Məleykə Abbaszadə ixtisas seçimi ilə bağlı abituriyentlərə müraciət edib

6 Avqust, 2026 - 15:27
Məleykə Abbaszadə ixtisas seçimi ilə bağlı abituriyentlərə müraciət edib

"İxtisas seçimi ali təhsil yolunda verəcəyiniz ən məsuliyyətli qərarlardan biridir. Bu qərarı düzgün vermək üçün isə ilk növbədə etibarlı və rəsmi məlumat mənbələrinə istinad etmək çox vacibdir".

"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə sosial şəbəkə hesabında paylaşım edib.

Paylaşımda qeyd olunur ki, məhz bu məqsədlə "Abituriyent" jurnalının 4-cü nömrəsi yaxın günlərdə nəşr olunacaq: "Hər birinizə tövsiyə edirəm ki, ixtisas seçiminə başlamazdan əvvəl jurnalla diqqətlə tanış olasınız.

Jurnalda ixtisas seçimi elanı, müsabiqə şərtləri, "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nin doldurulma qaydası, ali təhsil müəssisələrinə dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu və seçim prosesində sizə lazım olacaq digər vacib məlumatlar yer alır. Bu məlumatlarla tanış olmaq daha düşünülmüş və düzgün qərar verməyinizə kömək edəcək.

Xüsusilə jurnalda dərc olunan psixoloq tövsiyələrini oxumağınızı məsləhət görürəm. Məqalədə peşə seçimi zamanı yaranan qərarsızlığın səbəbləri izah edilir, maraq, bacarıq, dəyərlər və real imkanlarınızı birlikdə qiymətləndirərək öz peşə xəritənizi necə formalaşdıra biləcəyiniz göstərilir. Eyni zamanda peşələri daha yaxından tanımaq və bacarıqlarınızı inkişaf etdirmək üçün praktik tövsiyələr də təqdim olunur.

Unutmayın ki, sizin üçün ən uyğun peşə təkcə yaxşı bacardığınız deyil, həm də maraq göstərdiyiniz, dəyərlərinizə uyğun gələn və gələcəkdə inkişaf etmək istədiyiniz sahədir.

Jurnal Azərbaycan və rus bölmələrinin abituriyentləri üçün vahid formada – Azərbaycan dilində hazırlanıb. Burada həm "Azərbaycan bölməsi", həm "rus bölməsi", həm də hər iki bölmə üzrə qəbul aparılan ixtisaslar təqdim olunur.

Hər birinizə uğurlu, düşünülmüş və gələcəyinizə doğru istiqamət verəcək ixtisas seçimi arzulayıram", – deyə paylaşımda qeyd olunub.