Qlobal transformasiya şəraitində orta ixtisas təhsilinin yeni inkişaf istiqamətləri 

15 İyul, 2026 - 14:06
Qlobal transformasiya şəraitində orta ixtisas təhsilinin yeni inkişaf istiqamətləri 

XXI əsrin üçüncü onilliyi qlobal iqtisadiyyatın, əmək bazarının və təhsil sistemlərinin dərin struktur transformasiyası ilə xarakterizə olunur. Rəqəmsal texnologiyaların sürətli inkişafı, süni intellektin geniş tətbiqi, robototexnika və avtomatlaşdırmanın istehsal və xidmət sektorlarına nüfuz etməsi, yaşıl iqtisadiyyata keçid, iqlim dəyişiklikləri ilə mübarizə, demoqrafik proseslər, urbanizasiya, qlobal dəyər zəncirlərinin yenidən formalaşması və geosiyasi dəyişikliklər peşələrin məzmununu, əmək funksiyalarını və işəgötürənlərin kadr siyasətini əsaslı şəkildə yenidən müəyyənləşdirir. Əgər əvvəlki dövrlərdə əmək bazarında əsas üstünlük peşə üzrə nəzəri biliklərə və formal kvalifikasiyalara verilirdisə, hazırda əsas meyar dəyişən texnologiyalara çevik uyğunlaşmaq, yeni bacarıqları qısa müddətdə mənimsəmək, rəqəmsal mühitdə səmərəli fəaliyyət göstərmək və mürəkkəb problemləri yaradıcı şəkildə həll etmək bacarığı hesab edilir.

Dünya İqtisadi Forumunun "The Future of Jobs Report 2025" hesabatına əsasən, 2030-cu ilə qədər qlobal əmək bazarında mövcud peşələrin əhəmiyyətli hissəsinin məzmunu dəyişəcək, texnoloji inkişafın və iqtisadi transformasiyanın təsiri ilə milyonlarla yeni iş yerləri yaranacaq, bir sıra ənənəvi peşələr ya tamamilə aradan qalxacaq, ya da köklü şəkildə yenidən formalaşacaq. Hesabat göstərir ki, işçilərin əksəriyyətinin yaxın illərdə yenidən ixtisaslaşmasına və yeni bacarıqlar əldə etməsinə ehtiyac yaranacaq. Bu tendensiya göstərir ki, iqtisadiyyatın əsas resursu artıq yalnız maddi kapital deyil, yüksək kompetensiyalara malik insan kapitalıdır.

Oxşar nəticələr OECD-nin "Education at a Glance 2024" və "OECD Skills Outlook" nəşrlərində də öz əksini tapır. OECD vurğulayır ki, əmək bazarında uğurun əsas göstəricisi diplomun özü deyil, fərdin real səriştələri, problem həll etmə qabiliyyəti, analitik düşüncəsi, rəqəmsal bacarıqları və ömürboyu öyrənməyə hazırlığıdır. Bu baxımdan təhsil sistemlərinin əsas vəzifəsi yalnız məzun buraxmaq deyil, dəyişən iqtisadiyyatın tələblərinə cavab verə bilən çevik və davamlı öyrənmə bacarığına malik mütəxəssislər hazırlamaqdır.

UNESCO özünün "Strategy for TVET 2022–2029" sənədində texniki və peşə təhsilini dayanıqlı inkişafın, sosial inklüzivliyin və iqtisadi rəqabət qabiliyyətinin mühüm hərəkətverici qüvvəsi kimi qiymətləndirir. Sənəddə qeyd edilir ki, müasir TVET sistemi yalnız konkret peşə üzrə praktiki bacarıqların formalaşdırılması ilə məhdudlaşmamalı, o cümlədən, innovativ düşüncə, rəqəmsal savadlılıq, yaşıl iqtisadiyat üzrə bacarıqlar, sahibkarlıq kompetensiyaları və vətəndaş məsuliyyəti kimi universal bacarıqların inkişafını təmin etməlidir. UNESCO-UNEVOC-un 2023–2025-ci illərdə dərc etdiyi analitik materiallarda da vurğulanır ki, TVET artıq iqtisadiyyatın ehtiyaclarına passiv reaksiya verən sistem deyil, əmək bazarının gələcək inkişafını qabaqlayan və innovasiyaları stimullaşdıran strateji institut kimi fəaliyyət göstərməlidir.

Beynəlxalq Əmək Təşkilatının "Global Employment Trends 2024" və "World Employment and Social Outlook 2024" hesabatlarında göstərilir ki, rəqəmsallaşma, yaşıl iqtisadiyyata keçid və demoqrafik dəyişikliklər nəticəsində əmək bazarında bacarıqların strukturunda ciddi dəyişikliklər baş verir. Xüsusilə orta ixtisas təhsili pilləsində texniki mütəxəssislərə, istehsal üzrə operatorlara, logistika, səhiyyə, informasiya texnologiyaları, bərpa olunan enerji və xidmət sektorlarında çalışan praktik kadrlara tələbatın davamlı şəkildə artacağı proqnozlaşdırılır. ILO bu şəraitdə peşə təhsilinin məşğulluq siyasətinin ayrılmaz hissəsi olduğunu və iqtisadi dayanıqlığın təmin edilməsində mühüm rol oynadığını qeyd edir.

Dünya Bankı isə bacarıqların inkişafını iqtisadi məhsuldarlığın və sosial rifahın əsas amillərindən biri kimi qiymətləndirir. Bankın "World Development Report 2023: Migrants, Refugees, and Societies", eləcə də, 2024–2025-ci illərdə bacarıqlar və məşğulluq üzrə dərc etdiyi analitik materiallarda qeyd edilir ki, insan kapitalına qoyulan investisiyalar, xüsusilə də, əmək bazarının tələblərinə uyğun qurulan texniki və peşə təhsili sistemləri ölkələrin innovasiya potensialını artırır, məhsuldarlığı yüksəldir və dayanıqlı iqtisadi artımı təmin edir. Dünya Bankının yanaşmasına görə, TVET və subbakalavr proqramları yalnız gənclərin məşğulluğunu artıran mexanizm deyil, həm də, iqtisadiyyatın texnoloji modernləşməsini dəstəkləyən əsas alətlərdən biridir.

Beləliklə, beynəlxalq təşkilatların son illərdə irəli sürdüyü strateji yanaşmalar TVET və subbakalavr təhsilinin əmək bazarı, innovasiya və iqtisadi inkişaf siyasətinin ayrılmaz elementi kimi yenidən konseptuallaşdırıldığını göstərir. Yaxın onillikdə ölkələrin rəqabət qabiliyyəti peşə təhsili sistemlərinin çevikliyi və əmək bazarına adaptasiya imkanlarından əhəmiyyətli dərəcədə asılı olacaqdır. Bu yanaşmalar Azərbaycan Respublikasının inkişaf prioritetləri ilə də uzlaşır. Beləki, Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2021-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədində "Rəqabətqabiliyyətli insan kapitalı və müasir innovasiyalar məkanı" ölkənin əsas strateji prioritetlərindən biri kimi müəyyən edilmiş, əmək bazarının tələblərinə uyğun insan kapitalının formalaşdırılması dövlət siyasətinin əsas istiqaməti kimi qiymətləndirilmişdir.

Orta ixtisas təhsilinin transformasiyası: səriştəəsaslı yanaşma və ömürboyu öyrənmə

Beynəlxalq ekspertlərin yekdil qənaətinə görə, müasir dövrdə insanların diplomu tədricən bacarıqlar ilə əvəz olunur. Artıq işəgötürənlər namizədlərin yalnız formal təhsil sənədinə deyil, onların konkret peşə ilə bağlı səriştələrinə, texnoloji bacarıqlarına, problem həll etmə qabiliyyətinə və dəyişən şəraitə uyğunlaşmaq imkanlarına üstünlük verirlər. 

Beləliklə, beynəlxalq təcrübədə səriştəəsaslı təhsil TVET sisteminin əsas fəlsəfəsinə çevrilmişdir. Ənənəvi fənn və saat mərkəzli kurikulumlar mərhələli şəkildə əmək bazarının tələb etdiyi peşə bacarıqları əsasında qurulan çevik təhsil proqramları ilə əvəz olunur. CEDEFOP-un 2024-cü il analitik hesabatında vurğulanır ki, Avropa ölkələrinin əksəriyyətində kurikulumların hazırlanması prosesinə işəgötürən təşkilatlar, sənaye assosiasiyaları və sektor bacarıqları şuraları birbaşa cəlb edilir. Bu isə təhsil proqramlarının əmək bazarının cari və perspektiv tələblərinə uyğunlaşdırılmasına, məzunların məşğulluq imkanlarının genişlənməsinə və iqtisadiyyatın ehtiyaclarına daha çevik cavab verilməsinə şərait yaradır. 

Sözü gedən yanaşma Azərbaycan Respublikasının "Təhsil haqqında" Qanununda təsbit edilmiş təhsilin əsas məqsəd və vəzifələri ilə də uzlaşır. Qanuna əsasən, təhsil sistemi cəmiyyətin və əmək bazarının dəyişən tələblərinə uyğun bilik, bacarıq və səriştələrə malik şəxsiyyətin formalaşdırılmasını təmin etməlidir. Səriştəəsaslı təhsil modelinin tətbiqi yalnız beynəlxalq təcrübənin mənimsənilməsi deyil, eyni zamanda, milli təhsil siyasətinin strateji prioritetlərinin həyata keçirilməsinə xidmət edən mühüm istiqamətlərdən biridir.

UNESCO və Dünya Bankı son illərdə TVET sisteminin transformasiyasında “ömürboyu öyrənmə ekosistemi” anlayışını prioritet istiqamət kimi təqdim edirlər. Bu modelə əsasən, subbakalavr təhsili ali təhsilə alternativ deyil, onun ayrılmaz tərkib hissəsi hesab edilir. Fərd öz əmək fəaliyyəti dövründə müxtəlif mərhələlərdə yeni modullar, qısamüddətli proqramlar və mikrokvalifikasiyalar vasitəsilə öz bacarıqlarını yeniləyir. Beləliklə də, təhsil birdəfəlik proses deyil, bütün peşə fəaliyyəti boyunca davam edən inkişaf mexanizminə çevrilir.

Avropa Komissiyasının 2023-cü ildə qəbul etdiyi "European Approach to Micro-credentials" sənədi son illərin ən mühüm yeniliklərindən biri hesab edilir. Bu sənədə əsasən, qısa müddətli modul proqramları ilə əldə edilən mikrokvalifikasiyalar Avropa Ali Təhsil Məkanında tanınır və kreditləşdirilir. Bu model subbakalavr təhsilinə tamamilə yeni məzmun qazandırır. Artıq tələbə uzunmüddətli proqramı bitirmədən də əmək bazarında tələb olunan konkret bacarıqları əldə edə bilir və sonradan həmin modulları genişləndirərək tam kvalifikasiya qazana bilir. Azərbaycanda da çevik kvalifikasiya yanaşmalarının tətbiqi, modul əsaslı proqramların hazırlanması və əmək bazarı ilə inteqrasiya olunmuş təhsil modellərinin inkişaf etdirilməsi 2022–2026-cı illər üçün Sosial-iqtisadi inkişaf Strategiyası çərçivəsində qarşıya qoyulan hədəflərlə uyğunluq təşkil edir.

Rəqəmsal transformasiya, süni intellekt və yaşıl bacarıqlar yeni inkişaf prioritetləri kimi

TVET və subbakalavr proqramlarında rəqəmsal transformasiya əsas prioritet istiqamət hesab edilir. UNESCO-UNEVOC-un 2024-cü il hesabatında qeyd edilir ki, rəqəmsal bacarıqlar artıq yalnız informasiya texnologiyaları üzrə təhsil alan tələbələr üçün deyil, bütün ixtisaslar üzrə baza kompetensiyası hesab edilməlidir. Müasir avtomobil mexaniki, aqronom, tibb işçisi, logist, elektrik və ya turizm mütəxəssisi rəqəmsal platformalar, süni intellekt əsaslı proqram təminatı və məlumat bazaları ilə işləməyi bacarmalıdır.
Süni intellektin təhsil prosesinə inteqrasiyası son illərdə beynəlxalq təhsil gündəliyinin əsas prioritet istiqamətlərindən birinə çevrilmişdir. OECD-nin 2024–2025-ci illərdə süni intellekt və rəqəmsal təhsil üzrə yayımladığı analitik materiallarda qeyd edilir ki, AI texnologiyaları fərdiləşdirilmiş öyrənmə mühitinin yaradılması, adaptiv qiymətləndirmənin tətbiqi, öyrənmə analitikasının inkişafı, tələbələrin fərdi inkişaf trayektoriyalarının müəyyənləşdirilməsi və virtual mentorluq imkanlarının genişləndirilməsi baxımından zəruri potensiala malikdir.

UNESCO-nun 2023-cü ildə nəşr etdiyi "Guidance for Generative AI in Education and Research" sənədində generativ süni intellektin təhsil və tədqiqat mühitində tətbiqinə dair etik idarəetmə prinsipləri müəyyən edilmiş, texnologiyaların insanmərkəzli yanaşma, inklüzivlik, şəffaflıq, məlumatların qorunması və akademik dürüstlük prinsiplərinə uyğun şəkildə istifadəsinin vacibliyi vurğulanmışdır. Bu mənada AI savadlılığı artıq bir çox subbakalavr proqramlarında formalaşdırılması zəruri hesab edilən baza kompetensiyalarından biri kimi qəbul edilir. Ölkəmizdə də təhsil sisteminin rəqəmsallaşdırılması, rəqəmsal bacarıqların inkişaf etdirilməsi və innovativ texnologiyaların tədris prosesinə inteqrasiyası Elm və Təhsil Nazirliyinin son illərdə həyata keçirdiyi islahatların əsas istiqamətlərindən biri kimi müəyyən edilmişdir.

Yaşıl iqtisadiyyat istiqaməti də TVET sistemində əsas prioritetlərdən biridir. ILO-nun "World Employment and Social Outlook 2024", Avropa Komissiyasının "European Green Deal", UNESCO və Dünya Bankının yaşıl bacarıqlar üzrə araşdırmaları göstərir ki, bərpa olunan enerji, enerji səmərəliliyi, elektrik nəqliyyatı, hidrogen texnologiyaları, karbon emissiyalarının azaldılması, tullantıların idarə edilməsi və dövri iqtisadiyyat üzrə milyonlarla yeni iş yerlərinin yaranacağı gözlənilir. Hazırkı mərhələdə formalaşan "Greening TVET" konsepsiyasına uyğun olaraq, yaşıl bacarıqlar müstəqil təhsil istiqaməti kimi deyil, bütün peşə və subbakalavr proqramlarının kurikulumlarına inteqrasiya edilən ümumi (transversal) kompetensiyalar kimi qəbul edilir. Bu model təhsilalanlarda dayanıqlı istehsal və istehlak, enerji səmərəliliyi, resurslardan səmərəli istifadə, aşağı karbonlu texnologiyalar və ekoloji məsuliyyət sahəsində bacarıqların formalaşdırılmasını hədəfləyir.

Əmək bazarının yeni tələbləri və TVET sistemində institusional yeniliklər

CEDEFOP-un Skills Forecast 2025 araşdırmasına əsasən, Avropa əmək bazarında ən yüksək tələbat yalnız yüksək texnologiyalı mühəndislərə deyil, eləcə də, orta ixtisas təhsilli texniki işçilərə, sənaye operatorlarına, logistika mütəxəssislərinə, tibbi texniklərə, laboratoriya əməkdaşlarına, enerji sistemləri üzrə texniklərə, avtomatlaşdırma operatorlarına və İKT dəstək mütəxəssislərinə yönələcəkdir. Bu fakt göstərir ki, iqtisadi inkişafın əsas hərəkətverici qüvvəsi yalnız ali təhsil deyil, həmçinin, yüksək keyfiyyətli orta ixtisas təhsilidir. Nəticə etibarilə, iqtisadiyyatın rəqabətə davamlılığı təkcə yüksək texnologiyaların inkişafından deyil, həmin texnologiyaları idarə edə bilən peşəkar orta ixtisas mütəxəssislərinin hazırlanmasından da asılıdır.

Dünya Bankı 2024-cü il hesabatlarında "Skills for Productivity" konsepsiyasını ön plana çıxararaq vurğulayır ki, ölkələrin iqtisadi artımı yeni universitetlərin sayından daha çox, əmək bazarının tələbatına uyğun bacarıqların formalaşdırılmasından asılıdır. Bu anlamda subbakalavr hazırlığı üzrə təhsil proqramları sənaye, kənd təsərrüfatı, logistika, səhiyyə, informasiya texnologiyaları və xidmət sektorunda məhsuldarlığın artırılmasının mühüm alətidir.

Müasir beynəlxalq təcrübədə dual təhsil modeli də xüsusi əhəmiyyət kəsb edir. Almaniya, İsveçrə, Avstriya, Danimarka, Finlandiya və Niderland təcrübəsi göstərir ki, iş yerlərində öyrənmə ilə auditoriya təhsilinin inteqrasiyası məzunların məşğulluq səviyyəsini əhəmiyyətli dərəcədə artırır. OECD-nin məlumatlarına görə, dual təhsil sistemini geniş tətbiq edən ölkələrdə gənclər arasında işsizlik səviyyəsi əksər hallarda daha aşağı olur. Analoji olaraq Azərbaycanda da işəgötürənlərlə əməkdaşlığın genişləndirilməsi, işəsaslı təlim elementlərinin təhsil proqramlarına inteqrasiyası və əmək bazarı ilə təhsil arasında institusional əlaqələrin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

2023–2026-cı illərdə beynəlxalq təcrübədə diqqəti cəlb edən digər mühüm istiqamət bacarıqların proqnozlaşdırılması sistemlərinin yaradılmasıdır. OECD, CEDEFOP və Avropa Komissiyası böyük verilənlər, əmək bazarının analitikası və süni intellekt alqoritmləri vasitəsilə gələcək peşələrin müəyyənləşdirilməsi üçün milli "Skills Intelligence Systems" platformalarının yaradılmasını tövsiyə edirlər. Təhsil siyasətinin planlaşdırılması artıq keçmiş statistika deyil, gələcək bacarıq ehtiyaclarının proqnozu əsasında həyata keçirilir.

Dünya İqtisadi Forumunun 2025-ci il hesabatı göstərir ki, texniki bacarıqlarla yanaşı, analitik düşüncə, yaradıcılıq, emosional intellekt, komanda işi, liderlik, çeviklik, kommunikasiya və etik qərarvermə kimi yumşaq bacarıqlar əmək bazarında rəqabət üstünlüyünün əsas amillərinə çevrilir. Bu səbəbdən qabaqcıl TVET sistemlərində bu kompetensiyalar ayrıca fənn kimi deyil, səriştəəsaslı kurikulumun transversal elementləri kimi əksər təhsil proqramlarına inteqrasiya edilir və nəzəri təlim, praktiki hazırlıq, layihəəsaslı öyrənmə, işəsaslı təlim və qiymətləndirmə prosesləri vasitəsilə ardıcıl şəkildə formalaşdırılır.

Azərbaycan üçün strateji prioritetlər: yeni ixtisasların yaradılmasının zəruriliyi

Beynəlxalq təcrübələrin təhlili göstərir ki, texniki və peşə təhsili sistemində baş verən transformasiya prosesləri Azərbaycan üçün də aktual strateji əhəmiyyət kəsb edir. Müasir dövrdə ölkədə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, sənayeləşmənin yeni mərhələsi, rəqəmsal transformasiya, "yaşıl artım" modelinə keçid və işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində həyata keçirilən genişmiqyaslı layihələr əmək bazarında yeni kompetensiyalara malik orta ixtisas təhsilli mütəxəssislərə tələbatı əhəmiyyətli dərəcədə artırmışdır. Bu baxımdan orta ixtisas təhsili və subbakalavr hazırlığının məzmununun yenilənməsi, yeni ixtisasların yaradılması, əmək bazarı əsaslı yeni kvalifikasiya standartlarının və təhsil proqramlarının hazırlanması, mövcud proqramlarının isə əmək bazarının dəyişən tələblərinə uyğunlaşdırılması, modul əsaslı təhsilin və beynəlxalq təcrübənin tətbiqi milli insan kapitalının inkişafı baxımından mühüm prioritetlərdən biri kimi çıxış edir.

Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf strategiyası, rəqəmsal transformasiya gündəliyi, "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədində müəyyən edilmiş hədəflər, sənaye, kənd təsərrüfatı, logistika, turizm, səhiyyə, informasiya-kommunikasiya texnologiyaları, bərpa olunan enerji və xidmət sektorlarında həyata keçirilən struktur dəyişiklikləri göstərir ki, gələcək inkişafın təmin edilməsi yalnız ali təhsilli mütəxəssislərin deyil, həmçinin, yüksək səriştələrə malik orta ixtisas təhsilli texniki kadrların hazırlanmasını tələb edir. Xüsusilə istehsal proseslərinin avtomatlaşdırılması, ağıllı texnologiyaların tətbiqi, rəqəmsal idarəetmə sistemlərinin genişləndirilməsi və yaşıl texnologiyalara keçid mövcud ixtisasların məzmununun yenilənməsini və yeni ixtisas istiqamətlərinin formalaşdırılmasını zəruri edir.

Bu kontekstdə yeni ixtisasların yaradılması yalnız təhsil sistemində nomenklaturanın genişləndirilməsi kimi deyil, əmək bazarında yaranan yeni peşə funksiyalarına cavab verən səriştəəsaslı kvalifikasiyaların formalaşdırılması prosesi kimi qiymətləndirilməlidir. Beynəlxalq təcrübə göstərir ki, müasir TVET sistemlərində yeni ixtisasların müəyyənləşdirilməsi əmək bazarının proqnozları, sektor üzrə bacarıq ehtiyacları, texnoloji inkişaf meyilləri və işəgötürənlərin iştirak etdiyi institusional mexanizmlər əsasında həyata keçirilir. Müvafiq yanaşmanın Azərbaycan şəraitində də tətbiqi yeni ixtisasların uzunmüddətli məşğulluq perspektivləri nəzərə alınmaqla planlaşdırılmasına imkan verə bilər.

Milli kolleclərin inkişaf potensialı və gələcəyə baxış

Orta ixtisas təhsili müəssisələrinin mövcud infrastrukturunun və institusional potensialının gücləndirilməsi bu prosesin mühüm şərtlərindən biridir. Bir sıra kolleclərdə son illərdə maddi-texniki bazanın yenilənməsi, laboratoriya və emalatxanaların müasirləşdirilməsi, rəqəmsal tədris resurslarının tətbiqi və işəgötürənlərlə əməkdaşlıq istiqamətində müsbət təcrübə formalaşmışdır. Beynəlxalq təcrübə göstərir ki, yeni ixtisasların uğurla tətbiqi yalnız maddi-texniki təminatla məhdudlaşmır, eyni zamanda, müəllim heyətinin davamlı peşəkar inkişafı, müasir avadanlıqlarla işləmək bacarıqları, sektor nümayəndələrinin yeni kurikulum və təhsil proqramlarının hazırlanmasında iştirakı, işəsaslı öyrənmə modellərinin genişləndirilməsi və nəticəyönümlü keyfiyyət təminatı mexanizmlərinin tətbiqi həlledici əhəmiyyət daşıyır.

Yerli orta ixtisas təhsili müəssisələri üçün perspektiv inkişaf istiqamətlərindən biri də modul əsaslı təhsil proqramlarının və mikrokvalifikasiyaların tətbiqidir. Avropa Komissiyasının mikrokvalifikasiyalar üzrə yanaşması,UNESCO-nun ömürboyu öyrənmə konsepsiyası və CEDEFOP-un çevik kvalifikasiya sistemləri ilə bağlı tövsiyələri göstərir ki, əmək bazarına uyğun qısa müddətli təlim modulları mövcud təhsil proqramlarını daha çevik və əlçatan edir. Formalaşmış yanaşmanın ölkəmizdə tətbiqi həm gənclərin, həm də əmək fəaliyyətində olan mütəxəssislərin yeni bacarıqlar əldə etməsini və dəyişən iqtisadi şəraitə daha sürətlə uyğunlaşmasını dəstəkləyə bilər.

Yeni ixtisasların formalaşdırılması prosesində regional inkişaf xüsusiyyətlərinin də nəzərə alınması məqsədəuyğundur. Regional iqtisadi ixtisaslaşma, sənaye parkları və məhəllələri, aqroparklar, azad iqtisadi zonalar, nəqliyyat-logistika dəhlizləri və turizm potensialı nəzərə alınmaqla kolleclərin ixtisaslaşmasının təşviq edilməsi həm resurslardan səmərəli istifadəyə, həm də məzunların məşğulluq imkanlarının genişlənməsinə şərait yarada bilər. Sözügedən yanaşma beynəlxalq təcrübədə tətbiq edilən “regional bacarıq ekosistemləri” modelinə də uyğun gəlir.

Beləliklə, beynəlxalq təşkilatların irəli sürdüyü müasir yanaşmaların milli xüsusiyyətlər, iqtisadi inkişaf prioritetləri və əmək bazarının perspektiv tələbatı nəzərə alınmaqla ölkəmizin orta ixtisas təhsili sisteminə inteqrasiyası ixtisas təsnifatının yeni və perspektivli ixtisaslarla zənginləşdirilməsinin elmi və praktiki əsaslarını formalaşdırır. Demək, orta ixtisas təhsilinin məzmununun müasirləşdirilməsi, ixtisas təsnifatının yenilənməsi və yeni ixtisasların yaradılması yalnız təhsil sahəsində aparılan islahatların deyil, eyni zamanda, ölkənin uzunmüddətli sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi kimi qiymətləndirilməlidir. Bu yöndə həyata keçiriləcək islahatlar və qəbul ediləcək qərarlar texnoloji və iqtisadi transformasiyaların tələblərinə uyğun, rəqabətədavamlı, innovativ düşüncəyə və yüksək peşə səriştələrinə malik insan kapitalının formalaşdırılmasına, ölkənin dayanıqlı sosial-iqtisadi inkişafının təmin edilməsinə və beynəlxalq rəqabət qabiliyyətinin artırılmasına xidmət edəcəkdir.


Simuzər Qafarova,
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin metodisti