Minatəmizləyənlərin övladlarının təhsil haqlarını dövlət ödəyəcək

10 Aprel, 2026 - 13:24
Minatəmizləyənlərin övladlarının təhsil haqlarını dövlət ödəyəcək

Minatəmizləmə zamanı həlak olmuş minatəmizləyənlərin övladlarının təhsil haqlarının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi təklif edilir.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Vergi Məcəlləsində, “Təhsil haqqında” və “Minatəmizləmə fəaliyyəti haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Dəyişiklik minatəmizləmə fəaliyyəti həyata keçirən zaman həlak olmuş minatəmizləyənlərin övladlarının mülkiyyət formasından asılı olmayaraq, Azərbaycan Respublikasının təhsil müəssisələrində ödənişli əsaslarla təhsil (əlavə təhsil istisna olmaqla) aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsini nəzərdə tutur.

Bu qanun layihəsinin keçid maddəsinə əsasən, 2026-cı il sentyabrın 15-dən tətbiq edilməsi nəzərdə tutulan dəyişikliklər bu qanun qüvvəyə mindiyi tarixədək minatəmizləmə fəaliyyətini həyata keçirən zaman həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin övladlarına da (ən çoxu 23 yaşına çatanadək) şamil olunacaq.

Qeyd edək ki, qanun layihəsi birinci oxunuşda qəbul edilib.