Elxan Nəcəfov: Bütün təhsil müəssisələrimiz sürətli fiber-optik internetlə təmin olunacaq
“Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəbi yeni tədris ilindən artıq istifadəyə veriləcək. Eyni zamanda, Nehrəm qəsəbəsində 60 yerlik uşaq bağçasının da tədris ili ərzində istifadəyə verilməsi nəzərdə tutulur. Culfa şəhər 3 nömrəli tam orta məktəbdə cari təmir və abadlaşdırma işləri aparılıb”.
"Azərbaycan müəllimi" xəbər verir, bu barədə Naxçıvan Muxtar Respublikasında keçirilən təhsil işçilərinin ənənəvi sentyabr konfransında təhsil naziri Elxan Nəcəfov deyib.
Nazir şagirdlərin kompüterlə təminatının yaxşılaşdırılması istiqamətində də görülən işlərdən danışıb:
“Naxçıvan Muxtar Respublikasında şagird-kompüter nisbətinin yaxşılaşdırılması məqsədilə dövlət proqramı çərçivəsində 2 255 kompüter məktəblərdə təchiz olunub və bu təminat icra olunub”.
Elxan Nəcəfov rəqəmsallaşma istiqamətində həyata keçirilən layihəyə də diqqət çəkib:
“Elm və Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Ticarət Nazirliyi arasında bağlanmış beynəlxalq əməkdaşlıq çərçivəsində interaktiv yardım layihəsinin icrası tədris ilinin başlanğıcında bitmək üzrədir. Bu layihənin icrasının nəticəsi olaraq bizim bütün təhsil müəssisələrimiz sürətli fiber-optik internetlə təmin olunacaq”.
Nazir bildirib ki, internet və kompüter təminatının yaxşılaşdırılması məktəblərin rəqəmsallaşmasına da imkan yaradıb:
“Bu ildən 20 ən böyük məktəb, xüsusilə şəhər məktəbləri və nazirliyə birbaşa tabe məktəblər “Rəqəmsal məktəb” layihəsinə qoşulub. Bu o deməkdir ki, həmin məktəblərdə sinif jurnallarının elektron qaydada yazılması, şagird nailiyyətlərinin və məktəbin idarə edilməsinə bağlı bütün məlumat bazasının elektron sistemdə qeydə alınması həyata keçiriləcək”.
Elxan Nəcəfov qeyd edib ki, konfransda şagirdlərin müxtəlif imtahan və müsabiqələrdə göstərdikləri nəticələr də təhlil olunub:
“Konfransda bütün təhlil nəticələrini göstərdik. Ali məktəblərə qəbul imtahanlarında, buraxılış imtahanlarında, olimpiada müsabiqələrində uğurlar və nəticələr təqdim edildi. Növbəti il üçün qarşıda daha yaxşı şagird nailiyyətlərinə nail olunması, digər istiqamətlərdə müəllimlərin seçimi, sertifikasiya prosesi, direktorların seçimi və təhsillə bağlı qarşımıza qoyulan müxtəlif tapşırıqlar təhsil ictimaiyyətinin, təhsil əməkdaşlarının diqqətinə çatdırıldı”.




