Məktəbin qaydalarına əməl etmək dini inkar etmək deyil – Alim 

10 Oktyabr, 2026 - 22:07
Məktəbin qaydalarına əməl etmək dini inkar etmək deyil – Alim 

"Məktəbin özünün müəyyən edilmiş geyim qaydası var və məktəbdə oxuyan hər bir şagird, çalışan hər bir müəllim bu qaydalara əməl etməlidir".

Bunu "Azərbaycan müəllimi"nə AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev bildirib. 

Onun sözlərinə görə, tətbiq edilən bu qaydalar dinə qarşı münasibət deyil, təhsil müəssisəsinin daxili intizam tələbidir:

"Məktəbin geyim qaydalarına əməl etmək dini inkar etmək deyil. Məktəbdən kənarda dini geyimlərdən istifadə sərbəstdir. Qaydaları təhrif edib məsələni dini qarşıdurmaya çevirmək düzgün deyil".

Müsahibimiz qeyd edib ki, son günlər bu məsələni məqsədli şəkildə başqa istiqamətə yönəldərək insanları yanlış məlumatlandırmağa çalışanlar var:

"Halbuki məsələ çox sadədir: məktəbin vahid geyim qaydası var və həmin qayda şagirdlərə də, müəllimlərə də aiddir. Məktəb şəxsi dini geyim seçimlərinin nümayiş etdirildiyi yer deyil, təhsil müəssisəsidir və burada müəyyən edilmiş qaydalara hər kəs əməl etməlidir".