xüsusilə region məktəbləri üçün həyati əhəmiyyət daşıyır. Çünki ucqar ərazilərdə peşə seçimi ilə bağlı məlumat və istiqamət imkanları məhdud olur. Peşə təmayüllü siniflər isə bu boşluğu dolduraraq şagirdlərin maraq və bacarıqlarını erkən mərhələdə üzə çıxarır. Onun müşahidələrinə görə, bu model yalnız praktiki bacarıq qazandırmır, eyni zamanda gənclərdə özünəinam və məsuliyyət hissini gücləndirir: “Bu model onları əmək bazarının tələblərinə uyğun hazırlayır və gələcək karyera seçimində daha şüurlu qərar vermələrinə şərait yaradır. Eyni zamanda, cəmiyyətə daha faydalı fərd kimi yetişmələrinə ciddi təsir göstərir. Hesab edirəm ki, peşə təmayüllü siniflər region gəncləri üçün böyük bir fürsətdir və bu model onların gələcək həyatına daha hazırlıqlı və məqsədyönlü şəkildə başlamasında mühüm rol oynayır”.

“İnsan sevdiyi işlə məşğul olduqda həm daha uğurlu, həm də daha xoşbəxt olur”

Şagirdlərin peşə seçimi zamanı ən çox qarşılaşdığı problem isə özünü tanımamaqdır. Nahid müəllim deyir ki, bir çox yeniyetmə hansı sahəyə meyilli olduğunu dəqiq müəyyənləşdirə bilmir: “Bu da seçim prosesini çətinləşdirir. Şagirdlərin gələcək peşə seçimi zamanı ən çox rast gəlinən tərəddüdlərdən biri onların öz bacarıq və maraqlarını tam tanımamaları ilə bağlı olur. Digər mühüm amil isə cəmiyyət və ətraf mühitin təsiridir. Bəzən şagirdlər öz istəklərindən çox valideynlərin və ya ətrafdakı insanların yönləndirməsi ilə qərar verməyə çalışır, bu isə gələcəkdə peşə məmnuniyyətsizliyinə səbəb ola bilər. Eyni zamanda, əmək bazarı haqqında məlumatın az olması da tərəddüdləri artıran səbəblərdəndir. Bu kimi hallarda əsas məqsədimiz şagirdlərin öz potensialını düzgün tanımasına kömək etmək, müxtəlif peşələr barədə real məlumat vermək və onları maraq, bacarıq və imkanlarını nəzərə alaraq daha şüurlu seçim etməyə istiqamətləndirməkdir”.

Bu səbəbdən o, ilk növbədə, şagirdlərə özlərini tanımağı, güclü tərəflərini kəşf etməyi və potensiallarına inanmağı öyrədir: “Şagirdlərə “öz yolunu tapmaq” üçün, ilk növbədə, onlara özlərini tanımağın vacibliyini aşılayıram. Düşünürəm ki, insan hansı sahəyə maraqlı, hansı bacarıqlara sahib olduğunu və nəyə meyil göstərdiyini dərk etmədən düzgün seçim edə bilməz. Buna görə də şagirdləri öz güclü tərəflərini kəşf etməyə, özlərinə inanmağa və potensiallarını inkişaf etdirməyə təşviq edirəm. Digər mühüm prinsip məqsədli və məsuliyyətli olmaqdır. Şagirdlərə izah edirəm ki, uğur təsadüfi deyil; planlı şəkildə çalışmaq, səbirli olmaq və çətinliklər qarşısında geri çəkilməmək lazımdır. Eyni zamanda, daim öyrənməyin və öz üzərində işləməyin vacibliyini vurğulayıram. Həmçinin onlara öyrədirəm ki, peşə seçərkən yalnız maddi tərəfi deyil, maraq, bacarıq və cəmiyyətə faydalı olmaq kimi dəyərləri də nəzərə alsınlar. Çünki insan sevdiyi işlə məşğul olduqda həm daha uğurlu, həm də daha xoşbəxt olur”.

Karyera məsləhəti üzrə beynəlxalq sertifikatlı usta təlimçi statusu Nahid Cəfərovun fəaliyyətinə yeni nəfəs gətirib. Artıq o, şagirdlərin maraq və bacarıqlarını xüsusi qiymətləndirmə üsulları ilə daha dəqiq müəyyənləşdirə bilir. Bununla yanaşı, valideyn və müəllimlərlə də maarifləndirici görüşlər keçirərək karyera planlaşdırmasını daha sistemli şəkildə təşkil edir. Bu yanaşmanın nəticəsi də göz önündədir. Onun rəhbərliyi ilə hazırlanan məzunlardan təxminən 50 nəfər ali və orta ixtisas təhsili müəssisələrinə, eləcə də peşə məktəblərinə qəbul olub. Bir neçəsi isə artıq özünəməşğulluq proqramı çərçivəsində sahibkarlıq fəaliyyəti göstərir.

“Bir otaq - min ümid”

Nahid müəllimin təşəbbüslərindən biri olan “Bir otaq - min ümid” sosial layihəsi də peşə təmayüllü təhsilin praktik nəticəsini göstərən nümunələrdəndir. Lənkəran-Astara Regional Təhsil İdarəsinin təşəbbüsü ilə Astara şəhər 2 nömrəli körpələr evi–uşaq bağçasında həyata keçirilən layihə çərçivəsində bir otaq şagirdlərin əməyi ilə tam yenilənib. Nahid müəllim vurğulayır ki, bu təşəbbüs həm şagirdlərin peşə bacarıqlarını inkişaf etdirib, həm də onlarda sosial məsuliyyət hissini gücləndirib: “Layihə çərçivəsində bağçadakı bir otaq tam təmir edilərək, müasir standartlara cavab verən, təhlükəsiz və komfortlu təhsil mühitinə çevrilib. Otağın döşəmə örtüyü, pərdələr, masa və oturacaqlar kimi bütün avadanlıqlar peşə təmayüllü siniflərdə oxuyan şagirdlərimizin əməyilə yenilənib. Bu layihənin əsas məqsədi həm şagirdlərimizin peşə bacarıqlarını inkişaf etdirmək, həm də onların sosial məsuliyyət hissini gücləndirmək idi. Eyni zamanda, uşaqlara daha yaxşı və müasir təhsil mühiti təqdim etməklə onlara dəstək olmaq da əsas prioritetimiz idi. Şagirdlərimiz bu layihə çərçivəsində, yalnız öyrənməyib, həm də cəmiyyət üçün faydalı iş görməyin sevincini yaşayıblar”.

“Valideynlərin peşə seçimi məsələsində rolu çox böyükdür”

Nahid Cəfərov valideyn faktorunu da xüsusi vurğulayır. Onun fikrincə, ailə uşağın ilk istiqamətvericisidir: “Valideynlərin peşə seçimi məsələsində rolu çox böyükdür, çünki uşaqların ilk baxışları, dəyərləri və motivasiyası ailədən formalaşır. Lakin burada balans vacibdir - valideynlər şagirdləri yalnız öz arzularına uyğun yönləndirmək əvəzinə, onların maraqlarını, bacarıqlarını və potensialını nəzərə almalıdırlar. Mən çalışıram ki, həm valideynlərlə, həm də şagirdlərlə əməkdaşlıq edərək, peşə seçiminin doğru və şagirdin özünə uyğun olması üçün maarifləndirici söhbətlər aparım. Belə yanaşma şagirdin həm motivasiyasını artırır, həm də gələcəkdə uğurlu və xoşbəxt peşə həyatına sahib olmasına şərait yaradır”.

“Müəllimlik mənim üçün həm peşə, həm də missiyadır”

Nahid müəllimin baxışında müəllimlik yalnız dərs keçmək deyil, insan yetişdirməkdir: “Müəllimlik mənim üçün həm peşə, həm də missiyadır. Peşə tərəfi onu göstərir ki, bu sahədə bilik və bacarıqlarımı sistemli şəkildə tətbiq edir, şagirdləri dərs və peşə bacarıqları ilə təmin edirəm. Eyni zamanda, müəllimlik mənim üçün missiyadır, çünki hər bir şagirdin gələcəyinə birbaşa təsir göstərə bilirəm. Onların inkişafına, bacarıqlarının üzə çıxarılmasına və həyat yolunu düzgün müəyyən etməsinə dəstək olmaq mənim üçün ən böyük məsuliyyət və eyni zamanda qürur mənbəyidir”.

Ucqar kənd məktəbindən başlayan bu yol bu gün onlarla gəncin həyat istiqamətinə çevrilib. Sağlam bədənlə yanaşı sağlam düşüncə və doğru seçim mədəniyyəti formalaşdırmaq - Nahid müəllimin pedaqoji fəlsəfəsinin əsas xətti də məhz budur. 
Nahid müəllimə və şagirdlərinə uğurlar arzulayırıq!