Məktəblilərimiz beynəlxalq kosmik poster müsabiqəsində qalib olublar

28 Noyabr, 2024 - 18:45

Azərbaycan Respublikasının Təhsil İnstitutunun, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi, “Azərkosmos” nəzdində fəaliyət göstərən KOSMİK Akademiyanın təşkilatçılığı ilə beynəlxalq kosmik poster müsabiqəsinin beynəlxalq mərhələsi keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, Asiya-Sakit Okean Regionu Kosmik Agentliklərinin Forumu (APRSAF) ilə əməkdaşlıq çərçivəsində Avstraliyanın Pers şəhərində təşkil olunan müsabiqəyə müxtəlif ölkələrdən 1712 məktəbli 1462 rəsm əsəri ilə qatılıb, sonda 5 qalib məktəbliyə mükafat təqdim olunub.

Ölkəmizi təmsil edən 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvü Kövsər Qurban "İlin posteri" əsas mükafatına, Əsma Həsənzadə "Xüsusi poster" mükafatına, 6 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin üzvü Ayxan Məhərrəmli isə "ASA Avstraliya Kosmik Agentliyi" mükafatına layiq görülüb.