Milli pedaqogika tariximizdə Firidun bəy Köçərli fenomeni
Maarifçi-pedaqoq, yazıçı-publisist, tənqidçi, ədəbiyyatşünas Firidun bəy Əhməd ağa oğlu Köçərli Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixində dərin iz qoymuş görkəmli ziyalılardan biridir. O, təkcə bir pedaqoq deyil, həm də Azərbaycan ədəbi tənqidinin və ədəbiyyat tarixçiliyinin banisidir.
Firidun bəy Köçərli 1863-cü il yanvarın 26-da Şuşada ziyalı ailəsində anadan olmuşdur. O, ibtidai təhsilini Mirzə Kərim Münşizadənin məktəbində aldıqdan sonra 1876-cı ildə atasının məsləhəti ilə Şuşadakı rus şəhər məktəbinə daxil olmuş, fars və rus dillərini öyrənmişdir.
1879-cu ildə A.O.Çernyayevskinin dəvəti ilə Qori Müəllimlər Seminariyasının Azərbaycan bölməsinə daxil olmuş 1885-ci ildə oranı bitirmişdir.
1884-cü ildə Qori müəllimlər Seminariyasında təhsil aldığı müddətdə “Təlimi-Sokrat” əsərini qələmə almışdır. İrəvan gimnaziyasında çalışdığı illərdə A.Zöhrabzadə ilə birlikdə “Təlimi-lisani-türkü” adlı dərslik tərtib etmişdir. 1886-cı ildə ilk teatr tamaşasını, 1890-cı ildə isə İrəvanda “Müsyö Jordan və dərviş Məstəli şah” komediyasını səhnəyə qoymuşdur. “Təlimi-Sokrat” adlı kitabı 1891-ci ildə Bağçasarayda “Tərcüman” mətbəəsində, 1892-ci ildə isə A.S.Puşkindən tərcümə etdiyi “Torçu və balıq” mənzum nağılı İrəvan şəhərində kitab halında çapdan çıxmışdır. F.Köçərli “İqbal”, “Kaspi”, “İrşad”, “Kavkaz”, “Zakafkaziya” və başqa qəzetlərdə təhsil, təlim-tərbiyə problemlərinə həsr edilmiş məqalələrlə çıxış etmişdir. “Tatar komediyaları” adlı ilk elmi məqaləsi “Novoye obozreniye”, 1898-ci ildə isə “Ərəb əlifbası və onun qüsurları” adlı silsilə məqaləsi “Qafqaz” qəzetində dərc olunmuşdur. 1900-cü ildə Qori Müəllimlər Seminariyasının Ümumdünya Paris sərgisində nümayiş etdirilən eksponatları sırasına F.Köçərlinin kitabları da daxil edilmişdir.
F.Köçərlinin Azərbaycan və rus dillərində yazıb nəşr etdirdiyi məqalələr, kitablar hələ də cəmiyyət tərəfindən maraqla oxunur, tədqiq edilir və yüksək qiymətləndirilir.
O, ilk müəllimlik təcrübəsini İrəvan gimnaziyasında qazanmış və 10 illik fəaliyyəti dövründə bacarıqlı pedaqoq kimi şöhrət tapmışdır. 1895-ci ilin “Кавказский Календарь” (Qafqaz Təqvimi) məlumat kitabçasında qeyd olunan məlumata görə F.Köçərli 1895-ci ildə İrəvan gimnaziyasında yalnız İslam dini üzrə şəriət, Azərbaycan dili fənlərini deyil, həmçinin hüsnxətti də tədris etmiş, gimnaziyanın pansionunda tərbiyəçinin köməkçisi kimi fəaliyyət göstərmişdir. O, pedaqoji sahədə əldə etdiyi müvəffəqiyyətlərə görə dəfələrlə müxtəlif mükafatlara layiq görülmüşdür. 1899-cu ildə III dərəcəli “Müqəddəs Anna”, 1902-ci ildə isə II dərəcəli “Müqəddəs Stanislav” ordenləri ilə təltif edilmişdir. Yeri gəlmişkən qeyd edək ki, F.Köçərli İrəvan gimnaziyasında işlədiyi vaxtlarda tədris olunan “Azərbaycan dili” fənninin proqramını da işləyib hazırlamışdı. Akademik Hüseyn Əhmədovun keçən əsrin 70-ci illərində İrəvan Dövlət Arxivində apardığı araşdırmalar zamanı aşkarladığı proqramın tam mətni 2009-cu ildə orijinalda olduğu kimi rus dilində pedaqoji jurnalda nəşr edilmişdir. F.Köçərli 1895-ci ildə İrəvan şəhərini tərk etmiş, elə həmin ildə Qori Müəllimlər Seminariyasının “tatar şöbəsi”-nin Azərbaycan dili və şəriət müəllimi təyin edilmiş, ömrünün sonrakı 23 ilini burada yeni nəsil maarifçilərinin yetişdirilməsinə həsr etmişdir.
1910-cu ildə seminariyanın Azərbaycan şöbəsinin müvəqqəti təlimatçısı, sonradan isə Azərbaycan şöbəsinin inspektoru vəzifəsinə təyin olunmuşdur. 1918-ci ilə qədər orada pedaqoji fəaliyyətini davam etdirmişdir.
Azərbaycanda pedaqogika elminin inkişafında, məktəblərdə təlim-tərbiyə işinin yaxşılaşdırılması və müasir ruhda təşkil edilməsində F.Köçərlinin misilsiz xidmətləri olmuşdur. Uzun müddət məktəblərimizdə ana dilində müvafiq dərslik və dərs vəsaitinin olmaması onu çox narahat edirdi. “Təlim və tədris üçün ana dilimizdə kitablarımız olmadığı üçün müəllim əfəndilər fars və ərəbdən hansı kitabı xoşlasa idilər, şagirdlərinə onlardan dərs verərdilər”, - deyən F.Köçərli milli məktəblərimizdə “Tarixi-Nadir”, “Leyli və Məcnun”nun oxudulmasını tənqid edirdi.
F.Köçərli A.O.Çernyayevskinin 1882-ci ildə nəşr olunmuş “Vətən dili”, R.Əfəndiyevin “Uşaq bağçası”, “Bəsirətül-ətfal”, N.Nərimanovun “Türk-Azərbaycan dilinin müxtəsər sərf-nəhvi” və A.Y.Talıbzadənin qrammatika dərsliyini yüksək qiymətləndirmişdir. “Bu dərsliklər o zamana qədər fars dilində mövcud olan çərəkə əsasında, yəni höccələmək üsulu ilə dərs keçilən Azərbaycan məktəblərində tamamilə yeni bir islahat əmələ gətirdi” - deyən Köçərli tamamilə haqlı idi.
Firidun bəy Köçərli pedaqoji fəaliyyəti ilə əlaqədar olaraq rus şairlərinin bir sıra kiçik şeirlərini tərcümə edərək dərs kitablarına daxil etmişdir. Onun A.S.Puşkinin “Torçu və balıq”, M.Y. Lermontovun “Üç xurma ağacı”, A.V.Koltsovun “A kişi, niyə yatıbsan?!” kimi şeirlərini şagirdlərin diqqətinə çatdırması uşaqların rus ədəbiyyatı klassiklərinin yaradıcılığı ilə tanış olması istiqamətində atılmış əhəmiyyətli bir addım idi.
Qeyd edək ki, F.Köçərlinin yaradıcılığında əsas yeri “Azərbaycan ədəbiyyatı tarixi materialları” əsəri tutur. Onun Azərbaycan ədəbiyyatı tarixinə aid ilk əsərlərindən biri rusca yazılmış və 1903-cü ildə Tiflisdə dərc olunmuş 54 səhifəlik “Azərbaycan tatarlarının ədəbiyyatı” kitabıdır. Həmin əsər hazırda M.F.Axundov adına Milli Kitabxanada qayğı ilə qorunub saxlanılır. 1911-ci ildə isə onun “Mirzə Fətəli Axundov” adlı kitabı nəşr edilmişdir.
Azərbaycan ədəbiyyatı tarixinin vətənpərvər tədqiqatçısı F.Köçərli bir ədəbiyyatşünas kimi araşdırmalarına folklor nümunələrini yazıya almaqla başlamışdır. O, el sənətini dərin vətəndaşlıq hissi ilə sevərək dəyərləndirmiş, şifahi ədəbiyyatın unudulmaması üçün toplayıb qorumağı vacib hesab etmişdir. Bu məqsədlə, böyük maarifçi-pedaqoq və ədəbiyyatşünas Aşıq Valehin şeirlərinin, o cümlədən onun məşhur vücudnaməsinin, xalq bayatılarının, uşaq folkloru incilərinin bir qismini dövri mətbuatda çap etdirmişdir. Təsadüfü deyil ki, o, 1912-ci ildə çap etdirdiyi şifahi xalq ədəbiyyatı nümunələri kitabına bu baxımdan çox mənalı olan “Balalara hədiyyə” adı vermişdir. Müəllifin bu əsəri dövrünün əvəzsiz tədris vəsaitlərindən hesab edilirdi.
Bundan əlavə, onun zəngin publisistik irsində qadın təhsili, rus dilinin öyrənilməsinin vacibliyi və pedaqoji-tərbiyəvi məsələlər də geniş yer tuturdu.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə yerli ziyalıların böyük bir tarixi arzusu gerçəkləşdi. Bu dövrdə Qori seminariyasının Azərbaycan şöbəsinin Qazaxa köçürülməsi hökumətin icra etməli olduğu ən mühüm vəzifələrdən birinə çevrildi.
Cümhuriyyət hökumətinin 22 iyun 1918-ci il tarixli qərarına əsasən, Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan bölməsini Qazaxa köçürmək üçün F.Köçərliyə 5 min rubl vəsait ayrıldı. Beləliklə, həmin şöbə müstəqil seminariya statusu qazanaraq fəaliyyətini Qazaxda davam etdirməyə başladı. Xalq Maarif naziri N.Yusifbəylinin imzaladığı 12 oktyabr 1918-ci il tarixli 39 nömrəli sərəncama əsasən, F.Köçərli həmin ilin oktyabrın 1-dən etibarən Qazax Müəllimlər Seminariyasının direktoru vəzifəsinə təyin edildi.
Qazax seminariyasında direktor və müəllim vəzifələrində işləyən F.Köçərli təkcə dərs demək, yaxud seminariyanı idarə etməklə kifayətlənməyib, əhalini maarifləndirmək üçün başqa işlərin də həyata keçirilməsinə nail olur: özfəaliyyət dərnəkləri təşkil edir, yaşlılar üçün savad kursları açır, yeni məktəblər açmaq üçün təşəbbüs göstərir, xalq ədəbiyyatı nümunələri toplayır, bir sözlə, xalqı maarifləndirmək uğrunda yorulmaq bilmədən gecə-gündüz çalışırdı.
O, Qazaxda fəaliyyət göstərdiyi dövrdə şəxsi vəsaiti hesabına kimsəsiz uşaqlar üçün “yetimlər evi” də açmışdır. Firidun bəyin həyat yoldaşı Badisəba xanım Köçərli də pedaqoq olmuş və bu nəcib işdə, uşaqların təlim-tərbiyəsində onunla birlikdə yaxından iştirak etmişdir.
Görkəmli maarifçi-pedaqoq F.Köçərli 1920-ci ilin iyun ayında 57 yaşında bolşeviklər tərəfindən güllələnərək qətlə yetirilmişdir.
Azərbaycanda təhsilin, maarif və mədəniyyətin inkişafı, savadsızlığın aradan qaldırılması uğrunda yorulmadan iştirak etmiş və Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixində əhəmiyyətli yer tutmuş şəxslərdən biri olan F.Köçərlinin xatirəsi bu gün də xalqımız qəlbində yaşayır, dərin hörmət və ehtiram hissi ilə yad edilir. Ədibin xatirəsi Azərbaycan xalqı və dövləti tərəfindən daim əziz tutulur. Azərbaycan Respublikası Mərkəzi Komitəsinin 1967-ci il 12 sentyabr tarixli Sərəncamına əsasən F.Köçərlinin adı Respublika Uşaq Kitabxanasına verilmişdir. Onun kitabları nəşr etdirilib, haqqında çoxlu məqalə, kitab, dissertasiyalar yazılmış, ədəbi irsi araşdırılıb və tədqiq olunmuşdur. Qeyd edək ki, Firidun bəyin vaxtsız ölümündən sonra “Azərnəşr” nəşriyyatı 1925-1926-cı illərdə onun dörd iri cilddən ibarət olan və bu gün də öz əhəmiyyətini itirməyən materiallarını çap etmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2013-cü il fevralın 14-də Firidun bəy Köçərlinin 150 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalamış, bu münasibətlə onun “Balalara hədiyyə” kitabı yenidən çap olunmuşdur.
Yetişməkdə olan nəsil onun həyat və yaradıcılığını dərindən öyrənməli, özlərinin elmi-pedaqoji biliklərinin artırılmasında onun zəngin yaradıcılığından səmərəli istifadə etməlidirlər.
Görkəmli pedaqoq F.Köçərlinin zəngin pedaqoji irsi və müəllimlik peşəsi ilə bağlı irəli sürdüyü dəyərli fikirlər, xalqımızın məktəb və maarifçilik tarixinin silinməz, şanlı səhifələrini təşkil edir. Bu irsin öyrənilməsi və tətbiqi müasir təhsilimizin inkişafı üçün əvəzsiz bir bələdçidir.
Elm və Təhsil Nazirliyinin Xalq Təhsili Muzeyinin Fond və kitabxana şöbəsində təhsil sahəsində böyük xidmətləri olan maarifçilər, elm xadimləri, pedaqoq-alimlər, ziyalılar, o cümlədən Firidun bəy Köçərli haqqında sənəd və materiallar qorunub saxlanılır. Onun Azərbaycan təhsilinin inkişafına göstərdiyi xidmətləri barədə muzeyə gələn ziyarətçilərə ətraflı məlumat verilir, həmçinin muzey ekspozisiyasında müxtəlif sənədlər və fotoşəkillər nümayiş etdirilir. Bu məqaləni hazırlayarkən muzeyinin arxiv sənədləri, fotoşəkillər, nadir eksponatlarla zəngin ekspozisiya və fond materiallarından istifadə etmişəm.
İlhamə Məlikova,
Xalq Təhsili Muzeyinin elmi katibi



