“Mən bunu edə bilərəm” dedi və 220 layihə arasından qalib oldu
Naxçıvan Dövlət Universitetinin (NDU) “Kimya müəllimliyi” ixtisası üzrə III kurs tələbəsi, 18 yaşlı Rüqəyyə Həsənova beynəlxalq innovasiya platforması – “InnoCentive” çərçivəsində keçirilən layihədə qaliblər sırasında yer alıb.
Bəs tələbə bu uğuru necə əldə edib?
“Azərbaycan müəllmi” qalib gənclə həmsöhbət olaraq, onun uğur hekayəsini təqdim edir.
Məlumat üçün bildirək ki, Rüqəyyə Həsənova may ayında ABŞ-nin iri enerji şirkətlərindən biri olan “ExxonMobil” tərəfindən platformada təqdim edilən problemə öz həll təklifini göndərib. Layihəyə ümumilikdə 220 həll yolu təqdim edilib və onlardan yalnız 4-ü qalib seçilib. Qalib layihələrdən biri də Azərbaycanı Naxçıvan Dövlət Universitetinin tələbəsi olaraq təmsil edən Rüqəyyə Həsənovanın həlli olub.
Layihə bir neçə mərhələli qiymətləndirmədən keçib. İlkin müraciətdən təxminən 45 gün sonra həll yoxlama mərhələsini keçib, daha sonra təsdiqləmə və sənədləşmə proseslərindən keçərək mükafata layiq görülüb. Layihə müəllifinə 5 min ABŞ dolları məbləğində mükafat ödənilib.
Azərbaycanı təmsil edən Rüqəyyə Həsənovanın bu nəticəsi ilk qalib layihə kimi qiymətləndirilir.
16 yaşında universitetə qəbul olan gəncin balı tibbə düşmədiyi üçün “Kimya müəllimliyi” ixtisasını seçib.Səmimi olaraq etiraf edir ki, hər kəs ona “biologiyanı seç, sonra həkim olmaq olur” desə də o, razılaşmayıb və kimya bilikləri çox yaxşı olduğu üçün bu ixtisası seçib:“Tədqiqat işlərinə qarşı çox marağım və bacarığım var. Özüm maraqlandım, internetdən axtardım, belə bir innovasiya layihələri olduğunu bildim. Və onu da deyim ki, bununla bir çox gəncə işıq yolu açdım. Çünki, elə tələbələr var ki, istedadı olsa da, belə bir layihənin olduğunu bilmirlər. Məndən sonra onlar da öyrəndilər ki, artıq ölkəmizi o platformada təmsil edə bilərlər”.
“ExxonMobil”-in qoyduğu problem haqqında danışan Rüqəyya deyir ki, verdiyi həll yolu məxfidir deyə onu izah edə bilmir. Amma problemi oxuyanda “mən bunu edə bilərəm”,- deyib: “220 həll yolunda bir çox güclü mütəxəssislər var idi. Düzünü desəm bu nailiyyəti əldə etməyi gözləmirdim. Onların çox savadlı olduğunu düşünürdüm. Amma yenə də, bu hal mənim qoşulmağıma mane olmadı, çəkinmədim. Ən azından qazanmasam belə, sadəcə təcrübə olar deyə düşündüm. Şirkətlər problemi həll etmək üçün 1 ay ərzində vaxt qoymuşdu, çalışdığım qədər ən ideal və yenilikçi həll yolu düşünməyə və peşəkar yazılışa üstünlük verdim”.
Problemi həll etmək isə onun üçün asan olmayıb. Çünki, çoxlu fərqli məqamlar tələb olunub:“İdeyaya nə qədər pul ayrılacağı, hansı materiallardan istifadə ediləcəyi, neçə aylıq müddətə həyata keçiriləcəyi və riskləri tələb edirlər. Hətta, qalib seçiləndə belə, yenidən yoxlama üçün məndən 20 gün vaxt istədilər”.
Qalib olmaq xəbərini isə, elektron poçtuna gələn mesajla öyrənib:“Birinci anama dedim və mənimlə həqiqətən qürur duydu. Məni pul yox, anamı qürurlandırmaq daha xoşbəxt etdi. Universitet müəllimlərimin zəng etmələri isə məni çox sevindirdi. Müəllimlərimə təşəkkür edərəm ki, mənə biliklərə yiyələnməkdə köməklik edirlər.
Bu platforma Azərbaycanda 2020-ci ildə yaradılsa da, ölkəmizdə bu nəticə ilkdir. İlk olmağım özümə inamımı daha da artırdı, düşünürəm ki, ölkəmizi gələcəkdə də layiqincə təmsil edəcəyəm. Öz üzərimdə daim çalışıram. Qazandığım uğur onu da göstərir ki, coğrafiya qalibiyyətlərə maneə deyil”.
Tələbə deyir ki, layihələrə qoşulmaq istəyən gənclərin bu prosesə yalnız şans amili kimi yanaşmalarını doğru hesab etmir. Onun fikrincə, yüksək rəqabətin olduğu belə layihələrdə uğur qazanmaq üçün potensial və hazırlıq əsas şərtlərdəndir:“Mən onlara necə qoşulmağın mümkün olduğunu izah etdim. Mənə şanslı deyirlər, amma mən bunu şans kimi görmürəm. Çünki 220 həll yolundan yalnız 4 nəfərin seçilməsi məsələnin nə qədər ciddi olduğunu göstərir”.
Rüqəyyə layihə ilə əməkdaşlığını gələcəkdə də davam etdirmək niyyətindədir:
“Hətta gələcəkdə gedib orada işləyə də bilərəm. Çünki layihənin sahibi mənəm, sadəcə, onun həyata keçirilməsi üçün lisenziya vermişəm. Yeni layihələr hazırlayıram, təkliflərimi irəli sürəcəyəm. Ümid edirəm ki, müsbət cavab gələcək”.
Gələcək planlarından danışan tələbə xaricdə magistr təhsili almaq, orada çalışmaq və əldə etdiyi uğurlarla Azərbaycanı təmsil etmək arzusundadır.
18 yaşlı tələbənin bu uğuru göstərir ki, innovasiya və tədqiqat imkanlarından yararlanmaq üçün yaş və coğrafiya məhdudiyyət deyil. Ən yaxşı hal isə odur ki, Rüqəyyə Həsənova qarşısına qoyduğu məqsədlərlə yanaşı, digər gəncləri də beynəlxalq layihələrdə iştirak etməyə həvəsləndirir.




