Məktəbli geyimində vahidlik: Pedaqoji Şuraların üzərinə hansı məsuliyyət düşür?

24 Sentyabr, 2026 - 09:18
Məktəbli geyimində vahidlik: Pedaqoji Şuraların üzərinə hansı məsuliyyət düşür?

Nazirlər Kabineti “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”ndə dəyişiklik edilməsi haqqında” qərar verib.
Qərara əsasən, təhsilalanların müəyyən edilmiş geyim formasının vahidliyini pozan, habelə ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadə edilməsinə yol verilmir.

Təhsilalanların bu tələblərə riayət etməsi ilə bağlı məsələlər məktəbin Pedaqoji Şurasına həvalə edilib. Burada Pedaqoji şuraların üzərinə hansı öhdəliklər düşür?

Mövzu ilə bağlı “Azərbaycan müəllimi”nə danışan Elm və Təhsil Nazirliyi yanında İctima Şuranın sədri Hikmət Əlizadə bildirib ki, bu günlərdə Nazirlər Kabinetinin “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”ndə dəyişiklik edilməsi haqqında” qərarı ictimaiyyətə təqdim olunub:

“Bu qərara əsasən, təhsilalanların müəyyən edilmiş geyim formasının vahidliyini pozulmasına, habelə ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadə edilməsinə yol verilmir. Məlum olduğu kimi, 2022-ci ildən Nazirlər Kabinetinin qərarı əsasında ölkəmizdə şagirdlər məktəbə məktəbli forması ilə gəlirlər.  Bu addım məktəblərdə didaktik və mənəvi-psixoloji şəraitin yaxşılaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Pedaqoji təcrübə təsdiq etdi ki, bu qərar doğru idi və o məktəblərdə didaktik və mənəvi-psixoloji iqlimin yaxşılaşdırılmasına öz təsirini göstərə bildi. "Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri"ndə dəyişiklik edilməsi haqqında olan qərarın fəlsəfəsi aydındır, yəni əsas məqsəd məktəb mühitində təhsil prosesinə uyğun geyim mədəniyyətinin formalaşmasını daha da təkmilləşdirilməsidir. Bu qərarın üstünlüyü onun məktəb mühitində bərabərliyin təmin olunmasına yönəlməsidir. Belə ki, məktəblərdə təhsil alan bütün şagirdlər valideynlərinin sosial statusundan, maddi imkanlarından, dini dünyagörüşündən, əqidəsindən asılı olmayaraq, məktəbdə eyni şəraitdə təhsil almalıdırlar. Ölkəmizdə təhsil dünyəvi məzmun daşıyır. Bu, bütün şagirdlərin dünyagörüşünün formalaşması üçün neytral mühitin olmasını tələb edir.  Məktəb forması qarşısına qoyulan tələblər bu baxımdan pedaqoji əhəmiyyət kəsb edir. Uşaqların xarici görkəmlərinin bir-birindən fərqlənməməsi onların sinifdə əməkdaşlıq mühitində tərbiyə olunması üçün zəruri olan sosial inkişaf şəraitinin formalaşması imkanlarını genişləndirir”.

Onun sözlərinə görə, yeni qərarda iki məqam özünü daha qabarıq şəkildə göstərir:

“Birincisi, məktəbli geyimində müəyyən dəyişikliklərlə bağlı qərarın məktəbin Pedaqoji Şurası tərəfindən verilməsidir. Belə qərarların kollegial qəbul edilməsi mühüm əhəmiyyət kəsb edir. Məlum olduğu kimi, məktəb təkcə tədris məkanı deyil, həm də tərbiyə institutudur. Burada dərs ilə yanaşı, müxtəlif sinifdənxaric və məktəbdənkənar tədbirlər təşkil edilir. Belə tədbirlərin hər birinin özünəməxsus tərbiyəvi məqsədi olur. Azərbaycan xalqının tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə bağlı həyata keçirilən tədbirlər bu konteksdə daha mühüm əhəmiyyət kəsb edir. Tədbirlərdə hamı üçün bərabər tərbiyəedici mühitin yaradılması, zəruri olan geyimin seçilməsi, bu zaman tarixiliyin, etnopsixoloji köklərin, estetik təsir imkanlarının, milli-mənəvi xüsusiyyətlərin qorunması üçün məktəbin Pedaqoji Şurasının qərarı ilə geyimlərin müəyyən edilməsinə və ya milli geyim elementlərindən istifadə edilməsinə yol verilməsi daha məqsədəuyğundur. Belə ki, müxtəlif tədbirlər zamanı şagirdlərin geyiminin həmin tədbirin məzmuna uyğun olub-olmamasının məktəb müəllimlərinin Pedaqoji Şurada müzakirə edərək, kollegial qərar qəbul etməsi yolu ilə müəyyənləşdirilməsi seçimin daha uyğun olmasına təminat verir. Geyimlərin seçilməsi zamanı onun valideynlər üçün əlçatan olmasına diqqət yetirilməsi vacibdir”.
 
Müsahibimiz qeyd edib ki, qərar valideyn məsuliyyətinin artması baxımından da mühüm əhəmiyyət kəsb edir:

“Hər bir valideyn belə bir həqiqəti qəbul etməlidir ki, məktəb tərbiyə məkanıdır. Burada yaradılan şərait bütün şagirdlər üçün vahid olmalıdır. Geyim vahid tərbiyə mühitinin başlanğıc nöqtəsidir. Məktəbdə bütün şagirdlər bərabərhüquqludurlar. Onların heç biri valideynin statusuna görə digər şagirddən üstün sayıla bilməz. Bu dünyəvi məktəbin pedaqoji tələbidir. Şagird məktəbdə geyimi ilə deyil, intellekti və şəxsiyyət keyfiyyətləri ilə fərqlənməlidir. Buna görə də valideynlər övladlarının məktəbli formasında məktəbə getmələrini təmin etməlidirlər. Məktəbdənkənar vaxtlarda, təbii ki, valideyn öz övladının geyimini özü istədiyi kimi tənzimləyə bilər. Amma şagirdin məktəbli geyimində məktəbə getməsi yalnız pedaqoji tələblər çərçivəsində olmalıdır, valideynin dünyagörüünə əsaslanmamalıdır”.