Məleykə Abbaszadə: IV qrup üzrə yüksək nəticə göstərənlər üçün əlavə imkan yaranıb
IV ixtisas qrupu üzrə bu il yüksək rəqabət müşahidə olunub.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə bildirib.
Onun sözlərinə görə, xüsusilə tibb ixtisaslarına böyük maraq nəticəsində yüksək bal toplamış bəzi abituriyentlər, o cümlədən 600-dən yuxarı nəticə göstərən namizədlər arasında belə istədikləri mülki ixtisaslara qəbul olunmayanlar var.
Hazırda həmin abituriyentlərin bir hissəsi üçün əlavə imkanlar yaradılıb.
Müvafiq hərbi qurumla aparılmış müzakirələr nəticəsində hərbi tibb istiqamətində yaranmış əlavə yerlərə müəyyən olunmuş tələblərə cavab verən yüksək nəticəli IV qrup abituriyentlərinin müraciət edə bilməsi nəzərdə tutulur:”Hərbi tibb üzrə təhsil almaq istəyən namizədlərin tibbi müayinədən keçməsi tələbi yeni deyil. Bu, hərbi tibb ixtisaslarına qəbul zamanı həmişə mövcud olan şərtdir.
Bundan başqa, hərbi mühəndislik istiqamətləri üzrə qalan yerlərlə bağlı da IV ixtisas qrupu abituriyentləri üçün əlavə imkan yaradılır. Müəyyən olunmuş tələblərə cavab verən, IV qrup üzrə 450 və daha yüksək bal toplamış namizədlər həmin yerlər üçün müraciət edə biləcəklər.
Bu abituriyentlərin buraxılış imtahanında riyaziyyat üzrə nəticələri var, IV qrupun qəbul imtahanında isə fizika və kimya fənlərindən imtahan veriblər. Buna görə onların müvafiq hərbi mühəndislik proqramlarında təhsil almaq üçün zəruri olan fənn hazırlığının qiymətləndirilməsi mümkündür”.
DİM sədri qeyd edib ki, qəbul şərtləri, tibbi və digər tələblər, eləcə də müraciət qaydası müvafiq hərbi qurum tərəfindən rəsmi şəkildə elan ediləcək.
Yaranmış əlavə yerlər barədə məlumat müəyyən olunmuş tələblərə cavab verən bütün potensial namizədlər üçün açıq şəkildə elan edilir:
“Hərbi tibb və hərbi mühəndislik sadəcə ali məktəbə qəbul olmaq üçün alternativ yol deyil. Bu istiqamətlər həm də gələcək peşə ilə yanaşı, hərbi xidməti seçmək deməkdir.
Bu səbəbdən yalnız bu il tələbə olmaq naminə bu imkandan istifadə etmək deyil, istiqamətə həqiqi marağı olan və gələcəyini belə bir peşə və xidmətlə bağlamağa hazır olan gənclərin yaranmış imkandan xəbərdar olması vacibdir”




