MİQ müsabiqəsində hansı fənlər üzrə rəqabət daha yüksəkdir? – RƏSMİ AÇIQLAMA
"Müəllimlərin işə qəbulu üzrə müsabiqə üçün artıq 40 mindən çox namizəd qeydiyyatdan keçib. Hazırda onların elektron ərizələrində daxil etdikləri məlumatların emalı həyata keçirilir və yaxın müddətdə bu proses başa çatacaq".
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İmtahan və qiymətləndirmə şöbəsinin müdiri Nurlan İsmayılbəyli Təhsil TV-də yayımlanan "Təhsil dialoqu" verilişində deyib.
Şöbə müdiri bildirib ki, son 4–5 il ərzində elektron imtahan infrastrukturu ciddi şəkildə təkmilləşdirilib: "2022-ci ildə eyni anda 5 min namizədin imtahana qoşulması mümkün idisə, cari ildə bu göstərici 11 minə çatdırılıb. Ölkənin 23 müxtəlif şəhərində və 56 müxtəlif imtahan mərkəzində bu imkan yaradılıb. İstər paytaxtda, istər regionlarda, eyni zamanda Naxçıvan Muxtar Respublikasında bütün imkan və şərait yaradılıb ki, namizədlər elektron formada bu imtahanda iştirak edə bilsinlər".
Onun sözlərinə görə, MİQ müsabiqəsində ingilis dili kifayət qədər rəqabətli fənlərdən biridir: "MİQ müsabiqəsi rəqabət əsaslıdır və hər bir müəssisə, hər bir vakansiya üzrə rəqabəti həmin vakansiyaya müraciət edən namizədlər formalaşdırırlar. Azərbaycan dili, ibtidai sinif və xarici dillər xüsusilə rəqabətin yüksək olduğu fənlərdəndir. Məsələn, Azərbaycan dili və ədəbiyyatı fənni üzrə son illərdə hətta ən ucqar ərazilərə işə qəbul olunmuş müəllimlərin əksəriyyəti təxminən 75–80 faiz nəticə göstəriblər. Yəni kifayət qədər rəqabətli mühit mövcuddur. İstisna deyil ki, bu il də bu fənlər üzrə yüksək nəticələr görəcəyik".




