Naxçıvanda sertifikatlaşdırmada ən yüksək nəticəni ucqar kənd məktəbinin müəllimi göstərdi
Naxçıvanda ölkə üzrə mərkəzləşmiş qaydada təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test mərhələsinin birinci günü yekunlaşıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, imtahanda ən yüksək nəticəni Ordubad rayonu Parağaçay kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Vüsalə Qulusoy göstərib. Belə ki, müəllim fənni üzrə 52 bal toplayıb. O, müəllimlik fəaliyyətinə də MİQ imtahanından 58 bal keçərək başlayıb. Deyir ki, yaxşı nəticə əldə etdiyi üşün çox sevincli və həyəcanldır:
"Bu il artıq fəaliyyətimin üçüncü ilini tamamladığım üçün sertifikasiya imtahanında iştirak etdim və uğurlu nəticə əldə etdim. İmtahana gələrkən müəyyən qədər həyəcanım var idi. Amma düşünürəm ki, bu prosesi hər kəs müsbət qarşılamalıdır. Çünki nəzarətçilərin xoş yanaşması mənim də həyəcanımı azaltdı və imtahanda uğur qazanmağıma kömək etdi".
Müəllim deyir ki, imtahana çərçivə sənədindən əlavə suallar düşmür:
"Suallar müxtəlif səviyyələrdə idi və proqram çərçivəsində hazırlanmışdı. Məncə, fənnini bilən hər bir müəllim yaxşı yaza bilərdim. Hər şey yaxşı və şəffaf təşkil olunmuşdu".
İmtahana hazırlaşan müəllimlərə isə tövsiyə edir ki, çox həyəcanlanmasınlar: "Çünki həyəcan insanı gərginləşdirə bilər. Verilən mövzular üzrə hazırlaşmaq və test tapşırıqları işləmək yüksək nəticə əldə etmək üçün kifayət edir".
Qeyd edək ki, sertifikatlaşma prosesində Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrindən 310 müəllimin iştirakı nəzərəd tutulur.
Sertifikatlaşmanın ilk günündə Muxtar Respublika üzrə 100 faiz iştirak qeydə alınıb.




