Məktəblər üçün PISA tədqiqatı başa çatıb

12 Fevral, 2026 - 11:53
Məktəblər üçün PISA tədqiqatı başa çatıb

Azərbaycanda 15 yaşlı şagirdlərin bilik və bacarıqlarını qiymətləndirən Məktəblər üçün PISA (PISA for Schools) tədqiqatı başa çatıb.

"Azərbaycan müəllimi" xəbər verir ki, qiymətləndirmə 8 dekabr 2025 – 8 fevral 2026-cı il tarixlərində keçirilib. Tədqiqat ölkənin 14 iqtisadi regionunu əhatə etməklə 200 məktəbdə təşkil olunub, 9000-dən çox 15 yaşlı şagird iştirak edib.

Qiymətləndirmə çərçivəsində şagirdlərin oxu, riyaziyyat və təbiət elmləri üzrə bilik və bacarıqları ölçülüb. Bununla yanaşı, əldə olunan biliklərin real həyat situasiyalarında tətbiqetmə bacarıqları da qiymətləndirilib. Tədqiqat kompüter əsaslı formatda həyata keçirilib.

Qeyd edək ki, Məktəblər üçün PISA İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən reallaşdırılır. Azərbaycanda tədqiqat Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən icra olunur.