Müəllimlərin statusu ilə bağlı beynəlxalq sənədlər yenilənir

8 İyun, 2026 - 16:18
Müəllimlərin statusu ilə bağlı beynəlxalq sənədlər yenilənir

UNESCO müəllimlərin və ali təhsil müəssisələrində çalışan pedaqoji heyətin statusunu müəyyən edən mühüm beynəlxalq sənədlərin yenilənməsi prosesinə başlayıb.

"Azərbaycan müəllimi" xəbər verir ki, söhbət 1966-cı ildə qəbul edilmiş "Müəllimlərin statusu haqqında" ILO/UNESCO Tövsiyələrindən və 1997-ci ildə qəbul olunmuş "Ali təhsil müəssisələrinin pedaqoji heyətinin statusu haqqında" UNESCO Tövsiyələrindən gedir. Hər iki sənəd müəllimlərin peşə standartları, akademik azadlıqları, işə qəbul qaydaları, əmək şəraiti, peşəkar inkişaf imkanları və sosial müdafiəsi ilə bağlı beynəlxalq çərçivə hesab olunur.

UNESCO bildirir ki, bu sənədlərin qəbulundan sonra təhsil sistemlərində və müəllimlik peşəsində köklü dəyişikliklər baş verib. Rəqəmsal texnologiyaların, xüsusilə süni intellektin sürətli inkişafı, tədris proqramlarının yenilənməsi, dayanıqlı inkişaf mövzularının təhsildə daha geniş yer alması, eləcə də bir çox ölkədə müşahidə olunan müəllim çatışmazlığı təhsil sektorunu yeni reallıqlarla üz-üzə qoyub.

Bununla yanaşı, iqlim dəyişikliyi, miqrasiya, məcburi köçkünlük, sosial bərabərsizlik və ayrı-seçkilik kimi qlobal problemlər də məktəb və universitetlərin fəaliyyətinə təsir göstərərək müəllimlərin iş şəraitini dəyişib. UNESCO hesab edir ki, bu dəyişikliklər müəllimlərin hüquq və vəzifələrini, peşə statusunu və əmək şəraitini tənzimləyən beynəlxalq sənədlərin müasir tələblərə uyğunlaşdırılmasını zəruri edir.

Qurumun Baş Konfransı bu məqsədlə hər iki tövsiyə sənədinin yenidən işlənməsi barədə qərar qəbul edib. Yenilənmənin əsas məqsədi müəllimlik peşəsinin nüfuzunu gücləndirmək, müəllimlərin hüquqlarının qorunmasını daha da möhkəmləndirmək və təhsil sahəsində yaranan yeni çağırışlara cavab verən vahid beynəlxalq yanaşma formalaşdırmaqdır.

Məlumata görə, 2027-ci ildə keçiriləcək xüsusi hökumətlərarası konfransda 1966-cı il Tövsiyələrinin yenilənmiş mətni müzakirə olunacaq və qəbul ediləcək. 1997-ci il sənədinə edilən dəyişikliklər isə UNESCO-nun növbəti Baş Konfransına təqdim olunmazdan əvvəl xüsusi komitədə təsdiqlənəcək.

UNESCO həmçinin vurğulayıb ki, yenilənmə prosesi şəffaflıq, inklüzivlik və geniş iştirak prinsipləri əsasında həyata keçiriləcək. Təhsil sahəsində fəaliyyət göstərən tərəflər və maraqlı qruplar qarşıdakı aylarda keçiriləcək məsləhətləşmələrə qoşulmağa dəvət olunurlar.