“Molekulyar Dünya: DNT Günü” Gənclər Forumu keçirilib
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya İnstitutunun dəstəyi, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi nəzdində fəaliyyət göstərən “Elm və İnnovasiya” proqramının təşəbbüsü və təşkilatçılığı ilə aprelin 27-si “Molekulyar Dünya: DNT Günü” Gənclər Forumu keçirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, forum Molekulyar Biologiya İnstitutunun inzibati binasında baş tutaraq, gəncləri müasir molekulyar biologiya, genetika, bioinformatika və biotexnologiya sahələrində aparılan aktual elmi tədqiqatlar, innovativ texnologiyalar və akademik karyera imkanları ilə tanış edib.
Tədbir Dövlət Himni və açılış nitqləri ilə başlayıb. Açılış çıxışları Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Molekulyar Biologiya İnstitutunun baş direktoru, akademik İradə Hüseynova, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Elmi müəssisələrlə iş şöbəsinin nümayəndəsi Babək Əlibəyov, “Referans Medical Group”un Klinik laboratoriya şöbəsinin rəhbəri Aslıhan Dağdemir, “Elm və İnnovasiya” proqramının nümayəndəsi Nərgiz İsmayıllı tərəfindən edilib.
Ardınca ilk elmi məruzələr doktorant Jalə Nəsibova, biologiya üzrə fəlsəfə doktoru Gülnar Abdullayeva və uzman doktor Arzu Quliyeva tərəfindən təqdim olunub. Çıxışlarda molekulyar tədqiqatların əsas istiqamətləri, bu sahədə aparılan elmi işlər və gənclərin elmi mühitə inteqrasiyasının əhəmiyyəti vurğulanıb.
Forumun davamında doktorant Ağarza Ağayev “Yeni nəsil sekvensləmə texnologiyaları və fərdiləşdirilmiş tibb” mövzusunda çıxış edərək müasir genetikanın tibbdə tətbiqi imkanlarını izah edib. Magistr Valeh Məmmədli “Gen redaktəsi texnologiyaları və etik aspektlər” mövzusunu təqdim edərək gen mühəndisliyinin həm elmi, həm də etik tərəflərini iştirakçıların diqqətinə çatdırıb. Doktorant Cəmilə Bayramova isə xəstəxana və elmi tədqiqat laboratoriyalarında rutin analiz prosesləri və biotəhlükəsizlik qaydaları barədə məlumat verib.
Günün ikinci yarısında tədqiqatçılar Əminə Abdulləzimova və Süleyman Hacızadə bioinformatika sahəsində genom məlumatlarının analizi və kliniki interpretasiyası haqqında təqdimatla çıxış ediblər.
Forum yekun panel müzakirəsi, sual-cavab sessiyası və bağlanış mərasimi ilə davam edib. Yekun paneldə biologiya üzrə fəlsəfə doktoru Aynurə Paşayeva, biologiya üzrə fəlsəfə doktoru Gülnar Abdullayeva, Elnarə Sadıqova və Edqar Şahbazov iştirak ediblər.
Qeyd edək ki, “Molekulyar Dünya: DNT Günü” Gənclər Forumu gənclərin elmə marağının artırılması, elmi innovasiyaların təşviqi və gələcək tədqiqatçı nəslin formalaşmasına töhfə vermək məqsədi ilə həyata keçirilib.



