“Məqsəd yalnız peşəkar idmançı olmaq deyil” - Əməkdar idman ustasından çağırış

22 İyun, 2026 - 10:06
“Məqsəd yalnız peşəkar idmançı olmaq deyil”

Azərbaycanda Elm və Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və müvafiq idman federasiyalarının dəstəyi ilə ölkədə ilk dəfə Məktəblilərin Respublika İdman Olimpiadası keçirilir.

Mövzu ilə bağlı “Azərbaycan müəllimi”nə danışan Azərbaycan kikboksçusu, Əməkdar idman ustası, Fuad Zeynalov qeyd edib ki, Azərbaycanda idmanın inkişafı gözlə görüləcək dərəcədədir:

“İdman sahəsinin inkişafına da digər sahələrdə olduğu kimi, ölkə başçısı tərəfindən tam nəzarət edilir. Ona görə də ölkəmizdə hər sahədə olduğu kimi bu sahədə də sürətli inkişaf gedir. İdman Olimpiadasının keçirilməsi məktəblərdə idmanın təməlini qoymaq baxımından əhəmiyyət daşıyır, şagirdlərin məktəbdə və sonrakı həyatında idmanla ciddi məşğul olmasına zəmin yaradır, bir sözlə, idman sağlam gələcəyin təməlidir”.

F.Zeynalov qeyd edib ki, həm oğlan, həm də qız şagirdlərin, tələbələrin idmanla məşğul olması çox vacibdir:

“Burada tək məqsəd məktəblilərimizin peşəkar idmançı olması deyil, həm də fiziki hazırlıqlı, sağlam olmağıdır. Bəzən valideynlər övladlarını, xüsusilə qız övladlarının ancaq təhsillə məşğul olmasını istəyirlər və bu zaman şagirdlər idmandan geri qalırlar. Amma bir şeyi başa düşməliyik ki, bizim hər zaman övladlarımızın yanında olmaq qarantiyamız yoxdur. Övladlarımız xoşagəlməz hallarda ən azından özünümüdafiə etməyi bacarmalıdırlar. Söhbət onların dünya çempionu olmasından getmir, ən azından onların özlərini müdafiə edə bilməsi, yaxud istənilməyən situasiyalarda ərazidən uzaqlaşa bilmələri üçün idman çox vacibdir”.

Əməkdar idman ustasının sözlərinə görə, oğlan şagirdlər gələcəkdə hərbi xidmətdə olarkən də idmanın və bu layihənin töhfələrini görəcəklər:

“Layihə ümumilikdə çox müsbətdir, tamamilə dəstəkləyirəm. İstər məktəblər, istər universitetlər arasında belə layihələrin olması gənclərimizin gələcəyi üçün çox xeyirlidir. Bu tədbirləri alqışlayıram”.