Məktəbəqədər təhsildə valideyn-dövlət-özəl tərəfdaşlığı nə vəd edir?
Uşaqların erkən inkişafı üçün ən vacib elementlərdən biri olan məktəbəqədər təhsil minlərlə ailənin gündəlik həyatı, iş rejimi və büdcəsi üçün həlledici məsələyə çevrilib. Dövlət bağçalarındakı növbələr və özəl müəssisələrin təklif etdiyi qiymətlər arasında seçim etmək məcburiyyəti uşağın təhsilə daha tez qoşulmasının qarşısında ən böyük maneələrdən biri idi. Lakin Nazirlər Kabinetinin 17 iyul 2026-cı il tarixli 218 nömrəli Qərarı ilə təsdiqlənən “Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi Qaydaları” bu mənzərəni kökündən dəyişməyə iddialıdır.
Yeni model çərçivəsində dövlətin özəl bağçaların xidmət haqqının 70 faizə qədərini qarşılaması ailə büdcəsinə qənaət edilməsinə, bağçalar arasında sağlam rəqabətin yaranmasına, ən əsası, daha çox uşağın keyfiyyətli təhsilə əlçatanlığının təmin olunmasına gətirib çıxaracaq.
Bəs valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan yeni maliyyələşmə modeli praktikada necə işləyəcək və məktəbəqədər təhsilin mənzərəsini necə dəyişəcək?
“Valideyn maddi vəziyyətinin imkanları xaricində olan özəl məktəbəqədər təhsil müəssisələrini də seçə biləcək”
Təhsil İnstitutunun (ARTİ) böyük elmi məsləhətçisi dosent Laləzar Cəfərova “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, yeni maliyyələşmə modeli son illərdə ölkəmizdə məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi, təhsil xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və idarəetmənin təkmilləşdirilməsi istiqamətində aparılan ardıcıl tədbirlərin məntiqi davamıdır: “Bu model dövlət, valideyn və özəl sektor arasında tərəfdaşlığı gücləndirməklə məktəbəqədər təhsilin əlçatanlığının təmin edilməsi və çevik təşkilinə imkan yaradır. Ən mühüm cəhətlərdən biri isə odur ki, dövlət dəstəyi uşağın təhsil hüququnun təmin edilməsinə yönəlir.
Bu modelin ən mühüm üstünlüyü valideynlər üçün məktəbəqədər təhsil müəssisəsələrinin seçim imkanlarının genişlənməsidir. Valideyn yalnız dövlət bağçaları ilə məhdudlaşmayacaq, müəyyən edilmiş tələblərə cavab verən maddi vəziyyətinin imkanları xaricində olan özəl məktəbəqədər təhsil müəssisələrini də seçə biləcək.
Digər mühüm üstünlük rəqabət mühitinin formalaşmasıdır. Rəqabət istər-istəməz xidmət keyfiyyətinin yüksəlməsinə, yeni proqramların tətbiqinə və uşaqlar üçün daha əlverişli inkişaf mühitinin yaradılmasına şərait yaradır”.
Mütəxəssis yeni modelin beynəlxalq təcrübədə də geniş yer aldığına diqqəti çəkərək qeyd edib ki, bu yanaşma xarici ədəbiyyatda “maliyyə uşağı izləyir” prinsipi kimi tanınır: “Valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modeli beynəlxalq təcrübəyə tamamilə uyğundur. OECD, UNESCO və Avropa İttifaqı ölkələrinin təcrübəsi göstərir ki, erkən uşaqlıq təhsilində dövlət və özəl sektorun əməkdaşlığı təhsilin əhatəliliyinin artırılmasının ən səmərəli yollarından biridir. Bir çox ölkələrdə dövlət uşağın təhsilini maliyyələşdirir, valideyn isə akkreditə olunmuş təhsil müəssisəsini sərbəst seçə bilir”.
L.Cəfərovanın sözlərinə görə, maliyyələşmə mexanizminin dəyişməsi keyfiyyət üçün əlverişli şərait yaradır, lakin keyfiyyət yalnız maliyyə hesabına təmin olunmur. Burada üç əsas istiqamət xüsusi əhəmiyyət daşıyır: “Tərbiyəçi-müəllimlərin peşəkar inkişafı, müasir kurikulumun keyfiyyətli tətbiqi, davamlı monitorinq və qiymətləndirmə sistemi maliyyələşmə modeli ilə paralel inkişaf etdirilərsə, məktəbəqədər təhsildə keyfiyyət baxımından ciddi irəliləyiş əldə etmək mümkündür.
Hazırda bir çox ölkələrdə olduğu kimi, əsas problemlərdən biri məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsidir. Dövlət təkbaşına bütün ehtiyacı qarşılaya bilmədiyi hallarda özəl sektorun potensialından istifadə edilir. Azərbaycan üçün də bu model xüsusilə böyük şəhərlərdə və yeni yaşayış massivlərində, həmçinin regionlarda əlavə yerlərin yaradılmasına, uşaqların məktəbəqədər təhsilə daha erkən cəlb edilməsinə müsbət təsir göstərə bilər”.
“Bu model özəl sektorun inkişafını stimullaşdıracaq”
Təbii ki, bu prosesdə diqqət yetirilməsi ən vacib olan məsələ layihəyə qoşulmaq istəyən özəl məktəbəqədər təhsil müəssisələrinin keyfiyyəti məsələsidir. Layihəyə yalnız müəyyən tələbləri ödəyən müəssisələr qoşula biləcəyi üçün yeni model özəl sektora yeni imkanlarla yanaşı, məsuliyyətlər də yaradacaq. L.Cəfərova bu mövzuya toxunaraq qeyd edib ki, özəl müəssisələr dövlət tərəfindən müəyyən edilmiş keyfiyyət standartlarına riayət etməyə daha çox maraq göstərəcəklər: “Bu model özəl sektorun inkişafını stimullaşdıracaq. Dövlət sifarişlərinin formalaşması özəl bağçaların maliyyə dayanıqlığını artıracaq, yeni investisiyaları təşviq edəcək və regionlarda da yeni məktəbəqədər təhsil müəssisələrinin yaradılmasına marağı gücləndirəcək.
Bununla yanaşı, yeni maliyyələşmə modeli özəl məktəbəqədər təhsil müəssisələrin fəaliyyətinə keyfiyyət baxımından daha yüksək tələblər irəli sürür. Hesab edirəm ki, dövlət sifarişini icra etmək istəyən özəl müəssisələr, ilk növbədə, öz fəaliyyətlərini milli təhsil standartlarına və müasir pedaqoji yanaşmalara uyğun qurmalıdırlar. Əvvəla, təhsilin keyfiyyəti əsas meyar olmalıdır. İkinci mühüm istiqamət peşəkar insan resurslarıdır. Özəl müəssisələr yalnız müvafiq ixtisasa malik tərbiyəçi-müəllimlərlə işləməklə kifayətlənməməli, onların davamlı peşəkar inkişafını, yeni pedaqoji texnologiyalar və rəqəmsal bacarıqlar üzrə təlimlərini dəstəkləməlidir. Bundan əlavə, təhlükəsiz və sağlam təhsil mühiti, sanitar-gigiyenik normalara əməl olunması, uşaqların sağlamlığının və təhlükəsizliyinin qorunması, qidalanma və psixoloji rifah məsələləri də dövlət sifarişinin icrasında mühüm qiymətləndirmə meyarları sırasında olmalıdır.
Hesab edirəm ki, yeni model özəl sektor üçün mühüm inkişaf imkanları açır. Dövlət sifarişinin icrasında iştirak etməklə özəl müəssisələr daha sabit maliyyə imkanları əldə edə, fəaliyyətlərini genişləndirə, yeni filiallar yarada və daha çox ailəni keyfiyyətli məktəbəqədər təhsil xidmətləri ilə əhatə edə bilərlər. Eyni zamanda bu model sağlam rəqabət mühiti formalaşdıracaq ki, bu da xidmət keyfiyyətinin yüksəlməsinə müsbət təsir göstərəcək. Lakin bu imkanlarla yanaşı, məsuliyyət də artır. Dövlət dəstəyi alan hər bir özəl müəssisə ictimai etimadı doğrultmalı, maliyyə və idarəetmədə şəffaflığı təmin etməli, keyfiyyət standartlarına ciddi əməl etməli və fəaliyyətinə görə mütəmadi monitorinq və qiymətləndirməyə açıq olmalıdır”.
“Bu tərəfdaşlıq məktəbəqədər təhsilin əhatə dairəsinin genişlənməsinə xidmət edəcək”
Mütəxəssis açıqlamasında qeyd edib ki, uzunmüddətli perspektivdə bu model təhsil sistemində bir sıra mühüm keyfiyyət dəyişikliklərinə səbəb ola bilər: “İlk növbədə, bu tərəfdaşlıq məktəbəqədər təhsilin əhatə dairəsinin genişlənməsinə xidmət edəcək. Dövlət və özəl sektorun imkanlarının birləşdirilməsi daha çox uşağın keyfiyyətli məktəbəqədər təhsilə cəlb olunmasına şərait yaradacaq. Xüsusilə dövlət bağçalarına tələbatın yüksək olduğu ərazilərdə özəl müəssisələrin prosesə cəlb edilməsi mövcud ehtiyacın daha çevik qarşılanmasına imkan verəcək.
İkinci mühüm dəyişiklik təhsilin keyfiyyətinə yönəlmiş sağlam rəqabət mühitinin formalaşması olacaq. Dövlət sifarişini icra edən müəssisələr keyfiyyət göstəriciləri, pedaqoji nəticələr və valideyn məmnunluğu baxımından öz fəaliyyətlərini davamlı təkmilləşdirməyə çalışacaqlar”.
Laləzar Cəfərova sonda qeyd edib ki, məktəbəqədər təhsil dövlətin təkbaşına və ya özəl sektorun ayrıca həll edə biləcəyi sahə deyil, bu sahənin uğuru tərəfdaşlıq mədəniyyətindən asılıdır: “Dövlət strateji istiqaməti müəyyənləşdirir, özəl sektor çeviklik və innovasiya gətirir, valideyn isə bu prosesin fəal iştirakçısına çevrilir. Bu üç tərəfin səmərəli əməkdaşlığı nəticəsində qazanan isə hər zaman uşaq olur”, – deyə o bildirib.




