Məzunu olduğu universitetə prorektor təyin olundu
Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Elviz İsmayılov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) elm və innovasiya məsələləri üzrə prorektoru vəzifəsinə təyin olunub.
Universitetdən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, Elviz İsmayılov 1983-cü ildə Ermənistan SSR-in Kalinin rayonunun Qızıl Şəfəq kəndində anadan olub. Orta təhsilini Nəsimi rayonu 240 nömrəli tam orta məktəbdə başa vurub. Daha sonra Azərbaycan Dövlət Neft Akademiyasının (ADNSU) “Tətbiqi riyaziyyat” ixtisasına qəbul olunub və 2004-cü ildə bakalavr pilləsini bitirib. Elə həmin il Azərbaycan Dövlət Neft Akademiyasının “İnformatika” ixtisası üzrə magistraturaya qəbul olunub və 2006-cı ildə magistr dərəcəsi alıb.
2006-cı ildən Azərbaycan Dövlət Neft Akademiyasının “Tətbiqi riyaziyyat” kafedrasında “Sistemli analiz, informasiya emalı və idarəetmə” ixtisası üzrə aspiranturada təhsilini davam etdirib.
Əmək fəaliyyətinə akademik sahədə başlayan Elviz İsmayılov 2016-cı ildə Azərbaycan Dövlət Gömrük Akademiyasının İqtisadiyyat və təbiət elmləri kafedrasında baş müəllim vəzifəsində çalışıb. 2018-ci ildə ADNSU-nun “Ümumi və tətbiqi riyaziyyat” kafedrasında assistent vəzifəsinə təyin olunub. Azərbaycan Respublikası Prezidentinin yanında Ali Attestasiya Komissiyasının 23 sentyabr 2022-ci il tarixli qərarı ilə texnika üzrə fəlsəfə doktoru elmidərəcəsinə layiq görülüb.
2019–2024-cü illərdə ADNSU-nun Yüksək Performanslı Hesablama (HPC) mərkəzində elmimedia və dizayn işləri üzrə icraçı kimi fəaliyyətgöstərib. 2024-cü ildən etibarən isə ADNSU-nun Rəqəmsal İnkişaf və İnnovasiyalar Mərkəzinindirektoru vəzifəsində çalışır.
2019–2025-ci illərdə ADNSU-nun Tələbə Elmi Cəmiyyətlər Şurasının sədri olub və bu müddət ərzində universitet daxilində 6 respublika elmi konfransının təşkilinə rəhbərlik edib.
Elviz İsmayılov süni intellekt və yüksəkperformanslı hesablama (HPC) sahələrində 30-dan artıq elmi əsərin, o cümlədən 1 kitabın müəllifidir. Onun 10 məqaləsi Scopus elmmetrik bazasına daxil edilib. Bu istiqamətlər üzrə xarici ölkələrdə keçirilən beynəlxalq konfrans və simpoziumlarda məruzələrlə çıxış edib. Ümumilikdə 50-dən çox yerli startap komandasına mentorluq edib, bir sıra hakatonların təşkilatçısı olub.
O, 2020-ci ildə ADNSU-nun “Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920–2020)” Azərbaycan Respublikasının yubiley medalı ilə, həmçinin Azərbaycan Respublikasının elm və təhsil naziri tərəfindən Fəxri Fərmanla təltif olunub.


