Virtual məkan ciddi risk mənbəyinə çevrilib - Nazir müavini
“Uşaq yalnız ailənin deyil, bütövlükdə cəmiyyətin və dövlətin gələcəyidir. Dövlətin gələcəyinin necə olacağı bu gün uşaqlara göstərilən münasibətdən, onların təhlükəsizliyinin, hüquqlarının və sağlam inkişafının təmin edilməsindən birbaşa asılıdır”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri daxili işlər nazirinin müavini İsmət Əliyev Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış “Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi” adlı tədqiqat hesabatının və “Uşaqlar və Hüquq” adlı kitabın təqdimat mərasimində səsləndirib.
Nazir müavini bildirib ki, uşaqların hüquqlarının müdafiəsi ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi qəbul edilib: “Hüquqi bazanın mövcudluğu ilə yanaşı, uşaqların hüquqlarının real həyatda qorunmasını təmin edən praktiki mexanizmlər də mühüm əhəmiyyət daşıyır. Bu mexanizmlər arasında polis orqanlarının fəaliyyəti xüsusi yer tutur.
Belə ki, müasir dövrdə uşaqlara qarşı fiziki, psixoloji və məişət zorakılığı, baxımsızlıq, erkən nikah, uşaq əməyinin istismarı, kiberməkanda mövcud risklər və yol hərəkəti ilə bağlı uşaq travmatizmini yaradan təhlükəli amillər özünü göstərməkdədir”.
İsmət Əliyevin sözlərinə görə, risk altında olan uşaqların müəyyən edilməsi, təhlükəsiz mühitə çıxarılması, hüquqlarının bərpası və aidiyyəti dövlət qurumları ilə birlikdə müdafiəsinin təşkili istiqamətində DİN tərəfindən davamlı iş aparılır.
Nazir müavini vurğulayıb ki, bu gün uşaqların qarşılaşdığı təhlükələr artıq yalnız küçə və məişət mühiti ilə məhdudlaşmır: “Virtual məkan da ciddi risk mənbəyinə çevrilib. Kibertəqib, sosial şəbəkələr vasitəsilə psixoloji təsir, zərərli kontent, şantaj, onlayn istismar və digər təhlükələr qarşımızda yeni vəzifələr müəyyən edir.
Odur ki, müasir texnoloji çağırışlara uyğun bilik və bacarıqların artırılması məqsədilə valideynlər və təhsil müəssisələri ilə birlikdə profilaktik tədbirlər həyata keçirilir”.
Onun sözlərinə görə, uşaq hüquqlarının qorunması yalnız bir qurumun fəaliyyəti ilə təmin edilə bilməz. Bu istiqamətdə dövlət orqanları, təhsil müəssisələri, ailə institutları və vətəndaş cəmiyyəti arasında koordinasiyalı fəaliyyət mühüm əhəmiyyət daşıyır.
Nazir müavini onu da əlavə edib ki, yeniyetmələrin, gənclərin, təhsildən yayınan, tədris göstəriciləri zəif olan, intizam pozuntularına meyilli və risk qrupuna aid edilən uşaqların, eləcə də onların valideynlərinin iştirakı ilə müxtəlif mövzularda maarifləndirici tədbirlər keçirilib.
Bu tədbirlərdə təhsildən yayınmanın ağır nəticələri, erkən nikahın fəsadları, məişət zorakılığının yaratdığı problemlər, narkomaniya əleyhinə və digər aktual məsələlər barədə geniş məlumat verilib.


