Məktəbli forması ilə bağlı müzakirələr uşaqlarda psixoloji gərginlik yaratmamalıdır - Psixoloq

13 Oktyabr, 2026 - 16:00
Məktəbli forması ilə bağlı müzakirələr uşaqlarda psixoloji gərginlik yaratmamalıdır

“Vahid məktəb forması uşaqlarda kollektivə aidiyyət hissini gücləndirən mühüm psixoloji amildir. Eyni forma şagirdlərə "biz bir komandayıq" mesajı verir və məktəbə bağlılığı artırır. Bununla yanaşı, geyim fərqlərinin minimuma endirilməsi maddi imkan fərqlərindən doğan psixoloji narahatlığı azaldır. Uşaqlar özlərini daha bərabər və təhlükəsiz hiss edirlər. Bu, sosial müqayisə və özünüqiymətləndirmə ilə bağlı gərginliyi xeyli aşağı salır”.

Bu fikirləri “Azərbaycan müəllimi”nə açıqlamasında Bakıdakı  49 nömrəli məktəb-liseyin psixoloqu Aysel Məmmədova bildirib.

Onun sözlərinə görə, məktəbli forması ilə bağlı ümumi tələblərin yalnız hicab məsələsi ilə əlaqələndirilməsi şagirdlərdə yanlış təsəvvürlərin yaranmasına və psixoloji gərginliyə səbəb ola bilər:

“Məktəbli forması ilə bağlı ümumi tələblərin yalnız hicab kontekstində müzakirə olunması uşaqlarda mövzunun mahiyyətinin təhrif olunmasına səbəb ola bilər. Bu zaman qaydalar dini və ya ideoloji çalarlarla yüklənir və şagirdlərdə "bu məsələ kiminsə seçimi ilə bağlıdır" kimi yanlış təsəvvür formalaşa bilər. Belə təqdimat həm hicablı, həm də hicabsız şagirdlərdə emosional gərginlik yarada, məktəb mühitində qütbləşmə riskini artıraraq sosial münasibətlərə təsir göstərə bilər. Uşaqlar öz fərqliliklərini müzakirə mövzusu kimi hiss etdikdə özünəinam zəifləyə, məktəbə bağlılıq hissi zədələnə bilər”.

Psixoloq qeyd edib ki, məsələnin yalnız bir geyim elementi üzərindən təqdim olunması sinif daxilində münasibətlərə də mənfi təsir göstərə bilər:

“Hicablı şagirdlərdə "mənim seçimim müzakirə olunur" narahatlığı, hicabsız şagirdlərdə isə "kiminsə fərqliliyi problem kimi təqdim olunur" düşüncəsi yarana bilər. Bu, sinifdə qruplaşma və etiketləmə riskini artırır. Bu cür həssas mövzular uşaqlara izah edilərkən neytral dil, faktoloji yanaşma və emosional balans qorunmalıdır. Qaydanın mahiyyəti - nizam-intizam, təhlükəsizlik və vahidlik  ön plana çəkilməli, dini və ideoloji çalarlar müzakirədən tam kənarda saxlanmalıdır”.

A.Məmmədova vurğulayıb ki, şagirdlərin geyim qaydalarını düzgün qəbul etməsi üçün onların mahiyyəti aydın şəkildə izah olunmalıdır:

“Uşaqların formaya "məhdudiyyət" kimi baxmaması üçün qaydaların səbəbi onlara aydın şəkildə izah edilməlidir. Uşaq qaydanın "niyə" olduğunu başa düşdükdə onu daha rahat qəbul edir. Qaydaların "məcburiyyət" kimi deyil, məktəb həyatının təbii bir hissəsi, məktəbin ənənəsi kimi təqdim olunması adaptasiyanı asanlaşdırır”.

Psixoloqun sözlərinə görə, məktəbli forması ilə bağlı tələblərin uşaqlar tərəfindən qəbul edilməsində valideynlərin münasibəti mühüm rol oynayır:

“Valideynin qaydalara münasibəti uşağın psixoloji adaptasiyasının əsas determinantıdır. Əgər valideyn qaydanı müsbət və sakit şəkildə izah edirsə, uşaq da onu təbii qəbul edir. Əksinə, valideyn qaydanı tənqid edir və emosional reaksiya verirsə, uşaqda narazılıq, qarşıdurma və məktəbə qarşı mənfi emosiyalar yarana bilər. Valideynlər mövzunu uşaqlara izah edərkən sadə və neytral dil seçməlidirlər: "Bu, məktəbin qaydasıdır və hamı üçün eynidir". Uşağa forma geyinməyin onu məktəbin bir parçası kimi göstərdiyi, qaydalara əməl etməyin isə məktəbə və müəllimlərə hörmətin ifadəsi olduğu izah edilməlidir. Valideynin sakit, dəstəkləyici və balanslı tonu uşağın məktəb qaydalarına müsbət psixoloji münasibət formalaşdırmasına birbaşa təsir edir”.