Naxçıvanın əmək bazarında 21 mindən artıq vakansiya var - Baş nazir
"Naxçıvan Muxtar Respublikasında 2026-cı ilin ilk 5 ayı ərzində əmək bazarında ümumilikdə 2354 vakansiya qeydə alınıb. Bu vakansiyalardan 2066-sı dövlət sektoruna, 288-i isə özəl sektora aiddir".
“Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Naxçıvanda keçirilən “Karyera sərgisi 2026” - nın açılış tədbirində çıxış edən Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev deyib.
O bildirib ki, bununla yanaşı, 2026-cı ildə 8 peşə ixtisası üzrə 417 müdavim peşə hazırlığı kurslarına cəlb olunub: "Dövlət qurumları üzrə 1485 inzibati və 618 yardımçı vəzifə üzrə vakansiyalar formalaşıb. Ümumilikdə əmək bazarında 2100-dən artıq vakansiya və vəzifə mövcuddur".
Baş nazir kadr potensialının gücləndirilməsi istiqamətində Naxçıvan Dövlət Universitetinin fəal iştirakını da xüsusi qeyd edib: "Universitet müasir tədris imkanları, elmi potensialı və keyfiyyətli kadr hazırlığı ilə regionun aparıcı ali təhsil müəssisələrindən birinə çevrilib. Universitet tərəfindən hazırlanan ixtisaslı kadrlar ölkəmizin müxtəlif sahələrində - dövlət idarəçiliyi, iqtisadiyyatın real sektoru, təhsil, səhiyyə, aqrar, sənaye, xidmət və digər istiqamətlərdə uğurla fəaliyyət göstərərək bilik və bacarıqları ilə fərqlənirlər".
O vurğulayıb ki, Muxtar Respublikada işsiz və iş axtaran şəxslərin məşğulluğunun təmin olunması məqsədilə əmək yarmarkaları təşkil edilir, peşə hazırlığı kursları keçirilir, özünüməşğulluq proqramları icra olunur və vətəndaşlara peşəyönümlü xidmətlər göstərilir: "Xüsusilə qeyd etmək lazımdır ki, keçirilən əmək yarmarkaları və karyera sərgiləri iş axtaranlarla işəgötürənlər arasında birbaşa əlaqələrin qurulmasına şərait yaradır. Son illərdə təşkil olunan belə tədbirlərdə çoxsaylı müəssisə və təşkilatlar iştirak etmiş, yüzlərlə vakansiya vətəndaşlara təqdim olunub".




