“Məktəblərdə Konstitusiya və Suverenlik ayı” layihəsi yekunlaşıb
Noyabrın 28-də Bakı şəhəri 23 nömrəli tam orta məktəbdə Elm və Təhsil Nazirliyinin təşəbbüsü, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “Məktəblərdə Konstitusiya və Suverenlik ayı” layihəsinin yekun tədbiri keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, layihənin keçirilməsində məqsəd postmüharibə dövründə formalaşan yeni milli ideoloji prioritetlərin, milli dəyərlərin və vətəndaşlıq şüurunun şagirdlər arasında təbliği, onların hüquqi biliklərinin artırılması və dövlətçilik tariximizə dair anlayışlarının dərinləşdirilməsi olub.
Tədbirdə məktəblilərin ifasında mahnılar səsləndirilib, rəqslər nümayiş etdirilib, gənclərin milli vətənpərvərlik ruhunun yüksəldilməsinə həsr olunan ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.
Qeyd edək ki, “Məktəblərdə Konstitusiya və Suverenlik ayı” çərçivəsində respublikada fəaliyyət göstərən ümumi təhsil müəssisələrində dəyirmi masalar, debatlar, məqalə və kitablarla tanışlıq, sinif təşkilat saatları, seminar və müsabiqələr təşkil edilib, maairfləndirici stendlər, videoçarxlar nümayiş olunub.



