Məleykə Abbaszadə: İmtahan prosesinə kənar müdaxilə halları hüquqi müstəviyə çıxarılır

4 Fevral, 2026 - 16:17
Məleykə Abbaszadə: İmtahan prosesinə kənar müdaxilə halları hüquqi müstəviyə çıxarılır

“Hazırda iki proses davam edir. Ən pis hal odur ki, əsasən müxtəlif hazırlıq fəaliyyəti ilə məşğul olan şəxslər bu proseslərdə iştirak edirlər”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu DİM sədri Məleykə Abbaszadə qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı hüquqi müstəvidə aparılan araşdırma barədə danışarkən deyib.

O bildirib ki, həmin şəxslər ictimaiyyət arasında şayiələr yayıb, imtahanlar haqqında yalan məlumatlar paylaşaraq ayrı-seçkilik mühiti formalaşdırıblar.

“İndi isə gördük ki, bunun arxasında başqa məsələlər dayanır. Çox istərdik ki, bu insanlar təhsil sistemindən uzaqlaşsınlar. Biz bu prosesi izləyirik. İmtahanların nəticələri yoxlandıqdan sonra köçürmə halları aşkarlanarsa, nəticə ləğv olunur. Biz bunu yoxlayırıq və görürük ki, bu, əlavə kömək hesab olunursa, həmin imtahan nəticələri də ləğv edilir.

Amma müəyyən edildikdə ki, bu prosesə kənardan müdaxilə olunur, məsələ hüquqi prosedura yönləndirilir. Hazırda bu prosesi izləyirik və mediadan da bu barədə məlumatlar eşidirik. Belə insanlar üçün bu, yaxşı dərs olacaq”, – deyə o bildirib.