Məktəbə hazırlıq neçəyə başa gəlir? – Builki mənzərə -REPORTAJ
Məktəblərin açılmasına sayılı günlər qaldıqca valideynlər də məktəb hazırlığını bitirməyə çalışırlar. Paytaxtın müxtəlif satış məntəqələrində məktəbli forması və ləvazimatları almaq üçün hərəkətlilik son günlərdə daha da canlanıb.
İlk növbədə məktəb çantasına, dəftərlərə və digər ləvazimatlara maraq gözə çapır. Rəflər qarşısında valideynlərlə yanaşı, uşaqların da seçim etdiyi görünür. Rəngli dəftərlər, qələmlər, karandaşlar, pozanlar və müxtəlif məktəb aksesuarları uşaqların diqqətini çəkir. Valideynlər isə övladlarının istəkləri ilə ailə büdcəsini uzlaşdırmağa çalışırlar. Bəzi ailələr daha münasib qiymətli məhsullara üstünlük verir, digərləri isə keyfiyyətli və uzun müddət istifadə edilə bilən ləvazimat axtarırlar.
Alış-veriş zamanı qiymətlərin müqayisəsi də əsas məsələlərdən biridir. Eyni məhsulun müxtəlif satış nöqtələrində fərqli qiymətlərə təklif olunması valideynləri seçim qarşısında qoyur. Məktəbli formasında da oxşar mənzərə müşahidə olunur: valideynlər həm qiymətə, həm parçanın keyfiyyətinə, həm də ölçünün uyğunluğuna diqqət yetirirlər.
Satış məntəqələrində də məktəb mövsümü yaxınlaşdıqca tələbatın daha çox artdığı bildirilir.
Forma, çanta və dəftərxana ləvazimatlarının birlikdə alınması ailə büdcəsində nəzərəçarpacaq xərc yarada bilir.
Bəs bu il qiymətlər vətəndaşların gözləntiləri ilə nə dərəcədə uyğun gəlir?
Alıcı Gəray Kazımov “Azərbaycan müəllimi”nə bildirib ki, ötən il və bu il arasında qiymətlərdə fərq çoxdur:
“Həmçinin endirimlər də qiymətlərin azalmasında rol oynayır. Formalarla hələ maraqlanmamışıq, amma məktəb ləvazimatları ilə bağlı qiymətlər çox yaxşıdır. Keçən il 120-130 manat məktəbli ləvazimatlarına xərcimiz çıxmışdı. Bu il isə ümumi olaraq 70 manat xərcimiz oldu”.
Mağaza müdiri Gündüz Sadiqov isə qeyd edib ki, bazarda hazırda hər büdcəyə uyğun məktəbli ləvazimatları əldə etmək mümkündür:
“Məsələn, A5 ölçülü 40 vərəqli dəftərlər 30, 60 vərəqlilər 45 qəpiyə, 100 vərəqlilər 70 qəpiyə təklif olunur. Bunlar bir markanın qiymətləridir. Başqa markalarda da qiymətlər dəyişir. Məsələn, digər markanın 12 vərəqli dəftərləri 10 qəpiyə, birinci siniflər üçün olan 12 vərəqli dəftərlər 20 qəpiyə, 24 vərəqli dəftərlər 35 qəpiyə, 48 vərəqli dəftərlər 55 qəpiyə, 60 vərəqlilər 75 qəpiyə, 96 vərəqlilər 95 qəpiyə təklif olunur. Bu il dəftər qiymətlərində edilən endirimlər də qiymətlərin daha sərfəli olmasına təsir edir. Həmçinin çantalar və digər məhsullarda da qiymət azalması müşahidə olunur. Bu qiymətlərlə bir şagirdin məktəbli ləvazimatları ilə tam təmin edilməsi 45-50 manata başa gələ bilər. Bu gün 10, 20, hətta 5 qəpiyə də pozan var. Burada əsas mövzu valideynin hansını seçməsidir. Bu gün 1 manata da rəngli karandaş dəstləri mövcuddur. Bu il qiymətlərdə o qədər endirim olub ki! Keçən il 13 manat olan məhsul bu il 8 manatdan belə aşağı təklif olunur. Bu gün ən yaxşı yazan qələmlərimiz 20-30 qəpiyə satılır. Xaricdən gələn qələmlər isə təbii ki, daha baha qiymətədir”.
Satıcı Sərhad Rüstəmov bildirib ki, builki və keçənilki qiymətlər arasında 20-70% fərq var:
“Ən çox tələbat olan məhsullarımız əsasən orta qiymətə olanlardır. Vətəndaşlar büdcələrinə uyğun olaraq ən keyfiyyətli məhsulları əldə etməyə çalışırlar. Aşağı sinif valideynləri sadə çantalarla birlikdə təkərli çantalara da maraq göstərirlər. Bu çantaları alan zaman əsasən davamlılığı ilə bağlı suallar yaranır, amma şagirdlər onları ən az bir neçə il rahatlıqla istifadə edə bilərlər”.
Bəs məktəbli formaları ilə bağlı vəziyyət necədir?
Mağazalara daxil olan valideynlər əvvəlcə məktəbli formalarının qiymətləri ilə maraqlanır, daha sonra ölçülərə və modellərə baxırlar. Bəziləri övladının üzərində formanı yoxlayaraq uyğun ölçünü seçir, bəziləri isə qiymətləri müqayisə etdikdən sonra qərar verir. Bir neçə uşağı olan valideynlər üçün isə alış-veriş siyahısı daha uzun olur.
Alıcı Əli Seyfulla keçənilki qiymətlərlə münasibətdə bu il qiymətlərin daha münasib olduğunu deyir:
“Həm keyfiyyət, həm də qiymət baxımından məhsullar bizi daha çox qane edir. Həmçinin bütün məktəbli forma dəstini aldıqda edilən xüsusi endirimləri də müsbət qarşılayıram”.
Mağaza müdiri Yusif Babayev isə qeyd edib ki, bu il də keçən il olduğu kimi vətəndaşların məktəbli formalarına marağı müşahidə olunur:
“Keçən il və bu il arasında qiymətlərdə azalma müşahidə olunur. Alıcıların marağı ilə bağlı onu deyə bilərəm ki, keçən il alıcılar avqust ayında daha çox aktivlik göstərirdilər. Bu il də eyni aktivlik müşahidə olunur, amma keçən ilə nisbətən valideynlər forma almağa daha gec başlayıblar. Bunlar xaricində bu il və keçən il arasında böyük dəyişiklik nəzərə çarpmır”.




