Məmməd Bayramov: Sertifikasiya suallarının çərçivə sənədləri müəllimlərə əvvəlcədən təqdim olunub 

7 Aprel, 2026 - 10:46
Məmməd Bayramov: Sertifikasiya suallarının çərçivə sənədləri müəllimlərə əvvəlcədən təqdim olunub 

Naxçıvanda təhsilverənlərin sertifikatlaşdırma prosesinin ikinci dövriyyəsinin test imtahanı ilə bağlı məlumatlar namizədlərin şəxsi səhifələrinə göndərilib. Prosesdə ümumilikdə  2779 müəllimin iştirakı nəzərdə tutulub.

Bunu “Azərbaycan müəllimi”nə Naxçıvan MR-in Təhsil Nazirliyi Aparatının Analitik təhlil və statistika sektorunun müdiri Məmməd Bayramov deyib.

O bildirib ki, yerli təhsil şöbələri tərəfindən imtahan cədvəlləri yazılı şəkildə ümumtəhsil məktəblərinə də təqdim olunub. 

Qeyd edib ki, imtahanların keçirilməsi aşağıdakı qaydada planlaşdırılıb:

“2 may – I seansda alman dili, fransız dili, ingilis dili və rus dili, II seansda Azərbaycan dili, Azərbaycan dili və ədəbiyyat, həmçinin informatika, 3 may – I seansda riyaziyyat, II seansda biologiya və kimya, 10 may – I seansda fizika və ibtidai sinif, II seansda ibtidai sinif və coğrafiya, 11 may – fiziki tərbiyə, gənclərin çağırışaqədərki hazırlığı, musiqi, tarix, təsviri incəsənət və texnologiya fənləri üzrə imtahanlar keçiriləcək”. 

Nazirlik rəsmisinin sözlərinə görə, Naxçıvanda bu məqsədlə 3 imtahan mərkəzi hazırlıqlara cəlb olunub: “Suallar isə ARTİ tərəfindən paylaşılan çərçivə sənədləri əsasında hazırlanıb. Həmin sənədlər bütün ümumtəhsil məktəblərində çalışan müəllimlərə əvvəlcədən təqdim olunub”.

Sektor müdiri qeyd edib ki, 2021-ci ildə sertifikasiya imtahanında iştirak edən müəllimlər 5 ildən sonra yenidən bu prosesə cəlb olunacaqlarını bilirdilər. Bu məqsədlə fevral ayının əvvəlində onlarla görüşlər keçirilərək qeydiyyat prosesi barədə ətraflı məlumat verilib: “Eyni zamanda martın 3-dən Muxtar Respublikanın bütün rayonlarında, o cümlədən Naxçıvan şəhərində nazirliyin əməkdaşları tərəfindən müəllimlərlə görüşlər təşkil olunub, sertifikasiya ilə bağlı suallar cavablandırılıb və zəruri təlimatlar bir daha diqqətə çatdırılıb. 

Hazırda da müəllimlər onları maraqlandıran suallarla bağlı nazirliyin Çağrı Mərkəzinə müraciət edə bilərlər. Bununla yanaşı, nazirliyin sosial şəbəkə hesablarında sertifikasiya prosesi ilə bağlı maarifləndirici məlumatlar paylaşılır”. 

Məmməd Babayev 60 yaşdan yuxarı 70-dən artıq müəllimin könüllü şəkildə imtahanda iştirak etmək istədiyini bildirib: “Onlar üçün imtahanda iştirak məcburi olmasa da, öz istəkləri ilə prosesə qoşulacaqlar. Ümumiyyətlə isə sinfə daxil olub dərs deyən müəllim bu prosesə hər gün hazır olmalıdır”. 

Sektor müdiri sertifikasiya imtahanında müəllimlərdən yüksək nəticələr gözləndiyini və prosesdə güclü pedaqoqların çoxluq təşkil etdiyini qeyd edib: “Sertifikasiya prosesi müəllimlər üçün yalnız imtahan deyil, onların peşəkar inkişafına və karyera yüksəlişinə xidmət edən mühüm mərhələdir. Bu proses nəticəsində müəllimlər öz bilik və bacarıqlarını bir daha nümayiş etdirmək, müasir tədris tələblərinə uyğunluğunu təsdiqləmək imkanı qazanırlar.

Məlum olduğu kimi sertifikasiyada yüksək nəticə göstərən təhsilverənlərin əməkhaqlarında artım tətbiq olunur. Belə ki, 30–50 bal toplayan müəllimlərin maaşı 10 faiz, 51–60 bal toplayanların maaşı isə 35 faiz artırılır. Bu isə müəllimin əməyinə verilən dəyərin və sosial rifahının yüksəldilməsinin mühüm göstəricisidir.
Bundan əlavə, sertifikasiya nəticələri müəllimlərin karyera imkanlarını da genişləndirir. Yüksək nəticə göstərən müəllimlər üçün direktor, direktor müavini və ya dərs hissə müdiri kimi vəzifələrə yüksəlmək şansı yaranır.

Eyni zamanda bu proses müəllimin valideynlər, şagirdlər və həmkarlar arasında nüfuzunun daha da artmasına səbəb olur. Sertifikasiya müəllimin peşəkarlığını təsdiqləyən, ona daha böyük inam qazandıran və gələcək uğurlarına yol açan mühüm bir addımdır”.

Nazirlik rəsmisi imtahan ərəfəsində müəllimlərə çağırış da edib: “Əziz müəllimlər, sertifikatlaşdırma prosesi sizin illərlə qazandığınız bilik və təcrübənin, şagirdlərinizə verdiyiniz dəyərin bir daha təsdiqidir. Siz hər gün sinfə daxil olaraq gələcəyin vətəndaşlarını yetişdirirsiniz. Bu, böyük məsuliyyət olduğu qədər həm də böyük şərəfdir. Öz bilik və bacarığınıza inanın, özünüzə güvənin. Əminik ki, Naxçıvan müəllimləri bu mərhələdə də yüksək nəticələri ilə seçiləcək, peşəkarlıqlarını bir daha nümayiş etdirəcəklər. Sertifikasiya sizin zəhmətinizə verilən dəyərin və gələcək uğurlarınızın yeni başlanğıcıdır”.