Müəllimlər üçün yeni layihələr gəlir - Təhsil Şurasının sədri planları AÇIQLADI
Azərbaycan təhsil sistemində həyata keçirilən islahatların uğurla davam etdirilməsi, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi və təhsildə ictimai təşəbbüslərin gücləndirilməsi bu günün əsas prioritetlərindəndir. Bu istiqamətdə fəaliyyət göstərən ən nüfuzlu qeyri-hökumət təşkilatlarından biri olan Təhsil Şurası İctimai Birliyi yeni mərhələyə qədəm qoyub.
Təhsil Şurası İctimai Birliyinin yeni sədri, pedaqoji elmlər doktoru, professor Hikmət Əlizadə ilə söhbətimizdə təşkilatın yaranma tarixi, qarşıya qoyduğu məqsədlər, müəllimlərin və gənclərin inkişafına yönəlmiş layihələr, rəqəmsal transformasiya, beynəlxalq əməkdaşlıq və gələcək fəaliyyət planları barədə ətraflı danışdıq.
"Azərbaycan müəllimi" AzEdu.az-a istinadən həmin müsahibəni təqdim edir:
- Hikmət müəllim, Siz Təhsil Şurası İctimai Birliyinin sədri seçilmisiniz. Şura haqqında qısa məlumat vermənizi xahiş edirik.
- Təhsil Şurası İctimai Birliyi 25 sentyabr 1998-ci ildə Azərbaycan müəllimlərinin XI qurultayı zamanı Ümummilli lider Heydər Əliyevin təklifi ilə yaradılmışdır. İctimai Birlik yaradıldığı vaxtdan Azərbaycan Respublikasının təhsil siyasətini rəhbər tutaraq təhsil müəssisələrində müxtəlif maarifçilik fəaliyyəti ilə ölkəmizdə həyata keçirilən təhsil islahatlarına öz töhvəsini vermişdir. Onun ilk sədri prof. Əjdər Ağayev olmuşdur. Cari ilin fevral ayında İctimai Birliyin ümumi yığıncağında növbəti beş il üçün idarə heyətinin üzvləri, sədr və müavinləri seçilmişdir. 4 may 2026-ci il tarixində Təhsil Şurası İctimai Birliyi Ədliyyə Nazirliyində yeni qeydiyyatdan keçmişdir. Yeni seçilmiş heyət Təhsil Şurası İctimai Birliyinin Nizamnaməsinə müvafiq olaraq, ölkəmizdə həyata keçirilən təhsil islahatlarına dəstək göstərməyi öz fəaliyyətinin prioritet istiqaməti hesab edir.
- Təhsil Şurası İctimai Birliyinin fəaliyyət istiqamətləri haqqında məlumat verə bilərsiniz?
- Təhsil Şurası İctimai Birliyinin fəaliyyət istiqamətləri piramidasında ən yüksək zirvədə müəllimlərin peşəkar inkişafı məsələsi durur. Bunun üçün təhsil sahəsində aparılan ən yeni tədqiqatlar haqqında müəllimlərə məlumat vermək üçün pedaqoji təlimlərin, seminarların, ustad dərslərinin təşkili nəzərdə tutulur. Bu tədbirlər zamanı müəllimlərin müasir tədris metodikaları və rəqəmsal bacarıqlar üzrə proqramlarla daha dərindən tanış olmalarına imkan yaradılacaq. Bununla yanaşı müəllimlərlə motivasiya yönümlü tədbirlərin - “İlin müəllimi”, “İnnovativ müəllim” kimi müsabiqələrin keçirilməsi də diqqət mərkəzindədir.
Təhsil Şurası İctimai Birliyi müəllimlərlə yanaşı, şagird və tələbələrin inkişafına dəstək göstərməyi də öz fəaliyyətinin önəmli istiqamətlərindən biri kimi dəyərləndirir. Bu istiqamətdə intellektual yarışların, olimpiadaların, debatların təşkili zəruri əhəmiyyət kəsb edə bilər. Şagird və tələbələrin həyata və peşə fəaliyyətinə daha yaxşı hazırlanması kontekstində karyera planlaşdırılması və liderlik bacarıqları üzrə layihələrin həyata keçirilməsi də nəzərdə tutulur. Eyni zamanda, sosial həssas qruplardan olan gənclərin təhsilə cəlb edilməsinə dəstək verilməsini də Təhsil Şurası İctimai Birliyi fəaliyyətinin önəmli addımlarından biri kimi dəyərləndirir.
Müasir dövrdə insanların həyatında baş verən dəyişikliklər rəqəmsal transformasiya müstəvisində öz reallığını tapır. Bu tendensiya təhsil sahəsində süni intellekt və rəqəmsal texnologiyaların tətbiqinə dair tədbirlərin keçirilməsini, onlayn təlim platformalarının yaradılmasını, Rəqəmsal təhsil resurslarının hazırlanmasını zəruri edir. Təhsil Şurası İctimai Birliyi bu məsələlərə də fəaliyyətində önəm verməyi zəruri sayır.Pedaqoji prosesi inkişaf etdirməyin yollarından biri də qabaqcıl təcrübənin öyrənilməsi və kütləvi yayılmasıdır.
Rəqəmsal mühit dünyanı “kiçiltməyə” nail olmuşdur. Bu amil müxtəlif ölkələrin təhsil sistemini bir-birinə yaxınlaşdırmağa səbəb olmuşdur. Dünyanın müxtəlif ölkələri digər ölkələrin təhsil nailiyyətlərini modifikasiya edərək öz ölkələrində tətbiq edirlər. Məsələnin belə qoyuluşu dünya təhsil təcrübəsini öyrənməyi, əldə edilən nailiyyətlərindən yararlanmağı tələb etdiyi üçün Təhsil Şurasi İctimai Birliyi beynəlxalq əlaqələrin qurulmasına önəm verir. Bu konteksdə təhsil sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi ilə bağlı tövsiyələrin hazırlanması, xarici təhsil təşkilatları və assosiasiyaları ilə əməkdaşlığın qurulması, beynəlxalq konfrans və forumlarda müəllimlərin iştirakına kömək göstərilməsi, birgə layihələr və qrant proqramlarının hazırlanması nəzərdə tutulur.
Təhsil Şurasi İctimai Birliyinin fəaliyyətində sosial layihələrin həyata keçirilməsi xüsusi önəm kəsb edəcək. Bu müstəvidə Qarabağ və Şərqi Zəngəzur bölgələrində təhsilin inkişafına dəstək proqramlarının hazırlanması, həmin bölgələrdə fəaliyyət göstərən məktəblər üçün kitab və avadanlıq kampaniyalarının təşkil edilməsi, təhsil könüllüləri şəbəkəsinin yaradılması, “Vətənimizi tanıyaq” layihəsi çərçivəsində müxtəlif ərazilərdə yaşayan şagirdlərin həmin bölgələrə maarifləndirici məzmun daşıyan səyahətlərinin təşkil edilməsi nəzərdə tutulub.
Fəaliyyətinin daha səmərəli məzmun kəsb etməsi üçün Təhsil Şurası İctimai Birliyi ictimai maarifləndirmə məsələlərinə də xüsusi önəm verir. Bu istiqamətdə təhsilin aktual problemləri ilə bağlı televiziya, radio və sosial mediada müxtəlif layihələrin həyata keçirilməsi, valideynlər üçün maarifləndirici seminarların təşkili, təhsil mövzusunda elektron jurnal və ya bülletenin nəşr edilməsi də diqqət mərkəzindədir.
- Hikmət müəllim fəaliyyət planlarınız genişdir. Nəzərdə tutduğunuz işlərin həyata keçirilməsində Sizə və İctimai Birliyin bütün üzvlərinə uğurlar arzu edirik.
- Çox sağ olun. Minnətdaram.




