Məktəblərdə yeni fənnin keçirilməsi təklif edilir
Müasir təhsil sistemi artıq şagirdlərə yalnız ayrı-ayrı fənlər üzrə bilik verməklə kifayətlənmir. Dünyada getdikcə daha geniş tətbiq olunan fənlərarası inteqrasiya yanaşması müxtəlif sahələr üzrə biliklərin əlaqələndirilməsi, tənqidi düşüncə, problem həll etmə və yaradıcı bacarıqların inkişafına xidmət edir. Bəs Azərbaycan təhsil sistemində fənlərin bir-biri ilə inteqrasiyası tətbiq olunurmu və bu yanaşma tədrisin keyfiyyətinə necə təsir göstərə bilər?
Mövzu ilə bağlı "Azərbaycan müəllimi"nə danışan təhsil mütəxəssisi Yalçın İslamzadə qeyd edib ki, Jan Piajenin koqnitiv inkişaf nəzəriyyəsinə görə, 12 yaşdan etibarən şagirdlərdə mücərrəd/abstrakt anlayışlarla düşünmə potensialı formalaşır:
"Onlar konkret əməli mərhələdən formal əməli mərhələyə keçməyə hazır hala gəlirlər. Qeyd edək ki, burada “əməl” sözü ilə zehni proseslər, mühakimə imkanları nəzərdə tutulur. Lev Vıqotski isə mühit faktorunu əlavə edir, inkişafın sadəcə bioloji məsələ olmadığını, sosial mühit və mədəniyyət vasitəsiylə dəstəklənməli olduğunu bildirir. Sosial mühit fərd ilə dil, yəni yazı və mətn vasitəsiylə ünsiyyət qurur. Oxuyub-anlama sahəsində aparılan araşdırmalar göstərir ki, fərdin dünyanı və özünü dərindən dərk etməsi üçün bir çox “nadir”, yəni gündəlik danışıqda istifadə olunmayan anlayışların mənasını bilməsi şərtdir. Müqayisə etsək, böyüklərə xitab edən proqramlarda istifadə olunan “nadir” anlayışlar orta məktəb dərsliklərindəki anlayışlardan dəfələrlə azdır.
Yuxarıdakı fikirləri sintez edərək demək olar ki, orta məktəb şagirdlərimizin özlərini və hazırkı mürəkkəb və sürətlə dəyişən dünyanı daha yaxşı anlamaları üçün onlara mühit tərəfindən (təhsil mühiti) müəyyən abstrakt anlayışlarla mühakimə aparmaq bacarığı aşılanmalıdır".
Ekspertin sözlərinə görə, empatiya, motivasiya, bioloji inkişaf, psixoloji inkişaf, şəxsiyyət, yaddaş, zəka, süni zəka, ailə, sosial institut, iştirakçı vətəndaş, sosial məsuliyyət, arqument, əks-arqument, elm, psevdoelm, məntiqi mühakimə, elm savadlılığı, tənqidi təfəkkür, rasional seçim, fürsət maliyyəti, maliyyə savadlılığı və s. müasir dövr gənclərinin anladıqları və həyatlarına istiqamət vermək üçün istifadə etdikləri anlayışlar və bacarıqlar olmalıdır:
"Bu anlayışlar fəlsəfənin, iqtisadiyyatın, bilik nəzəriyyəsinin, sosiologiya və psixologiyanın anlayışlarıdır. Bu baxımdan orta məktəb fənləri arasında sadalanan humanitar fənlərin əsas anlayışlarının sintez edilməsi ilə şərti adı “Perspektivlər” (fərdi, milli və qlobal miqyasda iqtisadiyyat, sosiologiya və psixologiya perspektivindən düşünə bilmə mənasında) olan bir fənnin daxil edilməsi zəruridir.
Y.İslamzadə qeyd edib ki, digər humanitar fənlər, eləcə də tarix, Azərbaycan dili və ədəbiyyat bu anlayışları qənaətbəxş şəkildə öyrədə bilməz. Ədəbiyyat dərsində oxu materiallarını “məntiqi mühakimə” mövzusunda hazırlamaq mümkündür:
"Ancaq tədqiqatlar göstərir ki, öyrənmə üstüörtülü şəkildə baş vermir. Bu anlayışları dərk etmək üçün məqsədi sırf belə anlayışları tədris etmək olan bir fənnin dərsində, müvafiq dərslik əsasında açıq-aydın təriflər, sokratik dialoqlar və situasiyalar üzərində müzakirə aparmaqla və imtahan edilməklə öyrənmə təmin edilə bilər.
Mümkündür ki, hazırkı şəraitdə bu fənn üçün dərs saatlarının təmin edilməsi problem olsun. Bunun üçün musiqi və təsviri incəsənət dərslərini birləşdirmək olar, çünki hər iki fənnin məqsədi eynidir, şagirdə incəsənət vasitəsilə özünü ifadə etmək imkanın qazandırılmasıdır. Digər tərəfdən, ümumilikdə altı saat olan ana dili və ədəbiyyat dərslərinin bir hissəsini yeni fənnə vermək olar. Çünki ana dilində özünü və dünyanı dərk etməyə kömək edən bir fənnin tədrisi uzun müddətdə elə ana dilinin inkişafına xidmət edir".




