NDU-da beynəlxalq konfrans keçiriləcək
Naxçıvan Dövlət Universitetində 26–27 noyabr 2026-cı il tarixlərində “Qlobal iqlim dəyişmələri və su resursları” mövzusunda Beynəlxalq elmi konfrans keçiriləcək.
"Azərbaycan müəllimi" xəbər verir ki, müasir dövrdə qlobal iqlim dəyişmələri nəticəsində su ehtiyatlarının azalması və keyfiyyətinin pisləşməsi bəşəriyyət qarşısında duran ciddi ekoloji, iqtisadi və sosial çağırışlardan biridir. Konfransda su təhlükəsizliyinin təmin olunması, su ehtiyatlarının dayanıqlı idarə edilməsi, ekosistemlərin qorunması və iqlim dəyişmələrinə uyğunlaşma strategiyalarının hazırlanması ilə bağlı aktual elmi məsələlərin müzakirəsi nəzərdə tutulur.
Konfransın əsas elmi istiqamətlərinə qlobal iqlim dəyişmələrinin su resurslarına təsirinin elmi əsasları, su resurslarının dayanıqlı idarə olunması və su təhlükəsizliyi, su ekosistemlərinin qorunması və ekoloji davamlılıq, iqlim dəyişmələri şəraitində su ehtiyatları və kənd təsərrüfatı, iqlim siyasəti, beynəlxalq əməkdaşlıq və dayanıqlı inkişaf, eləcə də su resurslarının idarə olunmasında rəqəmsal texnologiyalar və innovasiyalar daxildir.
Beynəlxalq elmi platformada ali təhsil müəssisələrinin professor-müəllim heyətinin, elmi-tədqiqat institutlarının əməkdaşlarının, doktorantların, dissertantların, magistrantların, dövlət və özəl sektorun müvafiq sahə üzrə mütəxəssislərinin, həmçinin gənc tədqiqatçıların iştirakı nəzərdə tutulur.
Konfransa təqdim edilən elmi işlər akademik etika prinsiplərinə uyğunluq baxımından qiymətləndiriləcək. Xülasə və tam məqalələr müstəqil elmi ekspertizadan (peer-review) keçiriləcək, müsbət rəy almış materiallar konfransın rəsmi elmi məqalələr toplusunda nəşr olunacaq.
Konfrans elmi tədqiqatların təqdim olunması, qabaqcıl təcrübələrin paylaşılması və yeni elmi əməkdaşlıqların formalaşdırılması məqsədinə xidmət edəcək.




