Mühəndislik təhsili üçün zəruri infrastruktur yaradılacaq – Şahin Bayramov
“Qarabağ Universitetinin Mühəndislik fakültəsi üçün müasir laboratoriya və tədris auditoriyalarının yer alacağı yeni kompleksin tikintisi sürətlə davam edir”.
Bunu “Azərbaycan müəllimi”nə açıqlamasında Qarabağ Universitetinin rektoru Şahin Bayramov bildirib.
Rektor qeyd edib ki, tədris kompleksinin təməli Prezident İlham Əliyev tərəfindən qoyulub və burada mühəndislik təhsilinin müasir tələblərə uyğun təşkili üçün zəruri infrastruktur yaradılacaq.
“Kompleks müasir laboratoriyaların və tədris auditoriyalarının yerləşdiyi infrastruktura malik olacaq. Düşünürük ki, tikinti başa çatdıqdan sonra Qarabağ Universitetində mühəndislik təhsili üçün tamamilə yeni mərhələ başlayacaq”.
Onun sözlərinə görə, kompleksdə tədris və tədqiqat prosesinin təşkilinə İstanbul Texniki Universitetinin də ciddi dəstəyi var.
Rektor onu da vurğulayıb ki, yeni Mühəndislik fakültəsi Qarabağ Universiteti ilə İstanbul Texniki Universiteti arasında başlanmış ortaq layihənin həyata keçirilməsində də mühüm rol oynayacaq.




