"Naxçıvana gəlmək qərarımdan heç vaxt peşman olmadım" - Türkiyəli tələbə 

2 İyul, 2026 - 09:18
"Naxçıvana gəlmək qərarımdan heç vaxt peşman olmadım" - Türkiyəli tələbə 

Bəzən bir universitet seçimi insanın yalnız akademik yolunu deyil, dünyaya baxışını da dəyişir. Türkiyənin Muğla şəhərindən min kilometrlərlə uzaqda başlayan tələbəlik həyatı bir gənc üçün yeni təhsil sistemi, yeni dostluqlar və fərqli təcrübələrlə yadda qalan bir mərhələyə çevrilib. 

“Azərbaycan müəllimi” olaraq internetdə gördüyü məlumatlar və tələbə tövsiyələri əsasında Naxçıvan Dövlət Universitetini seçən altıncı kurs tibb tələbəsi Saime Buse Güven ilə tələbə həyatının son günlərini yaşadığı bir dövrdə söhbətləşirik.

Məzun deyir ki, burada  yalnız nəzəri biliklərlə kifayətlənməyib, erkən mərhələdən praktikaya qoşulmaq, klinik mühitlə tanış olmaq və beynəlxalq fəaliyyətlərdə iştirak etmək imkanı da olub. Tibb təhsilinin məsuliyyətini, həkimlik peşəsinin insanla birbaşa təmasını və universitet həyatının qazandırdığı təcrübələri bölüşən tələbə Naxçıvanı həm təhsil, həm də həyat baxımından özündə xüsusi yer tutan şəhərlərdən biri kimi dəyərləndirir.

Bəs niyə Naxçıvan? Bu suala cavab olaraq tələbə deyir ki, Naxçıvan Dövlət Universitetini seçmək qərarı araşdırma və şəxsi marağının nəticəsi olub: “Mən ümumiyyətlə tibb oxumaq istəyirdim. Universiteti internetdə, reklamlarda gördüm. Sonra özüm araşdırdım, universitetin sosial media səhifələrini izlədim və orada çoxlu türk tələbənin olduğunu gördüm. Onlarla əlaqə saxlayaraq bura haqqında məlumat aldım. Sonra gəlib burada oxumağa qərar verdim və heç peşman deyiləm”.

Tələbə qeyd edir ki, burada tədris Azərbaycan dilində aparılır və bu, türk tələbələrin uyğunlaşmasını asanlaşdırır. Onun fikrincə, fakültənin əsas üstünlüklərindən biri praktik təhsilə verilən diqqətdir: 

“Əvvəllər Türkiyədəki universitetlərlə belə geniş staj proqramları olmurdu. Burada isə 2-ci kursdan etibarən mərhələli şəkildə praktika başlayır. 6-cı kursda isə artıq internatura və praktiki həkimlik mərhələsi olur. Bu sistem bizə çox fayda verir. Beş  il ərzində öyrəndiyimiz nəzəri bilikləri bu il biz praktikada tətbiq edirik. Bu da biliklərin daha qalıcı olmasına kömək edir. Klinik mühitdə əldə olunan təcrübələr sonrakı mərhələlərdə sualların cavablandırılmasında və peşəkar düşüncənin formalaşmasında da faydalı olur”.

Gələcək ixtisas seçimi ilə bağlı danışarkən o bildirir ki, hazırda kardiologiyaya daha çox maraq göstərir: “Bunun əsas səbəbi sahənin həm tibbi düşüncə, həm də insanlarla birbaşa ünsiyyət  olmasıdır. Bununla yanaşı, hələ yekun qərar verməmişəm, rezidentura mərhələsində seçim edəcəyəm”.

Universitet həyatında yalnız dərslərlə kifayətlənmədiyini deyən tələbə müxtəlif elmi və ictimai fəaliyyətlərdə də iştirak edib: 
“Universitetdə fəaliyyət göstərən Avropa Tibb Tələbələri Assosiasiyası – EMSA ilə işləmişəm. Xərçəng xəstəliyi ilə bağlı  kitab layihələrində iştirak etmişəm, blog yazılarım olub. Beynəlxalq tələbə platformalarında məqalələrim dərc olunub. Bundan başqa, Rumıniya ilə təşkil olunan tələbə mübadilə proqramında iştirak etmişəm.

Naxçıvanla bağlı təəssüratları isə əsasən müsbətdir. İlk vaxtlar tələbə yataqxanasında qalaraq həm mühitə uyğunlaşmağa, həm də yeni dostlar qazanmağa çalışıb. Ordubaddan olan dostlarının dəstəyi ilə bölgəni daha yaxından tanıdığını deyir:
“İlk günlər dil fərqləri maraqlı gəlsə də, ciddi çətinlik yaşamadım. Əksinə, şəhərin təmizliyi, sakitliyi və təbiəti məndə müsbət təəssürat yaratdı. Boş vaxtlarımda Batabat, Ordubad və digər bölgələrə səfərlər edirəm. Naxçıvan həm tarixi, həm də müasirliyi özündə birləşdirən məkandır. Xüsusilə insanların mədəniyyətə bağlılığı və tarixi irsə münasibəti məni təəccübləndirir”.

Təhsil baxımından Naxçıvanı digər tələbələrə də tövsiyə etdiyini deyən tələbə bildirir   ki, burada özünü inkişaf etdirmək istəyənlər üçün geniş imkanlar yaradılıb:
“Simulyasiya otaqları, praktik məşğələlər və klinik mühit tələbələrin peşə hazırlığını gücləndirir. Çünki həkim yalnız nəzəri biliklərlə deyil, praktik bacarıqlarla da formalaşmalıdır. Universitet bu istiqamətdə tələbələrə ciddi dəstək verir. Burada müəllim–tələbə münasibətlərində səmimiyyət var və bu da təhsil prosesini daha rahat və məhsuldar edir”.

Gələcəklə bağlı planlarından danışarkən bildirir ki, Bakı da seçimlər arasında olsa da, daha çox Türkiyəyə qayıdıb fəaliyyət göstərmək niyyətindədir. Bundan əvvəl Almaniyada staj keçdiyini, Polşada təhsil təcrübəsi qazandığını da qeyd edir.

Altı illik tələbəlik yolunun sonuna yaxınlaşan Saime üçün Naxçıvan artıq sadəcə təhsil aldığı şəhər deyil. Burada qazandığı biliklər, iştirak etdiyi elmi fəaliyyətlər, qurduğu dostluqlar və topladığı həyat təcrübəsi onun gələcək peşəkar fəaliyyətində də mühüm yer tutacaq. Gənc həkim namizədi üçün qarşıda yeni mərhələ başlasa da, Naxçıvanda keçirdiyi tələbəlik illəri yaddaşında unudulmaz bir məktəb kimi qalacaq. Elə söhbətimizin əvvəlində və sonunda dediyi “Qərarımdan peşman olmadım” cümləsi də bunu göstərir.

"Naxçıvana gəlmək qərarımdan heç vaxt peşman olmadım" - Türkiyəli tələbə 
"Naxçıvana gəlmək qərarımdan heç vaxt peşman olmadım" - Türkiyəli tələbə 
"Naxçıvana gəlmək qərarımdan heç vaxt peşman olmadım" - Türkiyəli tələbə 
"Naxçıvana gəlmək qərarımdan heç vaxt peşman olmadım" - Türkiyəli tələbə