Məktəblilərimiz müalicə prosesini oyuna çevirən “Ağıllı gips” layihəsini təqdim etdilər

29 İyul, 2026 - 17:32
Məktəblilərimiz müalicə prosesini oyuna çevirən “Ağıllı gips” layihəsini təqdim etdilər

NASA-nın ideya müəllifi və əsas sponsoru olduğu nüfuzlu "FIRST Robotics Competition" (FRC) yarışmasında ölkəmizi və Qafqaz regionunu təmsil edən yeganə komanda — “Qarabağ MechaHack 9030” komandasının üzvləri Fərəh Mehtiyeva və Sərxan Arxməmmədov bu dəfə yarışma çərçivəsindən kənar, tamamilə şəxsi təşəbbüsləri ilə növbəti uğurlu layihəyə imza atıblar.

"Azərbaycan müəllimi" xəbər verir ki, uşaqların yaşadığı təcrübədən ilhamlanaraq hazırlanan “Ağıllı gips” prototipi uşaqlar üçün oyun əsaslı motivasiya sisteminə malikdir. 

Nyu-York və Gotham regional mərhələlərində ölkəmizi layiqincə təmsil edərək 54 komanda içərisində “Team Spirit Award” qazanan “Qarabağ MechaHack 9030” komandasının bu iki gənc üzvü, komandadan qazandıqları bilik və təcrübəni öz fərdi layihələrinə tətbiq edərək, təkcə mühəndislik deyil, həm də uşaq psixologiyası və davranış idarəetməsi sahəsində innovativ həll təqdim ediblər.

Sağlamlıq və oyunun sintezi: Layihənin əsas ideyası

Müalicə dövründə uşaqların fiziki məhdudiyyətlərə — məsələn, zədələnmiş əli sabit saxlamağa və gipsi qorumağa riayət etməsi çox vacibdir. Lakin uşaqlar üçün uzun müddət hərəkətsiz qalmaq psixoloji baxımdan çətin olduğundan, onlar tez-tez bu qaydaları pozurlar. Uşaqların yaşadığı bu təcrübədən ilhamlanaraq Fərəh Mehtiyevanın işlədiyi ideya əsasında Sərxan Arxməmmədovla birlikdə, komanda işindən kənar öz vaxtlarında hazırladıqları “Ağıllı gips” bu problemi tibbi nəzarəti əyləncəli bir oyuna çevirməklə həll edir.

Sistemdə uşaq sadəcə xəstə deyil, bir “oyunçu”, gips isə onun hərəkətlərini izləyən “ağıllı köməkçi” rolunu oynayır. Uşaq əlini təhlükəsiz və sabit saxladıqca oyunda xallar qazanır, yeni səviyyələr açır və mükafatlar əldə edir. Əgər həddindən artıq hərəkətlilik və ya təhlükəli vəziyyət yaranarsa, ekrandakı sevimli animasiyalı personaj uşağa mehriban şəkildə xəbərdarlıq edərək onu istirahət etməyə yönləndirir. Mövcud tibbi qurğular sadəcə göstəriciləri ölçdüyü, oyunlar isə yalnız əyləndirdiyi halda, bu layihə hər iki sahəni bir araya gətirərək uşaqlarda müalicəyə qarşı həvəs yaradır.

Müasir texnologiyalar sadə və təhlükəsiz formada

Fərəh və Sərxan bu şəxsi layihənin həm mexaniki, həm də proqram hissəsini komanda işindən ayrı, tam olaraq özləri ərsəyə gətiriblər. Gipsin xüsusi korpusu əvvəlcə kompyuter proqramında dəqiqliklə layihələndirilib, daha sonra 3D printer vasitəsilə ekoloji cəhətdən tam zərərsiz materialdan çap olunub.

Qurğunun daxilinə yerləşdirilmiş xüsusi miniatür sensorlar uşağın qol hərəkətlərini, təzyiqi və temperaturu real vaxt rejimində hiss edir. Bu sensorlardan gələn məlumatlar dərhal emal olunaraq simsiz rabitə vasitəsilə mobil tətbiqə ötürülür. Tətbiqdəki animasiyalı maskot uşaqla canlı ünsiyyət qurur, toplanan məlumatlar isə eyni zamanda həkim və valideynlərin izləyə biləcəyi veb paneldə əks olunur.

“Qarabağ MechaHack 9030” komandasının üzvləri olan bu gənclərin komanda işindən kənar həyata keçirdikləri bu şəxsi təşəbbüs ölkəmizdə STEM (elm, texnologiya, mühəndislik və riyaziyyat) təhsilinin nə qədər böyük potensiala malik olduğunu bir daha sübut edir. Fərəh və Sərxanın bu uğurlu addımı gələcəyin mühəndis və alimlərinin məhz bu gün məktəb partaları arxasında yetişdiyini nümayiş etdirir.