Müasir texnologiya müəllimi əvəz edirmi? – Təhsil işçilərinin rəyləri
Bir zamanlar sinif otağında bilik mənbəyi yalnız müəllim və dərslik idi. Şagirdlər təbaşirlə yazılmış lövhəyə baxır, qeydlər aparır və müəllimin izahlarını diqqətlə dinləyirdilər. Bu gün isə eyni sinif otağında rəqəmsal lövhələr, planşetlər, onlayn platformalar və hətta süni intellekt əsaslı proqramlar mövcuddur. Təhsil sistemi sürətlə rəqəmsallaşır və texnologiya həyatımızın hər sahəsində olduğu kimi, məktəblərə də güclü şəkildə daxil olur. Və rəqəmsallaşma artıq sadəcə texniki yenilik deyil, yeni düşüncə tərzidir. İnformasiya saniyələr içində əldə olunur, distant təhsil imkanları sərhədləri aradan qaldırır, süni intellekt şagirdlərin fərdi inkişaf trayektoriyasını təhlil edə bilir. Süni intellekt əsaslı proqramlar şagirdin zəif və güclü tərəflərini müəyyənləşdirərək ona uyğun tapşırıqlar təqdim edir, müəllimə isə analitik dəstək verir.
Bütün bunlar təhsilin daha əlçatan, çevik və fərdiləşdirilmiş olmasına şərait yaradır. Lakin burada əsas sual yenə də aktuallığını qoruyur: texnologiya və süni intellekt müəllimi əvəz edə bilərmi?
“Azərbaycan müəllimi” elə bu sualla təhsil işçilərinə müraciət edib.
Optimal model insanın və texnologiyanın rəqabəti deyil, inteqrasiyasıdır
Süleyman Rüstəm adına Xarici dillər təmayüllü gimnaziyanın direktoru, fəlsəfə doktoru Tural Mirzəliyev bildirir ki, texnologiya təhsildə keyfiyyət göstəricilərini artırmaq üçün böyük imkanlar yaradır: “Əvvəllər şagird nailiyyətlərini təhlil etmək üşün müəyyən bir vaxt tələb olunurdusa, artıq indi rəqəmsal sistemlər vasitəsilə bunu qısa müddətdə və daha dəqiq şəkildə etmək mümkündür. Lakin məktəbin ruhunu yaradan texnika deyil, müəllimdir. Texnologiya yalnız o zaman faydalıdır ki, onu istiqamətləndirən savadlı və yaradıcı müəllim olsun. Müəllim şagirdə yalnız bilik vermir, həm də dəyərlər aşılayır, motivasiya yaradır və fərdi yanaşma göstərir. Heç bir proqram təminatı şagirdin gözündəki tərəddüdü hiss edib ona ruh yüksəkliyi verə bilməz. Mənim üçün texnologiya müəllimin alternativi deyil, onun işini asanlaşdıran və təsirini artıran bir dəstək mexanizmidir”.
Direktor qeyd edir ki, hazırda təhsil sahəsində süni intellektin tətbiqi bir çox alimlərin və universitetlərin layihələrində əsas tədqiqat mövzusudur: “Süni intellektin təhsillə inteqrasiyası fərdiləşdirilmiş öyrənmə, avtomatlaşdırılmış qiymətləndirmə və analitik monitorinq vasitəsilə orta məktəb tədrisinin strukturunu dəyişir. Bununla belə, UNESCO-nun 2023 və 2025-ci il hesabatları göstərir ki, süni intellekt və ona bağlı təlim texnologiyaları pedaqoji mühiti gücləndirə bilsə də, onu tam əvəz etmir”.
Tural müəllimin sözlərinə görə, süni intellekt əsaslı öyrənmə platformaları şagirdlərin bilik səviyyəsinə uyğun məzmun təqdim etməklə akademik nəticələri yaxşılaşdıra bilər: “Məsələn, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Azərbaycana yaxşı tanış olan tədqiqatçısı Andreas Şleyxerin rəhbərliyi ilə hazırladığı hesabatlarında qeyd olunur ki, rəqəmsal analitika və süni intellekt əsaslı sistemlər düzgün tətbiq olunduqda öyrənmə boşluqlarının daha tez aşkarlanmasına imkan yaradır. Bu da müəllimin diqqətini daha çox mentorluq və fərdə istiqamətləndirməsinə kömək edə bilər.
Bununla yanaşı, elm aləmini düşündürən əsas suallardan biri plagiat və hazır cavab sindromudur. Yalnız süni intellekt əsaslı öyrənmə və yaxud tapşırıq hazırlama aludəçiliyi şagirdlərin analitik və tənqidi düşünmə bacarıqlarını zəiflədir”.
Direktor deyir ki, Massaçusets Texnologiya İnstitutunun 2025-ci ildə apardığı tədqiqatlarda süni intellekt və şagird əlaqəsi ilə bağlı bir sıra məqamlar qeyd olunub. Belə ki, yalnız süni intellektdən istifadə edənlərin beyinlərində neyronların əlaqəsi minimuma enib. Bunun əksi olaraq süni intellektdən imtina etməklə tapşırıqlarını hazırlayan şagirdlərdə neyron əlaqəsi yüksək olmuşdur. Həmçinin biliklərindən istifadə etməklə süni intellektə konkret tapşırıqlar verən və onu yönləndirə bilən şagirdlər 2-ci nəticəni təkrarlamaqla yanaşı, vaxtlarına 60 faiz qənaət etmişlər. 1-ci qrupda vaxta qənaət 90 faiz olmuşdur, çünki onlar süni intellekti yöləndirməyə çalışmamışlar, sadəcə onun təqdim etdiyi “hazır məhsul”u yerinə yetirilmiş tapşırıq kimi müəllimə ötürmüşlər.
Tural müəllim qeyd edir ki, bu mövzuda araşdırmalar yenidir və insan davranışlarında, sonrakı qərar vermələrdə uzunmüddətli təsirini hələ ki ölçmək mümkün deyil. Bununla yanaşı, qısamüddətli qərarvermə davranışına dair müşahidələr göstərir ki, süni intellekt məktəbi tam əvəz edə bilməyəcəkdir.
Bu kimi texnologiyaların tətbiqində şagirdlərin yaş psixologiyaları, iradələrinin hələ tam formalaşmadığı nəzərə alınmalıdır: “Həm də məlumdur ki, süni intellekt yeni məhsulu deyil, tapşırığa əsasən internet məkanında var olan kontentin ümumiləşdirilmiş nəticəsini təqdim edir. Fikrimcə, bu özündə bir sıra risklər daşıyır. Məsələn, Qarabağ münaqişəsinin tarixinə dair qeyri-obyektiv məlumatlar digər dilli platformalarda üstünlük təşkil edir. Şagirdin süni intellektin iradəsinə tabe olub etibarlı mənbə kimi bu mövzuda yalnız ondan bəhrələnməsi düzgün olmayan qənaətə gəlməsinə səbəb ola bilər. İxtiyari mövzuda “məlumat kirliliyi” yaradaraq süni intellektin alqorotmini manipulyativ məlumatlara və qənaətə vadar etmək olar. Bu mənada demək olar ki, süni intellektin müəllim nəzarəti olmadan yeganə öyrənmə vasitəsi kimi təqdim edilməsi bir sıra hallarda uşaqların mühakimə və analiz bacarıqlarını zəiflətməklə bərabər, həm lazımsız, zərərli, həm də düzgün olmayan məlumatlara çıxışına səbəb ola bilər”.
Həmsöhbətimiz digər bir məsələnin süni intellektin emosional zəkanı əvəz edə bilməyəcəyi, lakin onu zəiflədə bilməsi riski ilə bağlı olduğunu deyir. Qeyd edir ki, emosional zəka-empatiya, sosial əlaqə və motivasiya təhsilin əsas komponentlərindəndir: “Araşdırmalar göstərir ki, müəllimlərin emosional dəstəyi şagirdlərin akademik nailiyyətlərinə və psixoloji rifahına birbaşa təsir edir. Məsələn, Harvard Universitetinin 75 illik “Xoşbəxtliyə təsir edən amillər” tədqiqatı göstərir ki, şagirdlərin akademik uğuru onların emosional təhlükəsizlik və müəllimlə əlaqə hissi ilə sıx bağlıdır. Süni intellekt isə empatiyanı yamsılaya bilsə də, real emosional qarşılıqlı təsir yarada bilmir. Stanford Universitinin tədqiqatları isə göstərir ki, əməkdaşlıq əsaslı öyrənmə modelləri şagirdlərin problem həlletmə və liderlik bacarıqlarını inkişaf etdirir. Bu bacarıqlar kollektiv və iyerarxik sinif mühiti müəllim-şagird münasibəti olmadan formalaşmır. Məktəb yalnız biliklərin ötürüldüyü məkan deyil. O, həm də sosiallaşma, etik davranış və kollektiv məsuliyyət mühitidir.
Müəllimlər şagirdin ailə, mədəni və sosial kontekstini nəzərə alaraq şagirdyönümlü tədris strategiyası qururlar. Süni intellekt isə universal modelə əsaslanır və mühit incəliklərini məhdud şəkildə dərk edir. Etik qərarvermə, sosial məsuliyyət və vətəndaşlıq şüuru müəllimin nümunəvi davranışı vasitəsilə formalaşır. Bu, texnologiyanın deyil, insan təcrübəsinin məhsuludur”.
Direktor yekun olaraq deyir ki, süni intellekt orta məktəb tədrisində mühüm dəstək mexanizmi kimi çıxış edə bilər. O,fərdiləşdirilmiş öyrənmə və təhlil imkanları ilə tədrisin keyfiyyətini artırır. Lakin emosional zəka, sosial inkişaf və həyat bacarıqları kimi fundamental sahələrdə müəllimin rolu əvəzolunmazdır. Optimal model insanın və texnologiyanın rəqabəti deyil, inteqrasiyasıdır.
Texnologiya bizi əvəz etmək yox, daha güclü etmək üçündür
Bakıdakı Məmməd Rahim adına 7 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Şəhla Yolçuyevanın sözlərinə görə, muasir texnologiya təhsil prosesində müəllimi əvəz edən deyil, lakin onun pedaqoji fəaliyyətini gücləndirən və dəstəkləyən müasir texnoloji vasitədir: “Təhsil yalnız biliklərin ötürülməsi prosesi deyil, eyni zamanda şəxsiyyətin formalaşması, sosial və emosional bacarıqların inkişafıdır. Bu baxımdan müəllimin rolu əvəzolunmazdır. Riyaziyyat müəllimi olaraq pedaqoji fəaliyyətimdə müasir texnologiyalardan geniş şəkildə istifadə edirəm. Xüsusilə dərs prosesində virtual reallıq (VR) eynəkləri, eləcə də riyaziyyat fənninin müxtəlif mövzularını əhatə edən interaktiv proqram və tətbiqlərdən yararlanıram.Həmin proqramlar vasitəsilə mövzular oyun əsaslı tapşırıqlar və vizual modellər üzərindən təqdim olunur ki, bu da şagirdlərin dərsə marağını artırır, abstrakt anlayışların daha asan qavranılmasına şərait yaradır.Müasir texnologiyalardan məqsədyönlü istifadə və düzgün pedaqoji yanaşma əsasında dərslər daha səmərəli, dinamik və şagirdyönümlü təşkil olunmasına mühüm töhfə verir”.
Pedaqoq söyləyir ki, riyaziyyat bəzən şagirdlərə çətin və abstrakt görünə bilər. Amma interaktiv proqramlar və vizual simulyasiyalar sayəsində mürəkkəb anlayışları daha aydın izah etmək mümkün olur. Məsələn, funksiyaların qrafiklərini canlı şəkildə dəyişdirərək göstərmək şagirdin mövzunu tez qavramasına kömək edir.
Şəhla müəllim onu da vurğulayır ki, müəllimlə şagird arasında yaranan emosional və psixoloji bağ təlim prosesinin əsas şərtlərindən biridir. Bu bağlılıq şagirdin özünü təhlükəsiz, dəyərli və motivasiyalı hiss etməsinə şərait yaradır. Süni intellekt isə bu cür insani münasibətləri formalaşdırmaq imkanına malik deyil. Əksinə, texnologiyadan həddindən artıq istifadə uşaqların ünsiyyətdən uzaqlaşmasına, özünə qapanmasına, təkliyə və bəzi hallarda psixoloji gərginliyə, o cümlədən depressiv hallara meyillənməsinə səbəb ola bilər. Ona gorə də,uşaqlarda canlı ünsiyyət bacarıqlarının inkişafı təhsil prosesinin əsas prioritetlərindən biri olmalıdır.
Həmsöhbətimiz eyni zamanda süni intellektin tapşırıqları hazır formada təqdim etməsini şagirdin təfəkkürünün və analitik düşünmə bacarıqlarının inkişafını zəiflədə biləcəyini istisna etmir. Deyir ki, hazır cavab alan şagird araşdırmaq, müqayisə aparmaq və nəticə çıxarmaq ehtiyacı duymur. Bu isə uzunmüddətli perspektivdə zehni inkişafın qarşısını ala bilər: “Həmin zaman müəllim fasilitator rolunu oynayaraq şagirdi istiqamətləndirməli, ona düzgün suallar verməyi, araşdırma aparmağı və nəticəni özü tapmağı öyrətməlidir.Hesab edirəm ki, süni intellektdən düzgün və məqsədyönlü şəkildə istifadə edildikdə, o, şagirdin öyrənmə imkanlarını əhəmiyyətli dərəcədə genişləndirə bilər. Texnologiya yalnız vasitədir. Əgər müəllim mövzunu düzgün izah edə bilmirsə, və şagirdlə ünsiyyət qurmağı bacarmırsa heç bir proqram dərsi maraqlı etməyəcək. Əsl dəyişiklik müəllimin yanaşmasında, enerjisində və yeniliyə açıq olmasındadır. Texnologiya bizi əvəz etmək yox, daha güclü etmək üçündür. Bir müəllim olaraq gəldiyim qənaət odur ki, müasir texnologiyalar,süni intellekt təhsildə müəllimin alternativi deyil. Əksinə, düzgün tətbiq edildikdə, müəllimin pedaqoji imkanlarını genişləndirən, tədris prosesinin keyfiyyətini artıran yardımçı vasitədir”.



