Müəllim heyətinin yenilənməsinin nəticəsini 10 il sonra görəcəyik - Nazir

8 Sentyabr, 2026 - 13:10
Müəllim heyətinin yenilənməsinin nəticəsini 10 il sonra görəcəyik

"5 ildə Azərbaycanda hər 5 müəllimdən biri yeni müəllimlə əvəzlənib. Yəni müəllimlərin 20 faizindən çoxu sistemdən çıxıb və onların yerinə yeni müəllimlər gəlib".

“Azərbaycan müəllimi xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev PISA 2025- Şagirdlərin Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramının nəticələrinin təqdimatı zamanı deyib.

Bunu kifayət qədər böyük rəqəm sayan nazirin sözlərinə görə, son illərdə müəllim heyətinin yenilənməsi təhsil sistemində mühüm dəyişikliklərdən biridir.

O qeyd edib ki, yüksək nəticə göstərən gənc müəllimlərin işə qəbulu uzunmüddətli perspektivdə təhsilin keyfiyyətinə müsbət təsir göstərə bilər:

“Biz sistemdə bunun təsirini 10 il sonra görəcəyik. Sistem üçün bu, yaxşıdır, fərd üçün isə ola bilsin ki, müəyyən mənada neqativdir”.

E.Əmrullayev bildirib ki, müəllimlərin sertifikatlaşdırılması və işə qəbulunda aparılan dəyişikliklərin təhsil sisteminin nəticələrinə təsirinin tam şəkildə qiymətləndirilməsi üçün müəyyən zaman tələb olunur:

"Xüsusilə riyaziyyat və təbiət elmləri üzrə müəllimlərin peşəkar inkişafı şagirdlərin nəticələrinin yaxşılaşdırılmasına təsir göstərə bilər. Riyaziyyat müəllimlərinin sertifikasiya nəticələri də yadınızdadır. Müəllimlərin 50 faizindən çoxu yüksək nəticə göstərmişdi. Riyaziyyat müəllimlərinə ibtidai təhsildən daha yaxşı imkanlar yarada bilsək, daha böyük hissəyə təsir edə və nəticələr əldə edə bilərik".