Metodistlər üçün “Mətn üzrə işin təşkili” mövzusunda vebinar keçirilib
ARTİ tərəfindən müəllimlərin oxuyub-anlama bacarıqlarının inkişafında metodik dəstəyin gücləndirilməsi məqsədilə Təhsil İnstitutu tərəfindən dekabr 11-də ümumi təhsil müəssisələrində metodik xidmətin təşkili üzrə fəaliyyət göstərən məktəbdaxili metodistlər və aparıcı metodistlər üçün “Mətn üzrə işin təşkili” mövzusunda vebinar təşkil olunub.
"Azərbaycan müəllimi" xəbər verir ki, vebinarın əsas məqsədi məktəbdaxili və aparıcı metodistlərin mətnlə işləmə prosesində müəllimlərə göstərə biləcəyi effektiv metodik yanaşmaları, oxu strategiyalarının düzgün tətbiqini və dərs prosesində mətn üzərində işin sistemli şəkildə qurulmasını təmin etmək olub.
Tədbir çərçivəsində aşağıdakı mövzular ətrafında müzakirələr aparılıb:
– mətn üzrə işin mərhələləri və məqsədyönlü planlaşdırılması;
– oxuyub-anlama bacarıqlarının inkişafına xidmət edən fəaliyyətlərin seçimi;
– mətnə uyğun tapşırıq dizaynı və diferensiasiya;
– məktəbdaxili və aparıcı metodistlərin müəllimə verdiyi rəy və metodik yönləndirmənin xüsusiyyətləri.
– Vebinar interaktiv formatda təşkil olunub, iştirakçılar praktiki nümunələr üzərində müzakirələr aparıb, real dərs situasiyalarına uyğun metodik yanaşmaları təhlil ediblər.
Qeyd edək ki, bu kimi vebinarlar məktəbdaxili və aparıcı metodistlərin peşəkar inkişafını dəstəkləməklə yanaşı, ümumi təhsil müəssisələrində oxu mədəniyyətinin və təlimin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.


