Məqsədyönlü hazırlıq və zəhmət: sertifikatlaşdırmada fərqlənən müəllimlər danışır
Sertifikatlaşdırılma prosesi müəllimlərin peşəkar inkişafının təşviq olunması, onların bilik-bacarıqlarının obyektiv qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. 18 iyun Lənkəran şəhər Azər Məhərrəmov adına 7 nömrəli tam orta məktəbdə təşkil edilən sertifikatlaşdırma imtahanlarında uğurlu nəticə göstərən müəllimlər arasında Cəlilabad və Lerik rayonlarının kənd məktəblərində çalışan pedaqoqlar da yer alıblar. “Azərbaycan müəllimi” ilə təəssüratlarını bölüşən müəllimlərin əldə etdikləri nəticələr bir daha göstərir ki, uğur təkcə böyük şəhərlərdə deyil, kənd məktəblərində çalışan müəllimlərin də məqsədyönlü fəaliyyəti və davamlı özünüinkişafı sayəsində qazanılır.
“Müəllimlərin əməyinin maddi və mənəvi olaraq qiymətləndirilməsi böyük bir motivasiyadır”
Lənkəran rayonunun N.Həsənov adına Şıxəkaran və Ə.Xalıqov adına Rvo kənd tam orta məktəblərinin biologiya müəllimi, 7 illik pedaqoji staja malik Şəhalə Ağayeva Şirvan qızı sertifikatlaşdırma imtahanında 54 bal toplayıb. O, əldə etdiyi nəticəni uzunmüddətli və planlı əməyin bəhrəsi hesab edir:
“54 bal toplamaq mənim üçün böyük bir əməyin bəhrəsidir. Hazırlıq prosesində, ilk növbədə, çərçivə sənədi əsasında sistemli şəkildə çalışdım. Rəsmi dərsliklərdən, metodiki vəsaitlərdən və sınaq imtahanlarından geniş istifadə etdim. Əsas üsulum isə vaxtı düzgün idarə etmək oldu.
Kənd məktəbində bəzən texnoloji resursların çatışmazlığı kimi çətinliklərlə qarşılaşsaq da, buranın ən böyük üstünlüyü şagirdlərin elmə olan marağı və kənd icmasının müəllimə verdiyi yüksək dəyərdir. Bu mühit məndə çətinliklərə qarşı yaradıcı həllər tapmaq bacarığını inkişaf etdirdi və məni daha çevik bir pedaqoq etdi. Qazandığım illərin təcrübəsi, xüsusilə metodika və situasiya suallarını cavablandırarkən köməyimə çatdı. İmtahanda qarşıma çıxan bir çox nəzəri sualı sinifdə real olaraq yaşadığım təcrübələrlə əlaqələndirərək daha rahat və doğru şəkildə təhlil edə bildim. Təcrübə mənə stressi idarə etməkdə də böyük dəstək oldu. Müəllimlərin sertifikatlaşdırılması prosesini təhsilin keyfiyyətinin artırılmasında çox müsbət bir addım kimi qiymətləndirirəm. Sertifikatlaşdırma müəllimlərə öz bilik və bacarıqlarını obyektiv şəkildə görmək, yenilikləri təqib etmək və peşəkar özünəinamı artırmaq imkanı qazandırır. Eyni zamanda, yüksək nəticə göstərən müəllimlərin əməyinin maddi və mənəvi olaraq qiymətləndirilməsi böyük bir motivasiyadır.
Həmkarlarıma tövsiyəm odur ki, bu imtahandan qətiyyən qorxmasınlar və öz təcrübələrinə güvənsinlər. Uğurun açarı həyəcanı kənara qoyub proqram çərçivəsində sistemli və planlı şəkildə hazırlaşmaqdır. İnanıram ki, hər bir müəllim öz əməyinin qarşılığını mütləq alacaqdır”.
“Sertifikatlaşdırma müəllimlərə daim özünü inkişaf etdirməyin vacibliyini xatırladır”
Cəlilabad rayonunun Komanlı kənd orta məktəbinin kimya müəllimi Həsən Ağazadə 54 ballıq nəticə ilə uğur qazanan müəllimlər sırasındadır.
2022-ci ildən müəllim kimi çalışan müəllimin sözlərinə görə, uğurlu nəticənin əldə olunmasında nizam-intizamlı hazırlıq mühüm rol oynayıb:
“Hazırlıq zamanı nizamlı şəkildə öz üzərimdə çalışırdım. Testləri işləyərkən vaxt məhdudiyyəti tətbiq edirdim ki, imtahan zamanı vaxtı düzgün bölə bilim. Kənd məktəbində çalışmağın üstünlükləri ondan ibarətdir ki, müəllimin təcrübəsi daha da zənginləşir, müxtəlif pedaqoji üsulları sınaqdan keçirmək imkanı yaranır. Şagird sayı nisbətən az olduğundan hər bir şagirdə daha çox diqqət ayırmaq mümkündür. Düşünürəm ki, sertifikatlaşdırma prosesi müəllimlərə daim özünü inkişaf etdirməyin vacibliyini xatırladır. Həmkarlarıma tövsiyəm budur ki, daim öz üzərlərində çalışsınlar və yeniliklərə açıq olsunlar”.
“Sertifikatlaşdırılma təhsilin keyfiyyətinin yüksəlməsinə xidmət edir”
Kimya müəllimi Dilqəm Abbasov da 55 bal toplayaraq uğurlu nəticə əldə edən pedaqoqlardandır. Hazırda Cəlilabad rayonunun Bəcirəvan kənd tam orta ümumtəhsil məktəbində çalışan müəllim əldə etdiyi nəticədə həm hazırlıq prosesinin, həm də müəllimlik təcrübəsinin mühüm rol oynadığını bildirir:
“İxtisas fənni və kurikulum üzrə mövzuları mütəmadi olaraq təkrar edir, müxtəlif test tapşırıqları üzərində işləyirdim. Xüsusilə səhvlərimi analiz etməyə və zəif tərəflərimi gücləndirməyə çalışırdım. Hazırlıq zamanı metodik vəsaitlərdən, sınaq testlərindən və elektron resurslardan istifadə etdim. İllər ərzində qazandığım müəllimlik təcrübəsi də bu nəticəni əldə etməyimdə mühüm rol oynadı. Kənd məktəbində işləməyin müəyyən çətinlikləri olsa da, bu çətinliklər məni daha məsuliyyətli və dözümlü olmağa sövq edib. Şagirdlərlə daha sıx ünsiyyət qurmaq və onların inkişafına yaxından dəstək olmaq isə bu fəaliyyətin üstün tərəflərindəndir. Bütün bunlar peşəkar inkişafıma müsbət təsir göstərib. İllər ərzində qazandığım təcrübə imtahan zamanı sualları daha düzgün təhlil etməyə, vaxtdan səmərəli istifadə etməyə və qərarvermə bacarığımı artırmağa kömək etdi. Bu təcrübə uğurlu nəticə əldə etməyimdə mühüm rol oynadı.
Düşünürəm ki, müəllimlərin sertifikatlaşdırılması təhsilimizin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Bu proses müəllimləri daim öz üzərində işləməyə, bilik və bacarıqlarını təkmilləşdirməyə təşviq edir və nəticədə təhsilin keyfiyyətinin yüksəlməsinə xidmət edir. Sertifikatlaşdırma imtahanında iştirak edəcək bütün müəllimlərə uğurlar arzulayıram. Ən vacib məqam məqsədyönlü və davamlı hazırlaşmaqdır. Çətinliklərlə qarşılaşdıqda ruhdan düşməmək, səhvlərdən nəticə çıxarmaq və öz üzərində müntəzəm çalışmaq uğurun əsas şərtlərindəndir”.
“Mürəkkəb mövzuları özümün hazırladığım vizual diaqramlar və test tapşırıqları vasitəsilə sadələşdirib mənimsəmişəm”
Cəlilabad rayonunun Təklə kənd orta məktəbinin kimya müəllimi Səid İmanzadə isə sertifikatlaşdırma imtahanında 51 bal toplayıb. O hesab edir ki, müasir yanaşmalar və sistemli hazırlıq uğura aparan əsas amillərdəndir:
“Sertifikatlaşdırma imtahanına hazırlıq dövründə elmi-metodiki vəsaitlər və fənn kurikulumları ilə sistemli şəkildə işləyərək mürəkkəb mövzuları özümün hazırladığım vizual diaqramlar və test tapşırıqları vasitəsilə sadələşdirib mənimsəmişəm. Həmçinin kurikulum istiqamətində öz şagirdlərim olmuş, sonradan MİQ-ə hazırlaşan məzunlarımla birgə fəaliyyətimiz də hazırlıq prosesində mənə kömək edib. Kənd məktəbində çalışmaq resurs məhdudluğu ilə bağlı bəzi çətinliklər yaratsa da, şagirdlərlə qurduğum sıx münasibət və diferensial təlim metodlarını tətbiq etmək imkanı peşəkar yaradıcılığımı və dözümlülüyümü inkişaf etdirib. İllər ərzində qazandığım pedaqoji təcrübə mövzuların mahiyyətini daha dərindən analiz etməyimə və şagirdlərin çətinlik çəkdiyi məqamları əvvəlcədən müəyyən edərək imtahan suallarını daha obyektiv cavablandırmağıma birbaşa töhfə verib. Eyni zamanda vaxtilə şagirdim olmuş, hazırda universitet məzunu olan gəncin kimya fənni üzrə sürətli təkrar prosesində mənə dəstək göstərməsi də uğurumda rol oynayıb.
Sertifikatlaşdırma pedaqoji heyəti davamlı özünütəkmilləşdirməyə və innovativ təlim metodlarını izləməyə təşviq edərək bütövlükdə təhsilin keyfiyyətinin yüksəldilməsində mühüm rol oynayır. Həmkarlarıma əsas tövsiyəm odur ki, təkcə fənn biliklərini deyil, həm də müasir tədris texnologiyalarını və kurikulum prinsiplərini dərindən öyrənsinlər, nəzəriyyəni praktiki vizuallaşdırma üsulları ilə daim təkmilləşdirsinlər”.
Bu müəllimlərin əldə etdikləri nəticələr təhsilimizin hər nöqtəsində güclü müəllim potensialının formalaşdığını göstərməklə yanaşı, gələcək imtahanlarda iştirak edəcək müəllimlər üçün də mühüm motivasiya mənbəyidir.




