“Milli Proqram” çərçivəsində 37 mindən çox vətəndaş “Coursera” təlimlərindən faydalanıb
İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun (TİF) birgə icra etdiyi “4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”ın icrasına həsr olunmuş tədbir keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, 4SİM-in icraçı direktorunun müavini Soltan Bayramov proqramın insan kapitalının inkişafında oynadığı rolu vurğulayıb. Bildirilib ki, rəqəmsal iqtisadiyyat, dördüncü sənaye inqilabı texnologiyaları və innovasiya sahələrində mütəxəssislərin hazırlanması uzunmüddətli iqtisadi inkişaf üçün mühüm baza yaradır.
TİF-in İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən İlqar Bayramlı proqramın ölkədə yüksək rəqabət qabiliyyətinə malik insan kapitalının formalaşmasına verdiyi töhfəyə diqqət çəkib. “Milli Proqram”ın vətəndaşlara texnoloji bilik və bacarıqlar qazandırmaqla yanaşı, onların peşəkar inkişafını dəstəklədiyi, əmək bazarında rəqabət qabiliyyətini artırdığı və gələcək karyera imkanlarını genişləndirdiyi qeyd edilib.
Tədbirdə bildirilib ki, “Milli Proqram” çərçivəsində indiyədək 37 500 vətəndaş “Coursera” onlayn təhsil platformasında 75 mindən çox təlimi uğurla başa vuraraq beynəlxalq sertifikatlar əldə edib. Proqram çərçivəsində platformada dünyanın 375-dən çox nüfuzlu universiteti və aparıcı texnologiya şirkətlərinin 13 mindən çox təlimi vətəndaşlara ödənişsiz təqdim olunub. 2500 təlim Azərbaycan dilində altyazı ilə, ən çox tələbat olan 15 təlim isə dublyaj edilib. İstifadəçilərin rahatlığı üçün “Milli Proqram”ın interfeysi “Coursera” platformasında Azərbaycan dilində istifadəyə verilib.
Hesabat dövründə “Milli Proqram” istifadəçiləri daha çox süni intellekt, layihələrin idarəolunması, data elmi, kommunikasiya, biznes, kibertəhlükəsizlik və yumşaq bacarıqlar kimi sahələrdə təklif olunan təlimlərə müraciət ediblər.
“Coursera” şirkətinin Avropa, Yaxın Şərq və Afrika regionu üzrə idarəedici direktoru Nikolaz Fuko “Milli Proqram”ın icrasını yüksək qiymətləndirib. Süni intellekt və avtomatlaşdırma dövründə qlobal əmək bazarında yaranan yeni tendensiyalar barədə məlumat verib və bacarıqlara əsaslanan öyrənmə modelinin əhəmiyyətini vurğulayıb. Azərbaycanın “Coursera” platformasında istifadəçi fəallığı və nəticələr baxımından regionun nümunəvi ölkələrindən biri olduğu, son iki ildə platformadakı azərbaycanlı istifadəçilərin sayının təxminən iki dəfə artaraq 240 mini ötdüyü qeyd edilib.
Proqramın ən fəal iştirakçılarının uğur hekayələri təqdim olunub, təşəbbüsün fərdi inkişaf üçün yaratdığı real imkanlar nümayiş etdirilib. Həmçinin, istifadəçilər arasında qadınların payının 54%-dən yüksək olduğu diqqətə çatdırılıb.
Daha sonra tədbir çərçivəsində “Coursera” şirkəti ilə yerli universitetlərin nümayəndələri arasında platformada təqdim olunan kursların ali məktəblərin kurikulumlarına inteqrasiyası ilə bağlı müzakirələr aparılıb və ali təhsil ekosistemində bacarıq yönümlü transformasiyanın gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Tədbirə dövlət qurumlarının, özəl sektorun, ali təhsil müəssisələrinin nümayəndələri və layihənin tərəfdaşları qatılıb.
Qeyd edək ki, “Milli Proqram” çərçivəsində 1 il ərzində Azərbaycanda on minlərlə istifadəçinin dünyanın ən böyük onlayn tədris platforması olan “Coursera”da təlimlərdən faydalanması nəzərdə tutulub. Azərbaycan vətəndaşları yaşından və məşğulluq vəziyyətindən asılı olmayaraq https://form.4sim.gov.az saytından qeydiyyatdan keçərək bu imkandan yararlana bilirlər. “Milli Proqram” SOCAR, Paşa Holdinq, bp, JOCAP və “Azerconnect Group” kimi aparıcı şirkətlərin tərəfdaşlığı ilə həyata keçirilir.



