Məktəblilər arasında hidrogenlə işləyən avtomobillərin yarışı üzrə seçmə mərhələsi keçirilib
Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin dəstəyi və “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə beynəlxalq innovasiya və mühəndislik yarışı olan “H2 Grand Prix PRO” (hidrogenlə işləyən avtomobillərin yarışı) üzrə Azərbaycan seçmə mərhələsi keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, məktəblilər arasında keçirilən yarışda ölkənin 15 regionunu təmsil edən 15 komandanın ümumilikdə 69 iştirakçısı bilik və bacarıqlarını nümayiş etdirərək mübarizə aparıb.
Yarış zamanı iştirakçılar komanda şəklində çalışaraq hidrogen texnologiyası əsaslı avtomobillərlə uzunmüddətli və dayanıqlı performans göstərməyə çalışıblar. Komandalar mühəndislik, proqramlaşdırma və strateji düşünmə bacarıqlarını tətbiq edərək müxtəlif tapşırıqları yerinə yetiriblər.
Yarışın yekununa əsasən, Ağdaş rayonunu təmsil edən “Pilots” komandası birinci, Bakı şəhərinin “Space Soldiers” komandası ikinci, Şirvan şəhərinin “DriveIQ” komandası isə üçüncü yeri tutublar.



