Mübariz, vətənpərvər gənclik
2 Fevral Azərbaycanda Gənclər Günüdür. Ölkəmizdə 1997-ci ildən başlayaraq qeyd olunan bu günün təsis edilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan gəncliyinin istedadını, tükənməz enerjisini hər zaman yüksək dəyərləndirən, onlara millətin, ölkənin sabahı, ümidi kimi yanaşan Ümummilli Lider hakimiyyətdə olduğu dövrlərdə gələcəyə hesablanmış davamlı gənclər siyasətinin əsasını qoyub.
Dahi lider Heydər Əliyev gənclərlə bağlı siyasəti müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirib. Hələ ötən əsrin 70-80-ci illərində Heydər Əliyevin diqqət və qayğısı sayəsində minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərilib. Gənc nəslə diqqət və qayğı dövlətin ən mühüm fəaliyyət istiqamətlərindən birinə çevrilib, Azərbaycan gənclərinin təşkilatlanması əsas məqsədlərdən biri kimi qarşıya qoyulub.
1996-cı il fevralın 2-də keçirilən Azərbaycan gənclərinin I Forumunda çıxış edən Ulu Öndər Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoyub: “Hər bir Azərbaycan gənci hər şeydən çox müstəqil Azərbaycanın bugünü, gələcəyi haqqında düşünməlidir”. Bu forum Azərbaycanda gənclər hərəkatının vüsət almasına təkan verib. Ümummilli Lider gənclərlə aparılan işin canlandığını nəzərə alaraq, 1997-ci ildə imzaladığı sərəncamla tədbirin keçirildiyi günü - fevralın 2-ni Azərbaycan Gənclər Günü elan edib. İkinci forumda gənclərə müraciət edən Ulu Öndər deyirdi: “Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə tapşıracağıq. Ona görə də Azərbaycanı, Azərbaycan dövlətini yaşatmaq inkişaf etdirmək üçün hazır olun”.
Dahi şəxsiyyətin gənclərlə bağlı imzaladığı bir çox sənədlər isə respublikanın ictimai-siyasi həyatında gənclərin daha da fəal iştirakı üçün şərait yaradıb, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən edib. Bütün bunlar Heydər Əliyevin gənclərə böyük qayğısının sübutu idi. Aparılan işlər nəticəsində ölkəmizdə gənclər siyasəti institutlaşdırılıb, Gənclər və İdman Nazirliyi yaradılıb və bu dövlət qurumu gənclərlə iş sahəsində vahid dövlət siyasətinin reallaşdırılmasını təmin edib. Beləliklə, ölkədə fəal gənclik formalaşıb, gənclər hərəkatı geniş miqyas alıb, dövlətin dəstəyi ilə bu hərəkat təşkilati strukturlara çevrilib. Azərbaycan gənclərinin forumları ənənəvi xarakter alıb. Ulu Öndərin forumlardakı proqram xarakterli nitqlərində gənclər qarşısına konkret vəzifələr qoyulub. “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” Fərman imzalanıb. Elmi, mədəni tərəqqinin müstəqil Azərbaycanın gələcəyi üçün xüsusi əhəmiyyəti nəzərə alınaraq istedadlı gənclərə yaradıcılıq potensiallarını inkişaf etdirmək üçün xüsusi təqaüd təsis edilib. Azərbaycan gəncləri vahid azərbaycançılıq ideologiyası ətrafında daha da sıx birləşib. Onların vətənə sədaqət ruhunda tərbiyə edilməsi gənclər siyasətinin fəlsəfi və ideoloji əsasına çevrilib. Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasətinə sadiq qalan Prezident İlham Əliyev də Azərbaycan gənclərinin inkişafını hədəfləyən mühüm sənədlərə imza atıb. Gənclərin rifahına xidmət edən mühüm Dövlət Proqramları bu istiqamətdə görülən işlərin miqyasını aydın ortaya qoyur. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin davamı olaraq Prezident İlham Əliyev tərəfindən “Azərbaycan gəncliyi Dövlət Proqramı” (2005-2009-cu illər); “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)”; “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı; “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”; “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı imzalanıb.
Bütün bu sənədlərin hazırlanmasında məqsəd ölkəmizdə gənclərin potensialının inkişaf etdirilməsi, onların məşğulluğunun təmin olunmasına yönəlib. Bundan başqa, gənclərin ölkənin ictimai-siyasi, mədəni həyatında fəallığını təmin etmək üçün 2007-ci il “Gənclər İli” elan olunub və tədbirlər planından irəli gələrək respublikanın şəhər və rayonlarında “Gənclər evi” yaradılıb.
Yeni nəslin sağlam və fəal formalaşdırılması üçün Gənclər Fondu yaradılıb. Gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını bir qədər də stimullaşdırmaq məqsədi daşıyan Fond gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş bir sıra mühüm təşəbbüs və layihələrə imza atıb.
Gənclərə qayğıdan bəhs edərkən ölkə başçısının 2 iyul 2013-cü il tarixli Fərmanı ilə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsini də xüsusi qeyd etməliyik. Bu mükafat elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil, gənclər siyasəti, gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq fəaliyyəti sahələrində xüsusi fərqlənən gənclərə verilir.
Son illərdə təhsil sahəsində gənclərin inkişafına yönəlik mühüm addımlar atılıb. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın, habelə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın nəticəsində 5000-dən artıq Azərbaycan gənci dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa müvəffəq olub.
Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanları daha da genişləndirilib. Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 sentyabr tarixli Sərəncamı da buna bariz nümunədir. Sərəncama əsasən, gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramının layihəsi hazırlanıb.
Ali məktəblərə yüksək balla qəbul olunan tələbələr hər il yüksək məbləğdə Prezident təqaüdü alır ki, bu da onların elmə həvəsini, təhsilə marağını daha da artırır.
Bu gün Azərbaycanda könüllülər hərəkatı geniş vüsət alıb və aparıcı gücə çevrilib. Cəmiyyətdə xeyirxahlıq, yeni davranış qaydalarını təbliğ edən könüllülər hərəkatı ilk dəfə “ASAN xidmət”dən başlayıb və bu gün “ASAN xidmət”də işləyənlərin mütləq əksəriyyətini gənclər təşkil edir. Ümumiyyətlə, ölkəmizdə təxminən, 40 mindən artıq gənc könüllü olaraq çalışmış və hazırda onlar ayrı-ayrı təşkilatlarda müxtəlif vəzifələrdə işləyir. Hazırda ölkəmizdə 200-dən artıq gənclər təşkilatı fəaliyyət göstərir, gənclərimiz Avropa miqyasında, beynəlxalq qurumlarda təmsil olunurlar. Onlar beynəlxalq tribunalardan xalqımızın haqq səsini dünyaya yayır, beynəlxalq ictimaiyyətin əsl həqiqəti bilməsi üçün var gücü ilə çalışırlar.
Ölkəmizdə gənclərin karyera yüksəlişi, idarəetmə sistemində yüksək vəzifələrə təyin olunması üzrə fəaliyyətlər də nümunəvi hal alıb. Bu sahədə mütərəqqi addım olaraq 2019-cu ildə təsis olunmuş “Yüksəliş” müsabiqəsinin də hədəfi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən olunaraq ölkədə kadr ehtiyatı bankının formalaşdırılmasını qeyd etmək olar.
Dövlətin gənclərə daim dəstək və diqqət göstərməsi nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. Bu siyasətin ən böyük nəticəsi milli düşüncəyə, yüksək vətənpərvərlik ruhuna malik güclü gənc nəslin formalaşmasıdır.
Gənclərin milli kimlik və vətənpərvərlik ruhunda tərbiyəsi Prezident İlham Əliyevin dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir.
Bu siyasətin ən böyük nəticəsi olaraq Prezident İlham Əliyevin hakimiyyəti dövründə milli düşüncəyə, vətənpərvərlik hissinə malik gənclik yetişdi. Yüksək vətənpərvərlik ruhuna malik yeni nəsil öz sözünü 44 günlük Vətən müharibəsində dedi, doğma yurdu düşməndən təmizlədi, öz sevgisi, cəsurluğu, fədakarlığı, döyüş qabiliyyəti, ən yüksək məqam olan şəhidliyi ilə ölkəmizin 200 illik tarixinə Şanlı Zəfər salnaməsi yazdı. Məhz onların rəşadəti ilə əldə olunan Şanlı Zəfər sayəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu.
Bu gün də gənclərimiz elm, təhsil, mədəniyyət, idman və innovasiya sahələrində uğurla irəliləyir, ölkəmizin inkişafına layiqli töhfələr verirlər.
Bütün Azərbaycan gənclərini 2 Fevral - Gənclər Günü münasibətilə ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, uğurlar və parlaq gələcək arzulayırıq!



