“Microsoft”un təhsil rəhbəri: “Copilot” müəllimlərin iş yükünü azaldır
“Təhsil sistemləri süni intellektlə dəstəklənən tədrisə doğru irəlilədikcə məsuliyyətli yanaşma xüsusi əhəmiyyət daşıyır”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə “Microsoft”un Mərkəzi Avropa və Mərkəzi Asiya üzrə təhsil rəhbəri Lenka Axlerova sosial media hesabında paylaşım edib.
O bildirib ki, Azərbaycanda müəllimlərin artıq istifadə etdikləri etibarlı alətlərə inteqrasiya olunan və “Microsoft Copilot Studio” vasitəsilə hazırlanmış xüsusi “Copilot” agenti gündəlik hazırlıq və inzibati iş yükünü azaltmağa kömək edir.
“Bununla da “Copilot” agenti müəllimlərə şagirdlərlə daha keyfiyyətli qarşılıqlı əlaqə qurmağa və fərdiləşdirilmiş öyrənməyə daha çox diqqət ayırmağa imkan yaradır. Eyni zamanda məlumatların qorunması və məxfilik üzrə yüksək standartlar saxlanılır”, – deyə o vurğulayıb.
Qeyd edək ki, “Rəqəmsal məktəb” platformasında müəllim kabinetinə inteqrasiya olunan “Microsoft” alətləri tədris prosesinin daha səmərəli təşkili, şagirdlərlə əlaqənin gücləndirilməsi və dərslərin rəqəmsallaşdırılması məqsədinə xidmət edir. Bu çərçivədə “Microsoft Teams” onlayn dərslərin təşkili və ünsiyyət üçün, “Microsoft OneDrive” isə sənədlərin saxlanılması və paylaşılması üçün istifadə olunur.
Bundan əlavə, “Microsoft Copilot” müəllimlərə dərs planlarını və tədris materiallarını daha sürətli hazırlamağa, tapşırıq və testləri asanlıqla yaratmağa, mətnləri redaktə edib sadələşdirməyə, şagird nəticələrini analiz etməyə və ümumilikdə tədris prosesini daha sistemli və effektiv şəkildə idarə etməyə imkan yaradır.



