Naxçıvan idmançılarından 100 faizlik nəticə: 3 ağırlıqqaldıranın 3-ü də medal qazandı 

25 İyun, 2026 - 12:29
Naxçıvan idmançılarından 100 faizlik nəticə: 3 ağırlıqqaldıranın 3-ü də medal qazandı 

Bakı şəhərində keçirilən Məktəblilərin Respublika İdman Olimpiadası davam edir.  Yarışın ümumi aurası onu deməyə imkan verir ki, idman yalnız medal və qələbələrdən ibarət deyil. O, zəhmət, intizam, iradə və böyük məqsədlərə doğru atılan addımlardır. Naxçıvanlı yeniyetmə ağırlıqqaldıranlar – Fəxrəddin, Ümid və Mikayıl da məhz bu keyfiyyətləri ilə növbəti uğurlarına imza atıblar.  Şərur rayon Uşaq-gənclər idman məktəbinin şagirdləri ağırlıqqaldırma yarışlarında 100 faizli nəticə əldə ediblər. Yarışda fərqlənən idmançılardan biri qızıl, biri gümüş, biri isə bürünc medala layiq görülüb. 

“Azərbaycan müəllimi” məşqçi-müəllim və idmançı şagirdlərlə söhbətləşib.

Bu nəticə Naxçıvanda ağırlıqqaldırma idman növünün inkişaf etdiyini, bu sahədə məqsədyönlü və sistemli hazırlıq işinin aparıldığını bir daha göstərdi. Şərur rayon Uşaq-gənclər idman məktəbinin ağırlıqqaldırma üzrə məşqçi-müəllimi, Əməkdar məşqçi Şəfi Hüseynov deyir ki, yarışa hazırlıq prosesi yalnız fiziki məşqlərlə məhdudlaşmayıb. İdmançıların qidalanmasına, istirahətinə, gündəlik rejiminə və psixoloji hazırlığına xüsusi diqqət yetirilib. Yarışqabağı isə ciddi hazırlıq gedib: 

“Biz yığma komandanın rejimində məşq edirik. Yarışqabağı həftədə 5 gün gərgin məşqlərimiz olurdu. Rejimə çox ciddi nəzarət edirik; uşaqların yeməyinə, yuxu rejiminə, istirahətinə xüsusi diqqət yetirilir. Hətta yarışqabağı diqqətləri dağılmasın deyə telefonlarını da əllərindən alırıq ki, bütün enerjilərini zalda məşqə sərf etsinlər. Digər tələbəmiz Mikayıl Novruzov da əslində ikinci olmalı idi, sadəcə yarış zamanı zədə aldığı üçün bu dəfə üçüncü yerlə kifayətləndi”.

Məşqçi qeyd edib ki, uşaqlar gələn ayın 17-də yeniyetmələrin (15-17 yaş) Azərbaycan birinciliyində çıxış edəcəklər: 

“Həm Ümid, həm də Mikayıl çox istedadlıdır. Bundan əvvəlki yarışlarda hər ikisi öz qruplarında Azərbaycan birincisi olublar. Bu yarışda rəqiblər çox güclü idi, amma uşaqlarımız böyük əzmkarlıq göstərdilər.

Yarışa Naxçıvandan 3 idmançı ilə qatılmışdıq və 3-ü də medalla qayıtdı. Bu, 100%-lik bir nəticədir. Bakıda idmanın bu növü üzrə 11-dən çox klub var və rəqabət həddindən artıq böyükdür. Belə bir rəqabət mühitində ümumi Azərbaycan üzrə milli komandaya seçilən 12 nəfərdən biri məhz Naxçıvan təmsilçisi Fəxrəddindir.

Hətta xüsusi olaraq vurğulamaq lazımdır ki, Fəxrəddin öz yaşına görə deyil, göstərdiyi yüksək nəticələrə görə birbaşa böyüklərdən ibarət (kişilər) milli yığma komandanın heyətinə cəlb olunub və hazırda onlarla birlikdə məşq edir”.

71 kq çəki ilə qızıl medal qazanan Fəxrəddin Allahverdiyev 4 ildir ki, ağırlıqqaldırma ilə məşğul olur, yeniyetmə artıq ikiqat Azərbaycan çempionudur. Yüksək nəticələrinə görə o, Azərbaycan yığma komandasının üzvü seçilib. Bu gün ölkənin müxtəlif bölgələrindən seçilmiş cəmi 12 idmançının yer aldığı milli komandada Naxçıvanı təmsil edən yeganə idmançı məhz Fəxrəddindir. İdmançı deyir ki, gələcək hədəfi Avropa, dünya və Olimpiya çempionu olmaq və bayrağımızı  xarici ölkələrdə dalğalandırmaqdır: 
“İdmana marağım çox böyükdür. Avqust ayında Kosovoda keçiriləcək yeniyetmələrin Avropa çempionatında iştirak edəcəyəm. Ona görə də günlərim məşq etməklə keçir. Bu yarışa da böyük həvəslə hazırlaşırdım və nəticə əldə edə bildim. Yarışda ikinci yerin sahibindən tam 16 kq daha artıq çəki qaldırdım. Hətta hələ 20 kq-a yaxın potensialım var idi. Mənə dəstək olub güvəndikləri üçün isə müəllimimə və ailəmə təşəkkür edirəm”. 

Hətta xüsusi vurğulayaq ki, Fəxrəddin öz yaşına görə deyil, göstərdiyi yüksək nəticələrə görə birbaşa böyüklərdən ibarət (kişilər) milli yığma komandanın heyətinə cəlb olunub və hazırda onlarla birlikdə məşq edir.

52 kiloqramla gümüş medal qazanan komandanın digər üzvü Ümid Şahbazov rəqiblərinin daha ağır çəkiyə malik olmasına baxmayaraq, mübarizədən çəkinmədiyini deyir: 

“Yarışım yaxşı keçdi. Medalı boynumdan asan kimi dərhal evə zəng vurdum. Anamın səsdəki sevinci, atamın mənimlə fəxr etdiyini deməsi bütün yorğunluğumu apardı. Ailəmin və  müəllimimin mənə inanması bu idmandakı ən böyük motivasiyamdır. Rəqibim çəkidə məndən xeyli ağır idi, amma əlimdən gələni etdim. Növbəti yarışda hədəfim çempion olmaqdır”. 

Bürünc medalın sahibi Mikayıl Novruzov da yarışda əzmkarlıq göstərib:

“Platformaya çıxanda zalda böyük bir səs-küy var idi. Bir anlıq həyəcanlandım, amma müəllimimin mənə baxdığını və “sən bunu bacaracaqsan”,- dediyini eşidəndə sanki ağırlıq yüngülləşdi. Zədəm olsa da, komandamızın 100%-lik nəticəsini korlamamaq üçün sona qədər dözdüm. Gələn yarışlarda mən də qızıl medal qazanmaq üçün daha çox çalışacağam”.

Qeyd edək ki, Ümid və Mikayıl bundan əvvəl keçirilən yarışlarda B qrupunda Azərbaycan birincisi olublar. Bu dəfə isə güclü rəqabət və bəzi amillər onların daha yüksək nəticə əldə etməsinə mane olub. Buna baxmayaraq, hər üç idmançının medal qazanması komandanın yüzfaizlik nəticə göstərdiyini təsdiqləyir.

Naxçıvanlı yeniyetmələrin uğuru bir daha göstərir ki, zəhmət, düzgün hazırlıq və böyük məqsədlər gənc idmançıları yeni zirvələrə aparır. Qarşıda isə onları daha məsuliyyətli yarışlar və daha böyük hədəflər gözləyir.