Şagird zəif nəticə göstərirsə, səbəb harada axtarılmalıdır?

1 Oktyabr, 2026 - 09:27
Şagird zəif nəticə göstərirsə, səbəb harada axtarılmalıdır?

Məktəblərdə təlim nəticələri zəif olan şagirdlərin vaxtında müəyyənləşdirilməsi və onların ehtiyaclarına uyğun dəstək göstərilməsi təhsil prosesinin mühüm istiqamətlərindən biridir. Belə şagirdlərin yalnız əlavə məşğələlərə cəlb olunması deyil, zəif nəticələrin hansı səbəblərdən qaynaqlandığının araşdırılması da xüsusi əhəmiyyət daşıyır. 

Nəticələri zəif olan şagirdlərin müəyyənləşdirilməsi və onlara fərdi dəstəyin göstərilməsi mexanizmi necə qurulub?

“Şagirdin zəif tərəfi mərhələli şəkildə inkişaf etdirilməlidir”

Mövzu ilə bağlı “Azərbaycan müəllimi”nin suallarını cavablandıran təhsil mütəxəssisi Selcan Babayeva qeyd edib ki, belə şagirdlərin müəyyənləşdirilməsi davamlı müşahidə və qiymətləndirmə əsasında aparılmalıdır:

“Burada yalnız yekun qiymətə deyil, şagirdin dərs prosesində fəallığına, tapşırıqları yerinə yetirməsinə və mövzuları mənimsəmə səviyyəsinə də diqqət yetirmək vacibdir. Fənlərarası boşluqlar vaxtında müəyyən edilməlidir. Şagirdin çətinlik çəkdiyi sahə müəyyənləşdirildikdən sonra ona uyğun fərdi yanaşma seçilməlidir. Bəzi hallarda əlavə izah və tapşırıqlar kifayət etdiyi halda, bəzi şagirdlərlə daha sistemli və fərdi şəkildə işləmək tələb olunur. Əsas məqsəd şagirdin zəif tərəfini müəyyənləşdirərək həmin bacarığın mərhələli şəkildə inkişaf etdirilməsidir”.

S.Babayeva bildirib ki, fərdi və kiçik qrup məşğələləri şagirdlərin akademik inkişafına müsbət təsir göstərə bilər:

“Belə məşğələlər zamanı müəllim şagirdin fərdi ehtiyaclarını daha yaxından müşahidə edir və tədris prosesini onun səviyyəsinə uyğun təşkil edə bilir.
Xüsusilə riyaziyyatda bu yanaşma əhəmiyyətlidir. Çünki eyni sinifdə olan şagirdlərin mövzunu mənimsəmə sürəti və əvvəlki bilikləri fərqli ola bilər. Kiçik qruplarda işləyərkən şagirdlər həm öz çətinliklərini daha rahat ifadə edir, həm də mövzunu daha çox praktika vasitəsilə möhkəmləndirirlər. Lakin əlavə məşğələlərin effektivliyi onların məqsədli və sistemli təşkilindən, eləcə də nəticələrin mütəmadi izlənilməsindən asılıdır”.

Zəif nəticələrin səbəbi yalnız akademik biliklərin çatışmazlığı deyil


Mütəxəssis qeyd edib ki, şagirdin zəif nəticələrinin səbəbi yalnız akademik biliklərin çatışmazlığı ilə bağlı olmaya bilər:

“Buna görə də müəllim, məktəb psixoloqu və valideyn arasında əməkdaşlıq mühüm əhəmiyyət daşıyır. Müəllim şagirdin dərs prosesindəki fəaliyyətini və akademik göstəricilərini müşahidə edir, psixoloq şagirdin emosional və sosial vəziyyəti ilə bağlı məsələlərin müəyyənləşdirilməsinə kömək edir, valideyn isə uşağın ev şəraitindəki davranışı və gündəlik fəaliyyəti haqqında məlumat verir.

Bu məlumatların birlikdə qiymətləndirilməsi problemin səbəbini daha düzgün müəyyənləşdirməyə imkan verir. Daha sonra şagird üçün uyğun dəstək planı hazırlanmalı və onun inkişafı müəyyən müddət ərzində izlənilməlidir. Məncə, burada əsas məqsəd şagirdin zəif nəticəsinə görə məsul tərəf axtarmaq deyil, onun inkişafına mane olan amilləri müəyyənləşdirərək düzgün dəstək göstərməkdir”.