Məktəblilər üçün I Xor Festivalı başlayır
Elm və Təhsil Nazirliyinin dəstəyi, Mədəniyyət Könüllüləri İctimai Birliyinin təşkilatçılığı ilə məktəblilər üçün “Səslərimiz Birləşsin” adlı I Xor Festivalı layihəsinə start verilir.
"Azərbaycan müəllimi" xəbər verir ki, festivalın əsas məqsədi şagirdlər arasında xor mədəniyyətinin inkişaf etdirilməsi, milli musiqi dəyərlərinin təbliği və kollektiv ifa bacarıqlarının formalaşdırılmasıdır.
Festivala hazırlıq mərhələsində dövlət ümumtəhsil məktəblərində müəllimlər tərəfindən xor dərsləri və kollektiv ifa məşqləri təşkil olunacaq, şagirdlərdən ibarət xor kollektivləri yaradılacaq.
Xor kollektivləri aşağıdakı yaş qruplarını əhatə edəcək:
• 7–10 yaş
• 11–14 yaş
• 15–18 yaş
Layihə çərçivəsində məktəb müəllimləri üçün şagirdlərlə xor dərslərinin təşkilinə dair təlimlər keçiriləcək. Eyni zamanda, xor dərslərinin keçirilməsi qaydalarını əhatə edən 5–7 dəqiqəlik videomateriallar hazırlanaraq ictimaiyyətə təqdim olunacaq. Bu təlim və videomateriallar məktəblərdə xor fəaliyyətinin daha sistemli və keyfiyyətli təşkilinə dəstək xarakteri daşıyır.
İki mərhələli seçim turunu uğurla başa vuran 10 xor kollektivi festivalın yekununda keçiriləcək Qala Konsertdə səhnə alacaq və mükafatlandırılacaqlar.
Festivalda iştirak etmək üçün aşağıdakı link üzərindən qeydiyyatdan keçə bilərsiniz:
https://forms.gle/ewFpEpV7oLndPYUW6
Son müraciət tarixi: 15 aprel, 2026-cı il
Qeydiyyat zamanı hər hansı sual yaranarsa:
Əlaqə nömrəsi: 050-461-57-55
Elektron poçt ünvanı: info@medeniyyetkonulluleri.az



