Milli Aviasiya Akademiyasında “Məzun günü” keçirilib
Milli Aviasiya Akademiyasında “Məzun günü”nə həsr olunmuş təntənəli mərasim keçirilib.
"Azərbaycan müəllimi" AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevin təbrik məktubu iştirakçıların diqqətinə çatdırılıb. Məktubu Akademiyanın iqtisadi və sosial məsələlər üzrə prorektoru, dosent Gülnarə Əhmədova səsləndirib.
Mərasimdə çıxış edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov Azərbaycanda mülki aviasiya sahəsinin inkişafı istiqamətində həyata keçirilən genişmiqyaslı layihələrdən, nəqliyyat infrastrukturunun modernləşdirilməsindən, aviasiya təhsilinin və insan kapitalının inkişafının dövlət siyasətinin əsas prioritetlərindən biri olmasından danışıb.
Daha sonra “Azərbaycan Hava Yolları” QSC-nin İdarə Heyətinin sədri Samir Rzayev çıxış edərək müasir aviasiya sənayesində peşəkar kadr hazırlığının əhəmiyyətini vurğulayıb, Milli Aviasiya Akademiyasının ölkənin aviasiya sisteminə yüksəkixtisaslı mütəxəssislər qazandırdığını bildirib.
Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, professor Səməd Seyidov və Milli Məclisin deputatı Cavanşir Feyziyev də çıxış edərək məzunları əlamətdar gün münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Mərasim çərçivəsində Akademiyanın ictimai və elmi həyatında fərqlənən tələbələrə sertifikatlar təqdim olunub. Təqdimat mərasimini Milli Aviasiya Akademiyasının birinci prorektoru, professor Ədalət Səmədov həyata keçirib.
Rəsmi hissədən sonra bədii proqram təqdim olunub. Milli rəqs nümunələri, musiqi nömrələri, tələbələrin səhnə çıxışları və tanınmış incəsənət nümayəndələrinin ifaları mərasimə xüsusi rəng qatıb.
Tədbirin ən yaddaqalan anlarından biri isə məzunların ənənəvi olaraq papaqlarını havaya atması olub.
Qeyd edək ki, Milli Aviasiya Akademiyası uzun illərdir Azərbaycanın mülki aviasiyası, aerokosmik sənayesi, informasiya texnologiyaları və digər mühüm sahələr üçün yüksəkixtisaslı kadrlar hazırlayaraq ölkənin insan kapitalının inkişafına mühüm töhfə verir.




