MİQ-də 95 bal toplayan müəllim: “MİQ müəllim olmaq istəyənlərin işlə təmin olunması baxımından çox gözəl təşəbbüsdür”
Bu gün müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin test imtahanı mərhələsində təsviri incəsənət müəllimləri bilik və bacarıqlarını sınayıblar. Sumqayıt şəhərində təşkil olunan imtahanda yüksək nəticə göstərən namizədlər arasında ölkənin müxtəlif şəhər və bölgələrini təmsi edən namizədlər var idi. Yüksək nəticə göstərən müəllim namizədlərin bəziləri üçün bu, ilk uğur deyildi. Onların arasında əvvəlki illərdə də imtahanda iştirak edən və işləyən müəllimlər, hətta sertifikasiya imtahanında uğur qazananlar da var idi.
"İxtisas sualları sırf dərslikdəki mövzuları əhatə edirdi"
İmtahanda 95 bal toplayan Zəkiyyə Nuriyeva ilk dəfə 2017-ci ildə MİQ imtahanında iştirak edib və 2018-ci ildən M.Əsədov adına inteqrasiya təlimli internat tipli gimnaziyada təsviri incəsənət müəllimi işləyir. Bu il keçirilən sertifikasiyada 58 bal toplayan Zəkiyyə müəllim bildirir ki, MİQ imtahanında növbəti dəfə iştirak etməkdə məqsədi özünü sınamaq və ikinci iş yeri olaraq digər bir məktəbdə fəaliyyət göstərmək imkanı əldə etmək olub: "Deyirdilər ki, MİQ imtahanı sertifikasiyadan daha çətin olur. İştirak edib gördüm ki, sertifikasiya daha çətin imiş. Dərs saatım az olduğuna görə vakansiya olarsa Sumqayıt şəhərində başqa bir məktəbdə ikinci iş yeri olaraq çalışmaq istərdim".
Zəkiyyə müəllimin sözlərinə görə, ixtisas sualları sırf dərslikdəki mövzuları əhatə edib. Kurikulum sualları isə çərçivə sənədinə uyğun tərtib olunub: "Düşünürəm ki, müəllimlərin imtahana cəlb olunması çox yaxşı haldır. Mən 8 ildir işləyirəm və hər dəfə oxuyub hazırlaşdıqca yeni nələrsə öyrənirəm".
"İnsan qarşısına məqsəd qoyarsa..."
Səbinə Çələbiyeva da 95 bal toplayıb və artıq üçüncü dəfədir MİQ-də iştirak edir. 2022-ci ildə 67.75 bal toplayaraq İsmayıllı rayonu Buynuz kənd tam orta məktəbində təsviri incəsənət müəllimi işləməyə başlayıb. O, sertifikasiya imtahanında 57 bal toplayıb: "Mən 4 ilə yaxındır həftənin 3 günü Bakı-İsmayıllı yolu gedib-gəlirəm. 2 yaşlı övladım var. MİQ imtahanında 3-cü dəfədir iştirak edirəm. Keçən il 77 bal toplamışdım. Məqsədim vakansiya olarsa iş yerimi Bakı şəhərində yerləşən məktəbə dəyişməkdir".
Səbinə müəllim də ixtisas suallarının çox asan, kurikulum suallarının isə düşündürücü olduğunu deyir: "Fikrimcə MİQ imtahanı gənc, müəllim olmaq istəyən kadrların işlə təmin olunması baxımından çox gözəl təşəbbüsdür. Müəllimlərin öz üzərində işləməsi üçün yaxşı vasitədir. İnsan qarşısına məqsəd qoyarsa hər bir çətinliyin öhdəsindən gələ bilər".
"İmtahana ciddi hazırlaşmışdım"
Sərmayə İsazadə də 95 bal toplayan müəllimlərdəndir və ikinci ildir imtahana qatılır. 2024-cü ildə ADPU-nun "Təsviri incəsənət müəllimi" ixtisasını bitirib. 2025-ci ildə MİQ imtahanında 89 bal toplayıb, vakansiya olmadığına görə daimi işlə təmin olunmayıb, Siyəzən rayonunda müqavilə ilə müəllim işləyib: "Ümid edirəm ki, bu il topladığım balla yaşadığım Sumqayıt şəhərində məktəblərin birində daimi işlə təmin olunaram. İmtahana ciddi hazırlaşmışdım. Müəllimlərin işlə təmin olunması baxımından MİQ imtahanının çox gözəl vasitə olduğunu hesab edirəm".




