Müasir müəllim təkcə dərs deməlidirmi? - Mütəxəssis baxışı
Bu gün təhsilə münasibət köklü şəkildə dəyişir və bu dəyişiklik yalnız metodik yenilənmə ilə məhdudlaşmır. Qloballaşan dünya, sürətlə inkişaf edən texnologiyalar və informasiya bolluğu cəmiyyətin təhsildən gözləntilərini daha da artırır. Artıq valideynlər və şagirdlər təhsili sadəcə bilik mənbəyi kimi deyil, gələcək həyat və peşə uğurunun əsas təminatçısı kimi görürlər. Nəticələr daha konkret, ölçülə bilən və real bacarıqlara əsaslanan formada tələb olunur.
Müasir dövr təhsildən yalnız informasiyanın ötürülməsini deyil, bacarıqların formalaşdırılmasını, tənqidi və yaradıcı düşüncənin inkişafını, problem həlletmə qabiliyyətini, əməkdaşlıq və ünsiyyət bacarıqlarını, eləcə də sosial və emosional intellektin gücləndirilməsini tələb edir. Rəqəmsallaşma, süni intellekt, sürətli informasiya axını məktəbi dəyişməyə məcbur edir. Bu isə təhsilin məzmununda, qiymətləndirmə mexanizmlərində, keyfiyyət göstəricilərində və məktəbin idarəetmə modelində yeni yanaşmaların tətbiqini zəruri edir.
Belə bir şəraitdə müəllimin rolu daha strateji və çoxşaxəli xarakter alır. Müasir müəllim artıq yalnız dərs deyən şəxs deyil, eyni zamanda öyrənmə prosesinin təşkilatçısı, fasilitator, motivator və istiqamətləndiricidir. O, şagirdin fərdi xüsusiyyətlərini nəzərə almalı, fərqləndirilmiş təlim tətbiq etməli, inklüziv və təhlükəsiz öyrənmə mühiti yaratmalıdır. Müəllim həm də şagirdlərdə müstəqil düşünmə, məsuliyyət və özünüidarə bacarıqlarını formalaşdırmalıdır.
Bununla yanaşı, müəllim-valideyn-şagird münasibətlərinin sağlam qurulması müasir məktəbin əsas dayaqlarından biridir. Açıq kommunikasiya, qarşılıqlı hörmət və əməkdaşlıq təlim-tərbiyə prosesinin səmərəliliyini artırır. Məktəbdaxili planlılıq, strateji məqsədlərin müəyyənləşdirilməsi, davamlı peşəkar inkişaf və özünütəhlil müəllimin fəaliyyətinin ayrılmaz hissəsinə çevrilməlidir.
Nəticə etibarilə, müasir müəllim dəyişən dünyanın tələblərinə uyğunlaşan, yeniliyə açıq, daim öyrənən və öyrətməyi bacaran bir peşəkar kimi çıxış edir. Şagird hazırlığının səviyyəsi, məktəb mühitinin keyfiyyəti və pedaqoji prosesin məqsədyönlü təşkili birbaşa müəllimin peşəkarlığından asılıdır. Bu baxımdan, müasir müəllimin fəaliyyəti təhsilin keyfiyyətinin yüksəldilməsində əsas və həlledici amillərdən biri kimi dəyərləndirilə bilər.
“Azərbaycan müəllimi” mövzu ilə bağlı Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, Bakı Dövlət Universitetinin professoru Hikmət Əlizadənin fikirlərini öyrənib.
Məktəb yalnız təlim deyil, həm də tərbiyə institutudur
Professor bildirir ki, müəllimin fəaliyyəti yalnız dərs deməklə məhdudlaşmır. Məktəb, ilk növbədə, tərbiyə ocağıdır. Yarandığı gündən məktəb bu missiyanı öz “çiyinlərinə” götürmüşdür. Düzdür, ailə və cəmiyyət də tərbiyə institutu kimi yüksək dəyərə malikdir. Lakin məsələyə dərindən nüfuz etdikdə aydın olur ki, məktəb tərbiyə institutu kimi daha geniş imkanlara malikdir.Belə ki, ailə və cəmiyyətdə tərbiyə edənlərin heç də hamısı pedaqoji biliyə malik olmur, onlar daha çox həyat təcrübəsinə əsaslanırlar. Müəllimlər isə pedaqoji təhsil alırlar və tərbiyə prosesini pedaqogika və psixologiya elmlərinin qanunauyğunluqlarına uyğun həyata keçirə bilirlər. Buna görə də məktəb daha yüksək səviyyəli tərbiyə institutu kimi qiymətlidir.
Müasir dövrdə tərbiyə və sosiallaşmanın aktuallığı
İctimai Şuranın sədri deyir ki, böyüməkdə olan yeni nəslin hər bir üzvünün tərbiyəsi, sosiallaşması və inkişafı dövlətin prioritet vəzifələrindəndir. Və əsrlər boyu təhsil alanların tərbiyə vəzifəsini məktəb uğurla yerinə yetirib. Müasir dövrdə şəhərlərin böyüməsi, internetin geniş yayılması, süni intellektin həyatımıza daxil olması kimi yeniliklər fonunda tərbiyə məsələləri daha da aktuallaşıb.
Davamlı inkişaf müəllimin peşəkarlığını və təhsilin keyfiyyətini yüksəldir
“Müəllim bütün günü məktəbdə nə etməlidir? Hikmət müəllimin sözlərinə görə, yeni nəslin tərbiyəsi zaman kontekstində, cəmiyyətin inkişaf tendensiyalarına müvafiq olaraq dəyişir, yeniləşir. Əvvəllər bu proses 15-20 il ərzində baş verirdisə, indi onun sürəti artıb. İlk növbədə, müəllimlər öz peşəkar inkişaflarını artırmaq qayğısına qalmalıdırlar. Təcrübə göstərir ki, bu məqsədlə onların həm bir-birilərinin dərsində iştirak etməsi, pedaqoji təcrübələrini öyrənməsi mühüm əhəmiyyət kəsb edir. Aydındır ki, pedaqoji proses mürəkkəb, ziddiyyətli və çoxşaxəlidir. Bu prosesdə vahid, standart biliklərlə uğur qazanmaq mümkün deyil.
Müəllimlərin həm tərbiyə, həm də təlim məsələləri ilə bağlı öz təcrübələrini bir-biri ilə paylaşılması bu baxımdan çox dəyərlidir: “Müasir müəllim təkcə bilik ötürən deyil, eyni zamanda öyrənmə prosesini idarə edən və istiqamətləndirən şəxsdir. O, şagirdlərdə tənqidi və yaradıcı düşüncəni təşviq edir, müzakirə, layihə, problem əsaslı təlim kimi aktiv metodlardan istifadə edir, təhsilalanları müstəqil araşdırmaya və qərarverməyə sövq edir, təhlükəsiz, inklüziv və dəstəkləyici sinif mühiti yaradır. Beləliklə, sinif passiv dinləmə məkanından aktiv öyrənmə mühitinə çevrilir. Müasir müəllim üçün peşəkar inkişaf fasiləsiz prosesdir. O, təlim və seminarlarında iştirak edir,pedaqoji yenilikləri izləyir, öz fəaliyyətini təhlil edir və refleksiya aparır,təcrübə mübadiləsinə açıq olur. Davamlı inkişaf müəllimin peşəkarlığını və təhsilin keyfiyyətini yüksəldir”.

Bir çox hallarda metodbirləşmələrin fəaliyyəti formal məzmun daşıyır
İctimai Şuranın sədri deyir ki, məktəblərdə fənn metodbirləşmələri olsa da, bir çox hallarda onların fəaliyyəti formal məzmun daşıyır. Halbuki, bu gün metodbirləşmə üzvlərinin bir-biriləri ilə yeni pedaqoji məsələləri müzakirə etmələrinə böyük ehtiyac vardır. Bu gün pedaqoji yeniliklər o qədər sürətlə artır ki, onların hamısını bir müəllimin əxz edə və ya öyrənə bilməsi inandırıcı görünmür. Həm elmi, həm də pedaqoji yenilikləri fənn müəllimlərinin bir yerdə müzakirə edərək, təcrübələrini bölüşməsi bu müstəvidə mühüm əhəmiyyət kəsb edir: “Hətta onu da qeyd etmək lazımdır ki, bu gün interdisiplinar paradiqma pedaqoji prosesin ana xəttinə çevrilib. Bu istiqamətdə müasir dövrdə müxtəlif fənn müəllimlərinin, məsələn, təbiət fənləri və ya yaxud texniki fənlər üzrə tədris edən müəllimlərin bir yerdə hər hansı müxtəlif problemi müzakirə etməsi aktuallaşıb. Belə müzakirələr müəllimlərin dünyagörüşünün artmasına, tədris etdikləri fənlərin interdisiplinar paradiqma müstəvisində reallaşmasına imkan verər”.
Bir müəllim çox işləyir, digəri isə...
Hikmət Əlizadənin sözlərinə görə, məktəbdə müəllimlər dərsdən sonra şagirdlərlə sinifdənxaric işlər həyata keçirməlidirlər. Müxtəlif məzmunlu tədbirlərin təşkil edilməsi həm şagirdlərin təlim maraqlarının və dünyagörüşünün artmasına, həm də tərbiyəlilik keyfiyyətlərini formalaşmasına xidmət edə bilər. Müasir təlim konsepsiyalarının tələblərinə görə, məktəbdə öyrədici, tərbiyəedici və inkişafetdirici mühit yaratmaq lazımdır ki, şagird inkişaf etsin, formalaşsın, sosiallaşsın. Sinifdənxaric tədbirlərin təşkili bu istiqamətdə mühüm əhəmiyyət kəsb edir. Bu tədbirləri şagird özünüidarəsinin tətbiqi yolu ilə reallaşdırdıqda pedaqoji uğurların artması üçün daha böyük imkanlar yaranır. Şagird özünüidarəsinin təşkili onlarda təşkilatçılıq, idarəetmə, eyni zamanda əməkdaşlıq bacarıqlarının formalaşmasına yol açır: “Bundan əlavə, müəllimlər şagirləri olimpiadalara, yarışlara, festivallara və s. hazırlayırlar. Ancaq onlar bu gün həmin işləri könüllü olaraq həyata keçirirlər. Və bu işlər müəllimlərin iş saatına daxil olmadığı üçün pərakəndə xarakter daşıyır. İstənilən halda görürük ki, bir müəllim daha çox işləyir, digəri isə minimum çərçivədə fəaliyyət göstərir. Nəticədə ümumi səmərəlilik istənilən səviyyədə olmur.
Digər bir məsələ, müəllimlər məktəbdə KSQ və BSQ keçirirlər. Hadisəni kənardan qiymətləndirəndə bu işin çətinliyi o qədər də görünmür. Bu qiymətləndirilmələri təşkil etmək üçün müəllim müəyyən tələblər səviyyəsində suallar hazırlayır, sonra şagirdlərin cavab vərəqlərini bir-bir yoxlayır. Bu işləri adətən evdə yerinə yetirirlər, halbuki iş prosesində bunu həyata keçirmək daha məqsədəuyğun olardı. Eyni zamanda, müəllimlər müxtəlif sənədlər də hazırlayırlar. Buları da məktəbdə yerinə yetirmək düşünürük ki, məqsədəuyğun olardı. Belə olduqda müəllimlərin pedaqoji fəaliyyətlərini daha səmərəli təşkil etmək imkanı yaranır”.
Ölkəmizdə təhsil sahəsində aparılan islahatların yeni mərhələsinin başlandığını söyləyən Hikmət Əlizadə onun daha səmərəli olması üçün hər bir məktəb işçisinin ciddi təhlillər aparıb, yeniliklərin səmərəli həlli yollarını tapa biləcəkləri zaman daha böyük uğurların əldə edə biləcəyinə ümidvar olduğunu bildirir.



