Məqsədli və sistemli hazırlığın bəhrəsi - 57 bal toplayan kimya müəllimi 

19 İyun, 2026 - 18:26
Məqsədli və sistemli hazırlığın bəhrəsi - 57 bal toplayan kimya müəllimi 

Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi davam edir. İmtahanlarda yüksək nəticə göstərən müəllimlərdən biri də Biləsuvar rayon Nizami Gəncəvi adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin kimya müəllimi Şəlalə Abbasova olub. O, Şirvan-Salyan regionu üzrə kimya fənni üzrə ən yüksək nəticəni göstərərək 57 bal toplayıb.

Şəlalə Abbasova imtahana hazırlıq prosesindən danışarkən bildirib ki, hazırlığını məqsədli və sistemli şəkildə qurub: “Çərçivə sənədində verilmiş mövzular əsasında planlı şəkildə hazırlaşmışam. Müntəzəm təkrarlar etməyə və mövzuları ardıcıllıqla öyrənməyə çalışmışam”.

 Müəllimin sözlərinə görə, imtahan prosesi rahat və şəffaf şəraitdə təşkil olunub: 

“İmtahan zamanı əsas məsələ özünə inanmaq və sakitliyi qorumaqdır. Səy göstərmək və rahat olmaq uğur qazanmağa kömək edir”. 

 Sualların məzmununu da müsbət qiymətləndirən Şəlalə Abbasova qeyd edib ki, test tapşırıqları mövcud tələblərə uyğun hazırlanmışdı: “Testlər tərtibat qaydalarına tamamilə uyğun idi. Suallar müxtəlif səviyyələri əhatə edir və iştirakçıların bilik və bacarıqlarını obyektiv qiymətləndirməyə imkan verirdi”. 

O, qarşıdakı günlərdə sertifikasiya imtahanı verəcək müəllimlərə də tövsiyələrini bölüşüb: 

“Ən vacib məqamlardan biri vaxtdan düzgün istifadə etməkdir. Əvvəlcə daha az vaxt tələb edən sualları cavablandırmaq, sonra isə mürəkkəb tapşırıqlara keçmək daha məqsədəuyğundur. Bu, həm vaxt itkisini azaldır, həm də nəticəyə müsbət təsir göstərir”.

Şəlalə Abbasovanın fikrincə, sertifikatlaşdırma müəllimlərin peşəkar inkişafına mühüm töhfə verir:

“Sertifikasiya müəllimlərin öz bilik və bacarıqlarını nümayiş etdirdiyi, eyni zamanda özünü inkişaf etdirməsinə imkan yaradan mühüm bir prosesdir. Bu, təhsilin keyfiyyətinin yüksəldilməsinə də xidmət edir”.