“Məqsədyönlü hazırlaşın” – 60 bal toplayan müəllimdən tövsiyə

25 İyun, 2026 - 11:40
“Məqsədyönlü hazırlaşın” – 60 bal toplayan müəllimdən tövsiyə

Quba-Xaçmaz bölgəsində keçirilən müəllimlərin sertifikasiya imtahanında müəllim maksimum nəticə göstərib. Belə ki, o, bütün suallara düzgün cavab verərək 60 bal toplayıb.

Qusarlı müəllim "Azərbaycan müəllimi" ilə sevincini paylaşıb.

Maksimal nəticə göstərən Sevinc Məhsimova Qusar rayon Caqarqışlaq kənd tam orta məktəbində 2018-ci ildən informatika müəllimi işləyir.

Sevinc müəllim qeyd edir ki, imtahan sualları arasında asan, orta və çətinləri var idi. Bununla belə o, bütün sualları düzgün cavablandırmağa müvəffəq olub. 

Sertifikasiya imtahanına münasibət bildirən uğurlu müəllim vurğulayır ki, müəllimlərin öz üzərində işləməsi, biliklərini yeniləməsi, eyni zamanda əməkhaqqının artımı baxımından sertifikatlaşdırma çox yaxşı prosesdir:

"Müəllimlərə tövsiyə edərdim ki, "asan, ya çətin olacaq", - deyə fikirləşmədən oturub məqsədyönlü şəkildə sertifikasiyaya hazırlaşsınlar".