Məleykə Abbaszadə: Aşağı siniflərdə zəif təməl sonrakı imtahan nəticələrinə də təsir edir

13 Mart, 2026 - 21:01
Məleykə Abbaszadə: Aşağı siniflərdə zəif təməl sonrakı imtahan nəticələrinə də təsir edir

Son günlər sosial şəbəkələrdə buraxılış və qəbul imtahanlarının keçirilməsi ilə bağlı geniş müzakirələr aparılır. İmtahanda iştirak edən bəzi abituriyentlər və valideynlər sualların tərtibatı ilə bağlı narazılıqlarını bildiriblər.

Onların sözlərinə görə, bir sıra test tapşırıqları proqram çərçivəsindən kənara çıxıb. Şikayət edənlərin bir qismi isə sualların düzgün və aydın şəkildə tərtib olunmadığını, bəzi sualların mətninin həddindən artıq uzun olduğunu və bunun ayrılan vaxtla uyğunlaşmadığını iddia ediblər.

“Azərbaycan müəllimi” xəbər verir ki, aparılan müzakirələrdə səsləndirilən əsas məsələlərlə bağlı Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə Oxu.Az-ın suallarını cavablandırıb.

O, imtahan suallarının çətinlik dərəcəsi ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirərkən bəzi statistik təhlillərə də istinad edib:

“2023-cü ildə 9-cu sinif üzrə, 2025-ci ildə isə 11-ci sinif üzrə buraxılış imtahanlarında iştirak edən eyni şagirdlərin nəticələrinin paylanmasına baxsaq, görərik ki, nəticələr arasında korrelyasiya, yəni uyğunluq mövcuddur. Məsələn, riyaziyyat fənni üzrə nəticələri müqayisə etdikdə aydın olur ki, 9-cu sinifdə 75-100 bal toplayan şagirdlərin 86,4%-i həmin nəticəni 11-ci sinif buraxılış imtahanında da təkrarlayıb. Eləcə də 9-cu sinifdə 0-25 bal toplayanların 87,6%-i 11-ci sinifdə yenə həmin aralıqda bal əldə edib. Yəni statistika göstərir ki, fundamental bilik və bacarıqları aşağı siniflərdə zəif olan şagirdlər sonrakı dövrlərdə göstəricilərini artıra bilmirlər”.

Onun sözlərinə görə, məktəbdənkənar fərdi hazırlıqla məşğul olan bəzi şəxslər və ya kurslar belə şagirdləri müxtəlif vədlərlə özlərinə cəlb edirlər. Yekunda isə həmin şagirdlər iki il sonra lazımi balı toplaya bilmədikdə məsuliyyəti daha çox imtahanın və onun çətinliyinin üzərinə yönəltməyə çalışırlar:

“Halbuki valideyn müəyyən edə bilər ki, 9-cu sinifdə imtahan verən övladı 11-ci sinifdə təxminən neçə bal toplaya bilər. Bütün bunlar bizim apardığımız təhlillərdə əksini tapır”.

Məleykə Abbaszadə Elm və Təhsil Nazirliyinin guya DİM-də hazırlanan suallardan xəbərsiz olması ilə bağlı iddialara da münasibət bildirib.

Onun sözlərinə görə, bu iddiaların heç bir əsası yoxdur. Çünki bütün imtahan proqramlarının və imtahan modelinin hazırlanmasında Elm və Təhsil Nazirliyinin nümayəndələri də iştirak edirlər.

“Siz "Abituriyent" jurnalına baxsanız, materialların hazırlanmasında iştirak edən işçi qrupunun tərkibində konkret adları da görə bilərsiniz. İmtahanda istifadə olunan sualları isə nəinki mən özüm, ümumiyyətlə heç kim əvvəlcədən görmür və görə də bilməz. Biz hamımız yalnız imtahandan sonra tapşırıqlarla tanış olmaq imkanına malik oluruq. Test tapşırıqlarının hazırlanması, ekspertizası, eləcə də imtahandan əvvəl xüsusi proqram təminatı vasitəsilə test tapşırıqlarının seçilməsi məxfi və qapalı şəraitdə həyata keçirilir”.